Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan beynəlxalq hüququ bərpa edərək yeni reallıqlar yaradıb


 Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq... Azərbaycan, həqiqətən də, düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 

 Birinci Dünya müharibəsi və sonrakı proseslər mövzu­sunda çoxsaylı əsərlərin müəllifi olan fransız ədib Anri Barbüs yazırdı ki, müharibədən sonrakı bütün qələbələr xoş ovqat və ya yeni reallıqlar ya­rada bilməz. Məsələn, bir ölkə başqa ölkənin ərazisinin hansısa hissəsini zəbt etmək üçün apar­dığı müharibədə qalib gəlibsə, onun yaratdığı yeni reallıq yeni düşmənçilik və intiqam hissindən ibarət ola bilər. Öz ərazi bütövlü­yünü həmin işğaldan azad etmək üçün savaşanların qələbəsi isə inkişafa zəmin ola biləcək reallıq yaradar. 
Kifayət qədər dəyərli arqumentdir. Çünki ermənilər ötən əsrin son onilliyində Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə regionda heç bir yeni reallıq yaranmamış, gündəliyə ancaq iki əsrdən çox deyilən köhnə bayatılar gətirilmişdi: “böyük Ermənistan”, “soyqırımı”, “yeddi dəniz”, uydurma üç-dörd “Tiqran” və sair. Azərbaycan erməni faşizmini məhv edərək, öz əzəli torpaqlarını əsarətdən azad edəndə isə az qala dünyanın bütün şəhərlərindən rəsmi Bakıya təbriklər gəldi. Beynəlxalq təşkilatların böyük əksəriyyəti bu qələbəni təqdir etdi. Zəngəzur dəhlizi layihəsini yüksək qiymətləndirən iqtisadiyyat nəhəngləri Şanxaydan Londona qədər uzanan nəqliyyat-kommunikasiya xəttinin yaradacağı perspektivi ən uca səslə alqışladılar. 

Bu qələbə bizim otuz il ikili standartları lənətləyərək söylədiyimiz “Haqq yoxdur, ədalət yoxdur!” ittihamının da cavabını verdi: “Dünyada haqq da var, ədalət də, amma ona, sən özün nail olmalısan”. Bəli, Azərbaycanın şanlı qələbəsi haqqı, ədaləti bərpa etməyin yolunu göstərdi, beynəlxalq hüququn bərqərar olunmasının yeni variantını ortaya qoydu.
Azərbaycan 2020-ci ilin payızında bütün dünyanı mat qoyan bir nəticə sərgilədi. Biz ermənilərin iki yüz ildə qurduqları fitnə-fəsad torunu cəmi 44 gündə darmadağın edib tarixin zibilliyinə atdıq, xain düşmənin rəzilcəsinə formalaşdırdığı mif və əsatirləri bu qələbə ilə heçə endirdik.
Bu qələbə sübut etdi ki, müasir müharibədə informasiyanın da silah qədər gücü var. Etiraf edək ki, ermənilər nəinki silahsız deyildilər, hətta bəzi sahələrdə bizdən üstün hərbi texnikaya malik idilər. Onlara milyardlarla dollar dəyəri olan silah-sursat, yeni hərbi texnika bağışlanılmışdı. Ancaq onlara xalqı arxasınca aparacaq lider, bütün hərbi əməliyyatların necə başlanıb necə qurtaracağını dəqiq bilən Ali Baş Komandan, dünyanın bütün qərəzli informasiya vasitələrinə qarşı təkbaşına mübarizə aparmağı bacaran rəhbər, hamıyla, hərənin öz başa düşə biləcəyi dildə danışan diplomat... bağışlayan olmamışdı. Bizə isə həmin lideri, komandanı, prezidenti, diplomatı Tanrı bağışlamışdı.
Məhz Tanrının bağışladığı həmin tarixi şəxsiyyətin rəhbərliyi altında apardığımız 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb. Ekspertlərin fikrincə, bu reallıqların hər biri çox ciddi və dərin təhlil tələb edir və həmin reallıqlar sırasında otuz ilə yaxın davam etmiş və artıq tarixə qovuşan münaqişənin məntiqi nəticəsi kimi uzun müddət beynəlxalq leksikonda istifadə edilən bəzi məfhumların tamamilə aradan qaldırılması diqqət çəkir. Əlbəttə ki, bu yanaşma ilk növbədə keçmiş münaqişənin kontekstində istifadə edilən Dağlıq Qarabağ termininə və “status” məsələsinə aiddir. Dövlət başçımızın dediyi kimi, status məsələsi 2020-ci il noyabrın 10-da “gorbagor olmuşdur”.
Dövlət başçımız bu həqiqətin bütün dünyanın qulağına dəqiq çatmasını təmin etmək məqsədilə BMT tribunasından demişdir ki, artıq Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi vahidi mövcud deyil. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanında, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) öz əksini tapıb.
Status məsələsi “gora gedəndən” sonra ermənilərin bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi cəhdi də statusun dalınca getdi. İlham Əliyev bütün dünyaya sübut etdi ki, ermənilər artıq həmin hüquqdan bir dəfə istifadə edərək tarixi Azərbaycan torpaqlarında indiki Ermənistan dövlətini yaradıblar. Biz onların öz torpaqlarımızda ikinci bir erməni dövlətini yaratmasına imkan verə bilməzdik və vermədik.
Xatırladaq ki, şanlı Qələbəmizin yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə tanınmasını sübut edən çoxsaylı faktlar və arqumentlər mövcuddur. Fikrimcə, onlardan birini yada salmaq kifayətdir. Məsələn, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ötən yay Azərbaycana səfəri zamanı, ümumiyyətlə, nə “Dağlıq Qarabağ”, nə də “status” terminlərindən istifadə etmədi. Elə dövlət başçımızın dekabrdakı Brüssel səfəri zamanı da Avropa siyasətçilərinin heç biri “Dağlıq Qarabağ” və “status” ifadələrini dilə gətirmədilər.
Təbii ki, bu da səbəbsiz deyil. Artıq Avropada da yaxşı başa düşürlər ki, təxminən 25 min əhalisi olan bir əraziyə müəmmalı “statusun” verilməsi məsələsinin gündəmə gətirilməsi çox absurd məsələdir. Azərbaycan Prezidenti isə xatırladır ki, əgər hansısa bir dövlət bunu dəstəkləmək istəyirsə, öz ərazisində ermənilərə arzuladığı statusu verə bilər. Ancaq tam məsuliyyətlə qeyd edilməlidir ki, istər müasir beynəlxalq hüquqda, istərsə də müqayisəli məhkəmə təcrübəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn cəhdlərə çox sərt mövqe sərgilənir və etnik separatçılıq meyillərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılır.
Qələbənin yaratdığı yeni reallıqlardan biri də odur ki, biz yenidənqurma işlərinə, bütün qonşu ölkələr üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq.
Bu sətirləri dövlət başçımızın ötən il iyunun 15-də Şuşada Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatla çıxış edərkən söylədiyi fikirlərlə tamamlamaq istərdim: “İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi”.
Bax, budur İkinci Qarabağ müharibəsindəki Qələbənin yaratdığı yeni reallıqlar!
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

23 Yanvar 2022 09:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə