Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun 1000-ci sessiyası Azərbaycanın sədrliyi ilə keçiriləcək

Təxminən, 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu gündən-günə artır. Son zamanlar elə bir il olmur ki, hansısa beynəlxalq təşkilata, hərəkata və ya foruma sədrlik etməyək. Hətta həmin sədrlik bizə rotasiya formasında və ya əlifba sırasına görə keçsə belə, apardığımız siyasət, gündəliyə çıxartdığımız məsələlər ölkəmizin reytinqinə öz müsbət təsirini mütləq göstərir. ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyimizin ilk iclasındakı gündəliyimiz də bu arqumentin təsdiqi kimi qəbul edilir.

Xatırladaq ki, 2021-ci il dekabrın 15-də ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Avstri­yanın sədrliyi ilə keçirilən son iclası­nın yekununda Avstriya tərəfi sədrlik funksiyasını Azərbaycana ötürmüş­dür. Vyana bu funksiyanı 2021-ci ilin sentyabr –dekabr ayları üzrə icra edib. TƏF-də sədrlik il ərzində əlifba sırası ilə ATƏT-in üç iştirakçı dövləti tərəfindən həyata keçirilir. Beləliklə, Azərbaycan tərəfi rəsmi olaraq TƏF-in sədri funksiyasını 2022-ci ilin yanvar-aprel aylarında yerinə yetirəcək. Xarici İşlər Nazirliyinin ötən ilin yekunlarına aid yayılan hesabatın­da qeyd edilirdi ki, ölkəmizin TƏF-də sədrliyi dövründə Avstriya və Belarus TƏF “troykası”nın üzvləri qismində olacaqlar.

Əlavə edək ki, ATƏT-in bu sahədə əsas strukturu olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu ATƏT məkanında hərbi təhlükəsizlik və sta­billiyin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Forum ATƏT-ə üzv dövlətlərin hərbi-siyasi öhdəliklərinin və bu sahədə mövcud olan müva­fiq sənədlərin həyata keçirilməsinə töhfə verir. İştirakçı dövlətlər ara­sında hərbi-siyasi sahədə müxtəlif təhlükəsizlik və etimad quruculuğu tədbirləri vasitəsilə onlar arasında etimadın möhkəmləndirilməsinə, təhlükəsizlik və stabilliyə töhfə verilməsinə xidmət edir.

Yeri gəlmişkən, ABŞ-ın ATƏT-dəki Nümayəndəliyinin rəhbəri, səfir Mişel Karpenter ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçən ilk iclasında çıxışı zamanı qeyd edib ki, “Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu ATƏT regionunda hərtərəfli təhlükəsizliyə töhfələr verib”. O bildi­rib ki, bu ilin fevralında forum 1000-ci sessiyasını keçirməyə hazırlaşdığı bir zamanda “soyuq müharibə”dən son­rakı dövrdə Avropa təhlükəsizliyinin ən kəskin böhranlarından biri yaşanır.

Məlum olduğu kimi, yanvarın 19-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında bu foru­ma ölkəmizin sədrliyinin prioritet məsələlərindən və müəyyən edilmiş təhlükəsizlik dialoqlarından danışıb. O, ölkəmizin bu foruma 17 il əvvəl də rəhbərlik etdiyini xatırladıb və əlavə edib ki, biz bu gün də siya­si fəaliyyətimizi əməkdaşlığımızın təməl prinsiplərinə sədaqətlə davam etdiririk. Buraya Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in əsas sənədlərində təsbit olunmuş fun­damental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi daxildir.

Fikrimizcə, bu məqam İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqların, xüsusən, ölkəmizin postmüharibə dövründəki təşəbbüslərinin Avropa miqyasında qəbul etdirilməsinə zəmin yaradacaq. Sədrliyimizlə keçirilən ilk iclasda bu məsələyə toxunan nazir xatırladıb ki, dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulma­sı nəticəsində Azərbaycanın suve­renliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri təhlükə altına düşmüşdü. Lakin 2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı bu vəziyyətə son qoydu.

Əlavə edək ki, Azərbaycanın sədrlik gündəliyinə TƏF üçün yüksək əhəmiyyət kəsb edən və aktual məsələlər üzrə təhlükəsizlik dialoq­larının həyata keçirilməsi daxil edilib. Belə ki, ilk təhlükəsizlik dialoqu gələn həftə beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslərin müdafiəsi mövzusu üzrə keçiriləcək. Bu təhlükəsizlik dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hü­quq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozun­tularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etmək hədəflənir.

Təbii ki, beynəlxalq hüququn prinsiplərinə əməl edilməsi bütün ölkələr üçün vacibdir. Ancaq bu məsələnin müzakirəsi Azərbaycan tərəfi içün daha zəruridir. Çünki BMT tərəfindən tanınmış ərazilərimizin 20 faizi Ermənistan tərəfindən vəhşicəsinə viranəliyə çevrilmişdir. Əgər beynəlxalq hüququn norma və prinsipləri bərqərar olunar­sa, Ermənistan rəhbərliyi həmin əməllərinə görə cavab verməli olacaq.

Foruma Azərbaycanın sədrliyi dövründə minalarla mübarizə məsələsinin də müzakirəyə çıxarılma­sı nəzərdə tutulur ki, bu da üzdəniraq qonşularımızın əsgərimizə və mülki şəxslərimizə “miras qoyduğu” yüz minlərlə mina və partlamamış sur­satlar məsələsindən bütün dünyanın xəbər tutmasına səbəb olacaq.

Ceyhun Bayramov vurğulayıb ki, foruma bizim sədrliyimiz dövründə növbəti təhlükəsizlik dialoqu terro­rizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacaq. Yəni terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenome­ni və terrorizm, o cümlədən çirkli pullarla muzdluların və terrorçuların maliyyələşdirilməsi, habelə separa­tizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmə qarşı mübarizə və onun qarşısının alınması üçün səylərin və güclərin birləşdirilməsinə çalışacağıq.

Nəhayət, yekun təhlükəsizlik dia­loqumuz zamanı münaqişədən sonra­kı yenidənqurma məsələlərinə diqqət yetiriləcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacağıq. Bu zaman ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsas olacaq.

Sonda vurğulayaq ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa açıqdır və biz istənilən çağırışa cavab verən mütərəqqi qurumlarla işbirliyinə hazırıq. Təbii ki, qarşılıqlı, bərabərhüquqlu, eyni zamanda, xalqımızın maraq­larına, dövlətimizin mənafeyinə və beynəlxalq hüququn təməl prinsiplərinə əməl etmək şərti ilə. İnanırıq ki, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi məhz bu tezislər əsasında keçəcək.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

22 Yanvar 2022 09:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə