Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xarici işlər naziri Vyanada 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib

Yanvarın 20-də Avstriyanın paytaxtı Vyana şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qatıldığı tədbirdə Avstri­yanın dövlət və hökumət rəsmiləri, Vyanada akk­reditasiya olunmuş diplo­matik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın işgüzar dairələrinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli açaraq, 32 il öncə Sovet ordusunun Bakı, Sum­qayıt və ölkəmizin digər şəhərlərində törədiyi qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib və qeyd olu­nan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirib.

Çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı tədbir işti­rakçılarına məlumat verərək, baş verən faciənin xalqımızın iradəsini qıra bilmədiyini, onun müstəqillik arzusunu daha da alovlandırdığını və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməyə nail olduğunu bildirib.

Nazir xalqımızın ümum­milli lideri Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək xalqımızla həmrəylini nüma­yiş etdirdiyini və baş verən hadisələri kəskin şəkildə qınadığını diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın ayrı bir şəraitdə, öz ərazi bütöv­lüyünü təmin edərək 20 Yanvar faciəsində həyatını qurban vermiş şəhidlərimizin xatirəsini andığını vur­ğulayıb. O, 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərin 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu­ğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nazir xalqımızın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bü­tövlüyü uğrunda həyatını itirmiş şəhidlərimizi heç vaxt unutmayacağını qeyd edib, onların əziz xatirəsinin dərin hörmət və ehtiramla anıldığı­nı vurğulayıb.

Daha sonra tədbir iştirak­çıları 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmi izləyiblər. Tədbirin keçiril­diyi “Urania” kino salonu­nun foyesində 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

22 Yanvar 2022 08:59 -

Köhnə versiyamızdan xəbərləri izlə