Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi geniş rezonans doğurub. Dövlət başçımız müsahibəsində müharibənin başlanma səbəbləri, bu gün həmin ərazilərdə davam edən genişmiqyaslı yenidənqurma –bərpa işləri barəsində məlumat verib. Cənab Prezident, həmçinin beynəlxalq təşkilatların ikili mövqeyi, işğalçı ölkəyə vaxtında sanksiyalar tətbiq olunması, müharibədən sonra baş verən proseslər barədə də söhbət açıb. Dövlət başçısı postmüharibə dövründən danışarkən, Azərbaycanın beynəlxalq arenada artan rolunu vurğulayaraq bildirib ki, Azərbaycan regionda gedən prosesləri, sadəcə, müşahidə etmir, regionun gündəliyini diktə edir.

Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən elə güclü dövlətdir ki, heç kim onunla zor dilində danışa bilməz. Hazırda regional gündəlikdə duran məsələlər çox cəhətdən ölkəmizin fəaliyyəti ilə bağlıdır. Azərbaycanın təşəbbüslərinin, demək olar ki, hamısı beynəlxalq aləmdə qəbul olunur. Ölkəmiz yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək gücündədir. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları və beynəlxalq qurumların rəhbərləri Azərbaycan rəhbərinin mövqe­yi ilə hesablaşır və onun fikirlərini yüksək qiymətləndirirlər. Biz COVID-19 –un tüğyan etdiyi vaxtlarda dövlət başçımızın təşəbüssü ilə nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşlərinin keçirilməsi zamanı da bunun şahidi olduq.

Bununla yanaşı, Qoşulmama Hərəkatının (QH) sədri İlham Əliyevin təşəbbüsü ilə QH-ya üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assamb­leyasının xüsusi sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də BMT-yə üzv olan digər dövlətlər tərəfindən dəstəklənmişdir. Ümumilikdə,130-dan çox ölkə dövlət başçımızın bu təşəbbüsünə öz rəsmi dəstəyini ifadə etmiş­dir. Qürurverici haldır ki, tərəfdaşlarımızın təşəbbüslərinin də çoxu ölkəmizin iştirakı və müsbət münasibəti olduğu halda reallaşır.

Postmüharibə dövründə diplomatik müstəvidə də düşünülmüş addımlar atılıb. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr – Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı – bü­tün bu təmaslar müsbət məcrada inkişaf edir. Artıq siyasi leksikonumuza “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, hətta dünyanın aparıcı kütləvi informasiya vasitələri də Zəngəzur dəhlizi haqqında yazırlar.

Dövlət başçımız bidirdib ki, energe­tika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fay­da əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşü­nülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Yəni, bizim təşəbbüs göstərdiyimiz hər şey yerinə yetirilə bilən idi və yerinə yetirildi.

Ölkə başçısı, həmçinin koronavirus pan­demiyasına qədər də Qoşulmama Hərəkatına üzv olan dövlətlərə göstərilən humanitar yar­dımlardan söhbət açdı. Bildirdi ki, ölkəmizin bu sahədə çoxlu humanitar proqramı olub. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə respublikamız bir çox ölkələrə humanitar yardım göstərir. O cümlədən, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə, həm də maddi yardım göstərmişik. Təbii ki, bütün bunlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursla­rı məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Bu məsələni beynəlxalq səviyyədə dövlət başçımızdan çox qaldıran həmkarı olmayıb.

Müsahibədə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri barədə də məlumat verildi. Ötən ilin iyul ayında Avropa İttifaqı prezidentinin Azərbaycana, eləcə də, dövlət başçı­mızın dekabr ayında Brüsselə səfərləri, Bakı – Brüssel əlaqələrinin perspektivləri, həmçinin ölkəmizin əməkdaşlığını daha da möhkəmləndirən digər məsələlər barəsində məlumatlar öz əksini tapıb. Azərbaycan beynəlxalq aləmdə etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq, etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Bütün bunlar ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulduğundan xəbər verir.

Kamil SEYİDOV,

Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri,

siyasi elmlər üzrə fəlsəfə doktoru

22 Yanvar 2022 09:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə