Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa prezidentliyinə namizədin Azərbaycan ərazisinə qanunsuz səfəri yolverilməzdir

Fransada növbəti prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmüş Valeri Pekresin 2021-ci il dekabrın 22-də Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etməsi ölkəmizin ən kütləvi ictimai qurumu olan həmkarlar İttifaqlarında da ciddi narazılıqla qarşılanmışdır. Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanlanmış müraciətdə Fransanın siyasi elitasını təmsil edən, ölkə prezidentliyinə iddialı bir şəxsin bu qeyri-qanuni hərəkəti kəskin ittiham olunur, belə aksiyaların yolverilməzliyi vurğulanır.

 

AHİK İcraiyyə Komitəsi adından AHİK-in sədri, Milli Məclisin depu­tatı Səttar Möhbalıyevin və 26 sahə həmkarlar ittifaqı qurumu sədrinin imzaladığı müraciətin mətnində bildirilir:

– Cənab Prezident! Ölkənizin Respublikaçılar partiyasının prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekres 2021-ci il dekabrın 22-də müşavirləri ilə birlikdə Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini qeyri-qanuni yolla keçərək Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

Xanım Pekres və onun müşavirləri, həmçinin erməni diaspo­runun nümayəndələri kütləvi informa­siya vasitələrində münaqişəyə dini don geyindirməklə, insanların dini hissiyatlarına toxunur və Azərbaycan dövlətinə, xalqına qarşı çirkin fikirlər söyləməkdən çəkinmirlər. Ölkənizin prezidentliyinə namizədi öz ölkəsi ərazisində seçki kampaniyasını aparmaqda sərbəstdir. Lakin onun Azərbaycana gəlməsi respublika­mızın müvafiq qurumlarına etdiyi müraciətə icazə verildiyi təqdirdə baş tuta bilər. Təəssüf ki, xanım Pekres beynəlxalq qanunları tapdalayaraq gizli şəkildə Qarabağa səfər etmiş, orada görüş keçirmişdir.

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İvLö Drian yanva­rın 18-də ölkənizin Milli Assamb­leyasında diplomata yaraşmayan tərzdə açıqlama verərək təxribatçı məqsədlərlə Azərbaycan Respubli­kasının Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə cavab verməli və ona həddini bildirməli idi. Nazir Lo Drian Azərbaycan Respublika­sı Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarı ilə qəbuledilməz olduğunu” bildirib.

Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər nazirinin belə səfərlərin yolverilməz olması faktının üstündən sükutla keçməsindən təəssüfləndiklərini ifadə edən müraciət müəllifləri xatırladırlar:

– Xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibət də ya inzibati, ya da ölkənin cinayət məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Fransa qanunlarını pozaraq Azərbaycan Res­publikası vətəndaşı Fransa ərazisinə daxil olsaydı, yəqin ki, ona qarşı müvafiq tədbirlər görülərdi.

Bütün bunları biz Avropanın apa­rıcı dövlətlərindən biri sayılan Fran­sanın Azərbaycanla münasibətlərinə uyğun hesab etmirik. Bu yaxınlarda Brüsseldə sizin təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü­nüz zamanı verdiyiniz ismarıclar ölkənizin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan–Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.

Prezident İlham Əliyevin Fransa nümayəndələrinin Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlamasının tam qanuni və Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavab olmasının vurğulandığı müraciətin sonunda deyilir:

– Fransa, hər şeydən əvvəl, Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla, tərəflər arasında neyt­rallığı qorumaq öhdəliyinə malikdir. İki dövlət arasında 1993-cü il de­kabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq öhdəliklər qoyur.

Cənab Prezident! Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, belə qanunsuz səfərlərin qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsini rica edirik.

“Xalq qəzeti”

22 Yanvar 2022 09:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə