Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız şəhidlərimizi də, şəhidliyi də unutmayacaq

20 Yanvar!.. Təqvimin bu günü 32 ildir bizim üçün özünəməxsus anlamla kədər və qürur günü olaraq səciyyələnir. Kədərlidir – günahsız insanlar həlak olub, şəhərimizə, ölkəmizə, mülki vətəndaşlarımıza qarşı vandallıq törədilib. Özü də, bu vandallığı o ordu törədib ki, biz ölkə, xalq olaraq, o ordunun təminatı, güclənməsi, xüsusilə, II Dünya müharibəsində qalib gəlməsi üçün qeyri – adi fədakarlıq etmişdik... Təsəvvür edin: o vaxt (XX əsrin 40-cı illərində) respublikamızda, təqribən, 3 milyon 200 min insan yaşayırdı, onlardan 640 min nəfəri cəbhələrdə döyüşlərə cəlb olunmuşdu. Bu, əhalinin 20 faizi demək idi!.. Necə deyərlər, yerdə qalanlar qocalar, uşaqlar, hərbi xidmətə yaşı çatmayanlar, xəstələr, qadınlar idi (hərçənd, önəmli sayda qadınlarımız da cəbhəyə səfərbər olunmuşdular)... Və cəbhəyə gedənlərin, təqribən, yarısı həlak olmuşdu!..

Sovet ordusunun qalibiy-yətində çox önəmli rol oynayan Azərbaycanın “qara qızıl”ı (o “qara qızıl”ı yerin təkindən, dənizin dibindən çıxaran arxa cəbhə qəhrəmanlarımızın fədakar əməyi) isə ayrı yazının mövzusudur. Bütün digər faktorları da göz önündə tutsaq, Sovet ordusunun Bakıda qırğın törətməsi tam əsassız, böyük günah, tarixi cinayət kimi xarakterizə oluna bilər. Bakıya qo­şun yeridən, vandallıq edən keçmiş SSRİ hərbi – siyasi rəhbərliyini nə biz bağışlamışıq, nə tarix, və nə də Tanrı bağışlayar!..

32 il keçib, amma xalqın yad­daşı diridir!

20 Yanvar qürur günümüzdür, ona görə ki, xalqımız sınmadı, əyilmədi! Hər xalq, hər ölkə və paytaxt 20 Yanvar faciəsindən bizim kimi çıxa bilməzdi! 32 il öncə şəhidlərin çox böyük izdihamla və 1918-ci il şəhidlərinin uyudu­ğu ərazidə torpağa tapşırılması, paytaxtımızda yeni ziyarət ünva­nının yaradılması xalq ruhunun gücünü, milli cəsarətimizi, ölməz xəlqi iradəmizi ifadə edir. Xiyabanı hər gün ziyarət edən insanlar 20 Yanvar şəhidlərinin əziz ruhuna dərin sayğı ilə bütün dövrlərdəki şəhidlərimizi yad edir.

Ziyarətlərdə iştirak edən uşaq­lar, yeniyetmələr zaman-zaman öz ruhlarına hopdurduqları və idrakları ilə ölkəmizin istiqlaliyyəti, dövlət müstəqilliyi, ərazi bütövlü­yü, bir sözlə, qüdrətli Azərbaycan üçün mübarizələrə and içdilər və anda sadiq oldular! 20 Yanvar Azərbaycanın – eləcə də, keçmiş “müttəfiq respublikalar”ın azadlıq, SSRİ-nin isə əcəl zəngini çalmış oldu! Şəhidlər xiyabanı I Qara­bağ müharibəsi şəhidlərinin bir hissəsini də qoynuna aldı, şəhərin bu hissəsinin müqəddəsliyi daha da artdı, müstəqillik, ərazi bütöv­lüyü, tarixi haqlarımızın bərpası idealımız sarsılmaz xarakter aldı!

Mübarizlər, Muradlar, Poladlar, Cəbrayıllar... belə böyüdü! Ülvi Bünyadzadəyə “And” yazdıran milli şüur, bir gəncin yaddaşında suxur­laşmış xəlqi zehniyyət, illər sonra Mübariz İbrahimova da o tarixi “Vida məktubu”nu yazdırdı!.. Dövlət Himnimizdə çiçək açan sözlərlə desək, hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu!

Hər il dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn qonaq­lar, dövlət başçıları, diplomatlar, ziyalılar, mədəniyyət, incəsənət xadimləri, gənclər, ... Şəhidlər xiya­banını ziyarət edir.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyev əziz Şusanın azad olunması müjdəsini xalqa məhz Şəhidlər xiyabanından çatdırdı!

Bir hadisə ki, ölkəni, xalqı birləşdirir, güclü edir, o artıq yalnız kədərlə deyil, qürurla anılmalıdır!

Yaradıcı ziyalılarımızın təşəbbüsü ilə Şəhidlər xiyabanın­dakı ilk qəbrin sakinləri – əbədi sevdalılar İlham və Fərizənin toy günü ictimai fikirdə Sevgililər Günü olaraq qəbul edilib, hər il müxtəlif tədbirlərlə qeyd olunur: “Biz sevə və sevdiyimiz uğrunda ölə bilirik”!

Ailə həyatı quran vətəncanlı gənclərimiz İlham və Fərizənin qəbrini, Şəhidlər xiyabanını, Bakı Türk şəhidliyini ehtiramla ziyarət edir, sonra Şadlıq evinə yollanırlar.

Şəhidlərimizin adı, “20 Yanvar” adı, Bakı başda olmaqla, res­publikamızın şəhər, rayon və kəndlərində əbədiləşdirilib.

Şəhidlərimiz haqqında yüzlərlə əsər yaradılıb, daha da yaradılır. Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması dillər əzbəridir. Və mən də 20 Yanvarla bağlı düşüncələrimi həmin poemadan misralara tamamlamaq istərdim:

Zalımın zəfəri başdan qələtdir,

Zamanın səsini biz də dinlərik;

Dünya gücümüzə yaxşı bələddir,

Hələ biçilməmiş əkilənlərik!

32 il deyil, 132 il, 332 il... də keçsə, xalqımızın qan yaddaşı şəhidlərimizi də, şəhidliyi də unut­mayacaq!

Şuşada dalğalanan – Zəngəzur, Göyçə, İrəvana... yol göstərən müqəddəs bayrağımıza, haqq etdi­yimiz böyük gələcəyə salam olsun!

Əkbər QOŞALI

22 Yanvar 2022 10:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə