Ən son xəbərlər
Pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu. Hesabat dövründə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox böyüdü. Keçən ilin ilk aylarında sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzərə alsaq, bu, kifayət qədər ciddi artım kimi xarakterizə olunur. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.
Bu dövrdə ən vacib məqamlardan biri də iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 faiz təşkil edib. Bu isə ölkə üzrə ümumi iqtisadi artım faizindən daha çoxdur. Nəticədə qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilir. Bu da iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir.
İqtisadi artım, eləcə də iqtisadi islahatlar fiskal büdcə gəlirlərinin proqnozlaşdırılandan daha çox olmasına şərait yaratdı. 2021-ci ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların artması Dövlət Neft Fondundan transferlərə qənaət edilməsinə gətirib çıxardı. Həmçinin 2022-ci il üçün müstəqillik illərinin ən böyük büdcəsinin proqnozlaşdırılmasına imkan verdi. Beləliklə, iqtisadiyyatın inkişaf etməsi, iqtisadi artım tempinin bərpası həm də 2022-ci il iqtisadiyyatı üçün nikbin proqnozlar və qiymətləndirmələr aparılmasına gətirib çıxardı.
Pandemiyanın nəzarətə götürülməsi, yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasət COVID-19-un davam etməsinə baxmayaraq, real sektorda iqtisadi artımın əldə olunmasını şərtləndirib. Həmçinin BMT tərəfindən Azərbaycan iqtisadiyyatının bu il 4 faiz böyüyəcəyi proqnozlaşdırılır. Bu isə onu deməyə əsas verir ki, pandemiyanın 2020-ci illərdəki sərt təsirlərindən sonra Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar proqnozlaşdırılandan daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb və yaradacaq.
Onu da qeyd edim ki, ümumi daxili məhsul (ÜDM) istehsalında sənaye bu il yenə də öndədir: 42,5 faiz. Digər sektorların payı isə belədir: 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.
Dövlət Statistika Komitəsinin 2021-ci ilin iqtisadi yekunları ilə bağlı hesablamalarına görə, ötən il ümumi daxili məhsulun əvvəlki illə müqayisədə 5,6 faiz artaraq 92 milyard 857 milyon manata çatması o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal edilib. Rəsmi statistikaya əsasən, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyindən xəbər verir.
Qeyd edək ki, 2022-ci ildə də həm Azərbaycan hökuməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Köhnə versiyamızdan xəbərləri izlə