Ən son xəbərlər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri uğurla davam etdirilir. Prezident İlham Əliyev hər dəfə imkan taparaq bu və digər rayona səfər edir, görülən işlərlə tanış olur, yeni obyektlərin təməlini qoyur. Dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də görülən işlərdən geniş söhbət açdı. Bu barədə fikirlərini bildirən Milli Məclisin deputatı Əziz Ələkbərli dedi:
– Azərbaycan Prezidenti azad edilmiş torpaqlarda görülən işləri daim diqqətində saxlayır. Bu sahəyə hər il böyük vəsait səfərbər edilir. Televiziya kanallarına müsahibəsində də bildirdi ki, vaxt itirmədən həmin torpaqlarda əkin işlərinə başlanılıb. Bu barədə özəl şirkətlərə, fermerlərə təlimat verilib. Odur ki, Prezident azad edilmiş ərazilərin bir hissəsində taxılçılıq üçün münbit şərait olduğunu qeyd etdi. Onun sözlərinə görə, əgər həmin yerlərdə əkin aparılsa, təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Bu, isə ölkəmizin hazırkı 1,3 milyon tonluq kəsirinin örtülməsinə kömək edə bilər.
Azərbaycan lideri çox haqlı olaraq bildirdi ki, biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına da kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Amma ilk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirlikləri fəal işləyirlər. Amma əfsuslar olsun ki, bu günə qədər biz insanlarımızı itiririk. Prezident İlham Əliyev bəyan etdi ki, müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə minatəmizləmə işləri görülmədən genişmiqyaslı qayıdış proqramına başlanıla bilməz.
Digər tərəfdən, baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində. Eyni zamanda, elektrik təsərrüfatları, hərbçilərin xidməti üçün şərait yaradılmalıdır. Dövlət başçısının sözlərinə görə, təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlıda – Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkilib. Bu gün ordumuzun yerləşdiyi bütün sərhədboyu məntəqələrdə xidmət aparmaq üçün müasir infrastruktur qurulub: “Biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq – sərhədboyu Arazdan Murov dağına qədər... Bütün azad edilmiş torpaqlarda 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik”.
Prezident şəhərlərarası yolların çəkildiyini, Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunelin tikildiyini bildirdi. Hazırda Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bərdə–Ağdam avtomobil yolu inşa edilir. Naftalan artıq Talış və Suqovuşanla birləşdirilib. Füzuli–Şuşa yolu, Zəfər yolu bir ilə çəkilib. Hazırda Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Horadiz–Ağbənd, Zəngilan–Qubadlı–Laçın yolu, Laçın istiqamətində əlavə magistral yollar çəkilir. Artıq Bərdə–Ağdam dəmir yolunun inşasına başlanılıb. Horadiz–Ağbənd–Zəngəzur dəhlizinin bir hissəsi olan dəmir yolunun inşası aparılır.
Bütün bunlar göstərir ki, Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün bütün tədbirlər görülür və bu proses şəxsən Prezidentin nəzarəti və birbaşa qayğısı əsasında həyata keçirilir.
Söhbəti yazdı: Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə