Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ və Şərqi Zəngəzurda sərhədlərimizin toxunulmazlığına xüsusi önəm verilir

Prezident İlham Əliyevin ötən bir il ərzində azad edilən rayonlara – Şuşa, Füzuli, Zəngilan, Xocavənd, Cəbrayıl, Ağdam, Qubadlı, Laçın, Kəlbəcər, Talış və Suqovuşana, ümumilikdə, 40-a yaxın səfəri zamanı bir sıra strateji infrastruktur obyektləri işə salınıb, yenilərinin təməli qoyulub. Bununla da düşmənin darmadağın etdiyi şəhər və kəndlərimizə həyat yenidən qayıdıb. Azadlığına qovuşan torpaqlarımızda aparılan böyük quruculuq və bərpa işlərinin sürəti getdikcə artıb. 
 

Horadizdən Şuşayadək 101 kilo­metr uzunluğunda Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansi­yaları istifadəyə verilib. Şuşada Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açı­lışı olub, yeni məscidin, yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli atılıb.
Bundan başqa, Əhmədbəyli–Füzu­li–Şuşa, Füzuli–Hadrut, Füzuli–Ağdam, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Bərdə–Ağdam, Zəngilan–Horadiz, Xanlıq–Qubadlı, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yollarının, Horadiz–Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb. 
Dövlətimizin başçısının iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlan­masına başlanılıb. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı­nın, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib.
Qarabağın, Şərqi Zəngəzurun yeni – bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib.
Düşməndən təmizlənən ərazilərdə bütün bu işlərlə yanaşı, Silahlı Qüvvələrimizin modernləşməsi, yeni müasir silahlarla, döyüş tex­nikası ilə təminatı, sərhədlərin möhkəmləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılır. Çünki Vətən müharibəsində parlaq qələbəmizdən sonra da işğalçı yenə təxribatlarını davam etdirir, iqtidarlı, müxalifətli yeni müharibə çağırışları səsləndirir, revan­şist niyyətlərindən əl çəkmək istəmir. 
Prezident İlham Əliyev yerli te­leviziya kanallarına verdiyi geniş müsahibədə də bu məsələyə ətraflı toxunub, regionda yaranmış yeni real­lıqlar, siyasi-diplomatik gedişlər, dövlət sərhədlərimizin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması istiqamətində aparılan siyasət barədə geniş bəhs edib. 
Ərazi bütövlüyümüzün bərpasından və sərhədlərimizin işğaldan azad olun­masından sonra Qarabağda və Şərqi Zəngəzurda sərhəd mühafizə infrast­rukturun yaradılması, yolların salınma­sı, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması bunun bariz ifadəsidir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başlaması da bu məsələyə xüsusi diqqət yetirilməsindən xəbər verir. 
Prezident İlham Əliyev yerli televi­ziya kanallarına verdiyi müsahibədə də bu barədə deyib: “Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Oktyabr ayından qar yağ­mağa başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə – Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı – Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayı­la bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır...”.
Dövlətimizin başçısı daha sonra artıq həmin ərazilərdə həm təchizat, həm ərzaq, həm də yolların, elektrik xətlərinin çəkildiyini, bu gün orada normal xidmət aparıldığını bildirib. Ölkə rəhbəri müsahibəsində, eyni zamanda, minalanan, heç bir infrastrukturu olma­yan sərhədboyu Arazdan Murov dağına qədər ərazilərdə elektrik təsərrüfatının yaradılması prosesinin uğurla aparıldı­ğını və bütün azad edilən torpaqlarda bir ildə 7 yarımstansiyanın inşa olun­duğunu və bütün bu yarımstansiyaların ümumi dairəvi şəbəkəyə qoşulduğunu böyük fədakarlıq kimi dəyərləndirib. 
Yeri gəlmişkən, Vətən müharibəsində döyüş tapşırıqları­nı uğurla icra edərək qəhrəmanlıq salnamələri yazan hərbçilərimiz tərəfindən düşmən tapdağından azad olunan müqəddəs sərhədlərimizin toxu­nulmazlığının reallaşdırılması vəzifəsi bu gün də şərəflə yerinə yetirilir. 
Bütün bunlarla bərabər, Böyük qayıdışa da ciddi hazırlıq işləri gö­rülür. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi sürətlə həyata keçirilir. Təməli ötən il aprelin 26-da dövlətimizin baş­çısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından yararlanmaqla tam izolyasiya olunan 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilir. 
“Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq. Burada aqrar sektorun təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək.
Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahı­sı hazırlanıb. Əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı idarəetmə sistemi”nin data və təhlil mərkəzindən həyata keçiriləcəyi, müasir suvarma sistemlərindən istifadə oluna­cağı nəzərdə tutulub. 
Füzuli rayonunun Dövlətyarlı kəndində də “Ağıllı kənd” layihəsi icra olunur. Layihənin təməli ötən il oktyab­rın 17-də qoyulub. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin reallaşdırılacağı “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaq­la, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək. Kəndin ətrafında isə “Ağıl­lı kənd təsərrüfatı” sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.
Dövlətyarlı kəndində xarici inves­tisiya əsasında alternativ enerji həlləri məqsədilə “Günəş paneli tarlası” salına­caq. Kənddə, həmçinin biznes layihələri də icra olunacaq. Kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılma­sı planlaşdırılır. Burada Köndələnçay su anbarı əsasında “Ağıllı akvakul­tura” sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması, eyni zamanda, quşçuluq təsərrüfatının da yaradılması nəzərdə tutulur. 
“Ağıllı turizm” həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturu formalaşdırılacaq, otel infrastrukturu qurulacaq.
Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək layihənin - “Dost Aqropark”ın isə Zəngilanda icrasına başlanılıb. Üç mərhələdə gerçəkləşdiriləcək bu mühüm layihənin təməli ötən il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. 
Türk və azərbaycanlı sərmayədarlar tərəfindən icra olunan “Dost Aqropark”ın birinci mərhələsində inzibati bina­lar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəni əhatə edəcək ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində “Ağıl­lı kənd” təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq.
“Xalq qəzeti”

23 Yanvar 2022 09:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə