Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın mübarizə əzmi yenilməzdir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar xalqımızın hüzn, həm də şərəf günüdür” adlı onlayn tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejimi başçılarının fitvası ilə Azərbaycan xalqına qarşı həyata keçirilən amansız cinayətdən detallı bəhs edib.

20 Yanvar faciəsini “çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” adlandıran rektor vətənimizdə törədilmiş hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasın­da ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini ehtiramla yada salıb. İ.Mədətov 20 Yanvar faciəsini sıradan deyil, sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün düşünülərək planlaşdırılan xüsusi ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı soyqırım və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğunu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan düşmən gülləsinə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daim uca tutulacağını vurğulayıb.

Tədbirdə universitetin ictimai fənlər kafedrasının profes­soru Məhərrəm Zülfüqarlı bildirib ki, 1990-cı il yanvarın 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu yenidən sübuta yetirdi. 1990-cı il 20 Yanvar və ondan sonra­kı günlərdə şahidi olduğu dəhşətli hadisələrdən bəhs edən M.Zülfüqarlı çıxışının sonunda Vətənin azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib. Digər natiqlər də bu qanlı və şanlı günün heç zaman unudulmayacağını qeyd ediblər.

İ. Mədətov yekun nitqində bildirib ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev gözlənilən hər cür təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə etiraz bəyanatı səsləndirib. Ulu öndər həmin bəyanatla xalqı­mızın düşmənə qarşı millət olaraq birləşdiyini dünyaya bəyan edib. Bu bir faktdır ki, qanlı Yanvar faciəsinə hüquqi – siyasi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər xiyabanında möhtəşəm abidə kompleksi ucaldılıb.

Həmçinin, ATMU-da 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib.

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”

22 Yanvar 2022 09:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə