Ən son xəbərlər
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının reallaşması nəticəsində 2021-ci ildə Azərbaycanda iqtisadi inkişaf daha da sürətlənib. Qazanılan nailiyyətlər Azərbaycan iqtisadiyyatının müasirləşməsini təmin etməklə onun beynəlxalq siyasi-iqtisadi nüfuzunu daha da artırıb, iqtisadi qüdrətini davamlı şəkildə yüksəldən ölkəmiz dünya miqyasında kreditor mövqelərini gücləndirib. Azərbaycan, eyni zamanda, ötən bir ildə maliyyə imkanlarını genişləndirib, bununla da sosial-mədəni layihələrin həyata keçirilməsinə, humanitar yardımların göstərilməsinə nail olub.
Prezident İlham Əliyev hesabat dövründə yeni sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə yeni islahatları da sürətləndirib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı islahatlar respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.
Ötən il reallaşdırılan struktur-institusional islahatlar keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və əsas vəzifəni – Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasını gerçəkləşdirib.
Şübhəsiz ki, islahatlar bundan sonra da davam etdiriləcək və ölkəmizin iqtisadi qüdrətini daha da gücləndirəcək və onun beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.
Hesabat dövründə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətində də mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi yönündə kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəlməsini şərtləndirib. Bu isə respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına müsbət təsir göstərib.
Burada bir məqamı da xatırlatmaq istərdik. Dövlət başçısının ötən il aprelin 14-də imzaladığı “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb. Bu, fermerlərə əlavə bir dəstək olaraq, əkin dövründə fermerlərin mikrokreditlərə tələbatının ödənilməsini reallaşdırıb.
Adı çəkilən sərəncamın mühüm əhəmiyyəti həm də onunla bağlıdır ki, indiyədək fermerlər kredit üçün banklara müraciət edəndə bu maliyyə qurumları tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunurdu. Prezidentin imzaladığı sərəncam isə fermerlərin kredit almaq imkanlarını asanlaşdırıb. Yəni bu sərəncamla fermerlərə girov tələb etmədən mikrokreditlər verilməsinə başlanılıb.
Bütün bu və ya digər tədbirlərin reallaşdırılmasının nəticəsidir ki, keçən il dekabr ayının 1-dək dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 98,7 faizi, yaxud 955,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 931,2 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan 30,7 sentner məhsul toplanıb.
Bundan əlavə, 33,6 min hektar qarğıdalı sahəsindən 290,7 min ton məhsul yığılıb, hər hektardan orta hesabla 86,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 221,9 min ton olub.
Prezident İlham Əliyev ötən il kənd təsərrüfatında əldə edilən uğurlarla bağlı bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə deyib: “Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü, təqribən, 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır…”.
Hazırda ölkənin kənd təsərrüfatı aqroparkların yaradılması ilə yeni mərhələyə daxil olub. Bu müəssisələr qısa müddət ərzində aqrar sektorun, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mühüm təsir göstərib. Respublikada aqroparkların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib, vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verilməsi, lizinq əsasında ayrılan texnika və avadanlıqlara görə güzəştlərin tətbiq olunması sahənin tərəqqisini stimullaşdırıb.
Aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Bu baxımdan, həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.
Hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması işləri davam etdirilir. Artıq 43 aqropark fəaliyyət göstərir, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir.
Xatırladaq ki, respublikada 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, nazirlik tərəfindən isə 27 aqroparka 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi alan 25 aqropark 32,8 milyon manat dəyərində güzəşt əldə edib.
Bütün bunlarla bərabər, indiyədək aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayıb. Bu günə kimi, aqroparklarda ümumi olaraq 5 minədək insan daimi, 4 min 500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4 min 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.
İlin yekunundan bəhs edərkən, hesabat dövründə neft sənayesinin uğurlarına da diqqət yetirmək istərdik. Bunun üçün əvvəlcə onu deyək ki, 2021-ci ildə vaksinasiya proseslərinin sürətlənməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadi fəallığı yüksəldib, müxtəlif sahələrdə canlanma yaradıb. Neft sektorunda enerji resurslarına tələbatla paralel olaraq neft-qazın qiymətləri də əhəmiyyətli dərəcədə artıb. Qlobal miqyaslı müsbət trendlərdən yararlanan SOCAR xərclərin optimallaşdırılması və istehsalatda səmərəliliyin yüksəldilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail olub. Bu, SOCAR-ın əsas istehsalat göstəricilərində də əksini tapıb. Belə ki, hesabat dövründə SOCAR 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3 faiz çox – 62 min metrə yaxın qazma işləri həyata keçirib. Şirkət müstəqil şəkildə və ya əsas payçı qismində yataqlardan 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil edib. Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz, qaz hasilatı isə 7 faiz çox olub.
Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam edib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. Belə ki, 2020-ci illə müqayisədə qaz hasilatı 18,1 faiz artaraq, 43,9 milyard kubmetrə çatıb. İl ərzində Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən “OPEC+” razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlı olub.
SOCAR tərəfindən 2021-ci il ərzində xarici bazarlara ixrac edilən neft həcmləri, təqribən, 1 faiz artaraq 18,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payları da aiddir. Təbii qazın ixracatı isə 40 faiz artaraq 18,8 milyard kubmetrə çatıb.
Ötən il ölkəmizdə, ümumilikdə, 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki illə müqayisədə 8,4 faiz çoxdur. 2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 faizdən 96,3 faizə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir. Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək, metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.
Neft sənayesində əldə edilən müsbət göstəricilər ölkənin gəlirlərinin artmasını da şərtləndirib. Bu, konkret rəqəmlərlə vurğulansa, deyə bilərik ki, Dövlət Neft Fondunun ötən il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil edib.
Ötən il fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 3 milyard 287,4 milyon manata bərabər olub. Bu da ümumi gəlirlərin 20,56 faizini təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar xərci 2 milyard 119,3 milyon manata çatıb.
Yeri gəlmişkən, hesabat dövründə Dövlət Neft Fondunun “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 884 milyon 793 min ABŞ dolları olub. Ümumiyyətlə, 2007-ci ildən cari il yanvarın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 551 milyon dollar olub.
Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2021-ci ildə 5 milyard 968,4 milyon ABŞ dolları gəlir əldə edib. Neft Fondunun 2001-ci ildən indiyədək adıçəkilən blok üzrə gəliri 155 milyard 373 milyon dollar olub.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə