Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xarici siyasət sahəsində uğurları ilbəil genişlənir

Bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşul­mama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Unudulmaz xalq şairimiz Məmməd Arazın təbirincə desək, mayası və qayəsi nur olan Azərbaycan hər daşından alov dilli ox ola bilən bir ölkədir. Azərbaycan deyiləndə ayağa durub onu alqışlayanların sayı son dönəmlərdə xeyli artıb. Çünki Qarabağ münaqişəsindən sonrakı dövrdə ölkəmiz regionda əsas söz sahibinə çevrilib, beynəlxalq arenada artan rolumuz bütün platformalarda birmənalı etiraf olunur. Dövlətlərarası və çoxtərəfli münasibətlərimiz yüksək səviyyədədir, milli təhlükəsizliyimiz bir çox cəhətdən təmin edilib.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan regionda gedən prosesləri, sadəcə, müşahidə etmir, məhz bölgənin gündəliyini diktə edir. Bunun təməlində bir çox amillər dayanır. Dövlətimizin başçısı yanvarın 12-də yerli televiziya ka­nallarına müsahibəsində bu barədə ətraflı danışıb: “Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlı­dır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Bununla paralel olaraq deməliyəm ki, bu, qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də bu halda artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey apriori, düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir”.

Dövlətimizin uğurlarının təməlində məhz milli maraqlara söykənən müstəqil xarici siyasət kursu dayanır. Vətən müharibəsində qazandığımız böyük zəfər siya­si-diplomatik müstəvidə daha da möhkəmləndirilib. Dövlətimizin üzv olduğu bir sıra təşkilatların, eləcə də tərəfdaş ölkələrin Qarabağ savaşının nəticələrini təqdir edən bəyanatlar vermələri də əsas uğur göstəricisidir.

Prezident İlham Əliyev 31 De­kabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, 2021-ci il ərzində hədəfə aldı­ğımız bütün məqsədlərə çatmış, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyət aparmışıq. İl ərzində Azərbaycan Respublikası bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən dünyanı sarmış COVID-19 pandemiyası­na effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birli­yinin digər üzvləri ilə birgə çalış­mışdır. Dövlətimiz ilk günlərdən bu mübarizədə aparıcı dövlətlər sırasında olmuşdur. Bütün bunlar ölkəmizə olan rəğbəti daha da artır­mışdır. Təsadüfi deyil ki, Qoşulma­ma Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il uzadılmasına səs ver­mişdir. Cənab İlham Əliyevin yerli televiziyalara müsahibəsində bu barədə dedikləri əsl reallığı əks etdi­rir: “Qoşulmama Hərəkatına gəlincə, əlbəttə bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, bizim ölkəmiz bu təşkilata daxil olan son ölkələrdən biridir. Biz yeni üzvük. Lakin biz dərhal bütün ölkələrin eti­madını və hörmətini qazana bildik. Buna görə də ölkələr iki dəfə bizim lehimizə səs verdilər. Yəni bir dəfə bizim rəhbərlik etməyimizə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, biz sədrliyimizi daha bir il uzadaq. Biz buna formal baxımdan deyil, hansısa fayda və ya hansısa güzəşt naminə deyil, bizim nə edə biləcəyimiz və bu təşkilatı necə möhkəmlədə biləcəyimiz baxımın­dan yanaşırıq”.

Prezidentin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumundakı çıxışında da dövlətimizin başçısı qeyd edib ki, qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi davamlı səciyyə daşımalı və konkret qərarlar qəbul olunmalıdır.

Prezident orada vurğulayıb ki, biz konyukturanı deyil, prinsipləri rəhbər tuturuq. Bu, ölkəmizə daha çox hörmət qazandırır. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görürlər. Yeri gəlmişkən, hələ Bakıda keçirilən sammitdə, QH-yə sədrlik funksiyasını öz üzərinə götürən zaman cənab İlham Əliyev deyib ki, biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti qoruyacağıq. Bunu uğurla edirik və hərəkatın nüfuzunu yüksəltmək, struktur dəyişiklikliyi yolu ilə getmək səyləri davam edir. Bu amala sa­diqlik ardıcıl olaraq özünü konkret əməllərdə təsdiqləyib.

Postmüharibə mərhələsində diplomatik fəaliyyət Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyü­nün qarşılıqlı tanınması əsasında dövlətlərarası münasibətlərin təsis edilməsini, bu ölkə ilə sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi üçün intensiv çalışmaları əhatə edib. Qoşulmama Hərəkatı ilə yanaşı, digər ikitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində cari reallıqlar barədə məlumatlandırma işləri gücləndirilmiş, regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıt­ması üçün zəruri şərtlərin forma­laşdırılması istiqamətində addımlar atılmışdır.

Azərbaycanın Avropa İttifa­qı ilə əlaqələri də yüksələn xətlə inkişaf edir. Ötən ilin iyul ayında Avropa İttifaqının prezidenti Şarl Mişel Azərbaycana gəlib. Cənab İlham Əliyev isə dekabr ayında Brüsselə gedib. Brüsseldə keçirilən VI “Şərq tərəfdaşlığı” Sammiti dövlətimizin xarici siyasətində həlledici əhəmiyyət daşıyıb. Orada nə qondarma DQR-in adı çəkilib, nə də hər hansı bir status məsələsi qabardılıb. Onu da xatırladaq ki, sammitin qəbul etdiyi birgə yekun qətnaməsindən Belarus hökumətinin fəaliyyətini tənqid edən maddə məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində çı­xarılıb. Cənab İlham Əliyev həmin maddəni ölkələrin daxili işlərinə qarışmağın interpretasiyası sayıb.

Ölkəmizlə Aİ arasında əlaqələrə müştərək yanaşma imkan verəcək ki, artıq təqribən 90-92 faizi razılaş­dırılmış yeni saziş tezliklə tamamilə hazır olsun. Onda əməkdaşlıq üfüqləri daha da genişlənəcək. İqtisadiyyata sərmayə qoyulma­sı, hazırda qaz böhranı yaşayan Avropaya Azərbaycan mavi yanaca­ğının ixracı imkanları artacaq. Siyasi baxımdan isə görünən budur ki, Av­ropa İttifaqı əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçi kimi müəyyən rol oynamağa çalışır.

Dövlət başçımızın üçtərəfli görüşdə iştirak etmək üçün Mosk­vaya və Soçiyə işgüzar səfərləri konstruktiv keçib və 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırıl­ması məqsədilə baş nazirlərin müavinlərinin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılması təklifi dəstəklənib. Noyabrın 26-da cənab İlham Əliyevin Vladimir Putinlə ikitərəfli və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri Azərbaycanın postböhran mərhələsindəki qətiyyətli mövqeyini bir daha ortaya qoyub.

Azərbaycan rəhbəri İlham Əliyevin mart ayında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 14-cü onlayn Zirvə toplantısında videoformatda çıxışı, apreldə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakı böyük maraq doğurub. Çağdaş reallıqlar və regionda sülhün möhkəmləndirilməsi səyləri ilə əlaqədar Prezidentin qənaətləri yüksək dəyərləndirilib.

Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistanla ali və yüksək səviyyədə təmaslar davam edib və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə zənginləşdirilib. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması əlamətdar hadisələr olub.

Eyni zamanda, Rusiya Fede­rasiyası, İran və digər dövlətlərlə münasibətlər də konkret əməli fəaliyyətlə daha da yaxşılaşıb. Xüsusilə Rusiya ilə əlaqələr xeyli işgüzar xarakter daşıyıb, görüşlər əməkdaşlığın faydalılıq əmsalının ar­tırılmasına müsbət təsir edib. 2021-ci ildə ABŞ, Çin və Avropa dövlətləri ilə münasibətlər də diqqətdə saxlanılıb. Strateji tərəfdaşlarımız olan Belarus, Ukrayna, Özbəkistan, habelə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini bölüşdüyümüz Moldova, Taci­kistan və Qırğızıstan ilə əlaqələr genişlənib, ali və yüksək səviyyədə ikitərəfli əsasda ölkəmizə səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər bu əməkdaşlığa töhfələr verib.

Sentyabrda BMT Baş As­sambleyasının 76-cı sessiyasında videoformatda çıxış edən cənab İlham Əliyev Azərbaycanın öz xarici siyasət kursuna sadiqliyini bir daha bəyan edib. “Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan re­gional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.

Dünya səviyyəsində iqti­sadi və humanitar sahələrdə əməkdaşlığımızın intensivlik şkalası yüksək olub. Xarici ölkələrlə ikitərəfli iqtisadi münasibətlərin inkişafı, birbaşa sərmayələrin ölkəmizə cəlb edilməsi, işğaldan azad olun­muş ərazilərimizdə gedən bərpa proseslərində xarici şirkətlərin iştirak imkanlarının araşdırılması və qeyri-neft sektorunda yeni əməkdaşlıq sahələrinin qurulmasının təşviqi üzrə fəal iş aparılıb.

Dövlət başçımızın ötən il Türkiyənin Anadolu agentliyinə, “France 24-ə”, İtaliyanın “La Repub­lica” qəzetinə, “Rossiya-1” teleka­nalına, Rusiyanın “Nasionalnaya oborona” jurnalına, İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole Ore” qəzetlərinə verdiyi müsahibələr də dünyada böyük əks-səda doğurub.

Noyabrın sonunda Türkmənistanda İƏT-in 15-ci Zirvə toplantısında çıxış edən cənab İlham Əliyev bu çərçivədə əlaqələrin daha da genişləndirilməsinin vacib­liyini konkret misallarla açıqlayıb. Reallığa çevrilən yeni nəqliyyat infrastrukturunun – Zəngəzur dəhlizinin Şərq –Qərb və Şi­mal – Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyinə və İƏT-ə üzv ölkələrin ondan istifadə edəcəklərinə əminliyini bildirib. Ölkəmizin rəhbəri eyni zamanda, Aşqabadda bir sıra mühüm görüşlər keçirib.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bildirərkən deyib: “Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksi­kona daxil edildi və əlbəttə, həyata keçiriləcək”.

Dünyada türk birliyinin daha da möhkəmləndirilməsi sahəsində qazanılan uğurlar də fərəhlidir. TDƏŞ-in VIII Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılıb və həmin toplantıda İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olu­nub. Bu, qalib liderliyin, beynəlxalq nüfuzun dünyaya təqdimatı idi.

İnanırıq ki, dövlətimizin xarici siyasəti cari ildə daha məhsuldar və səmərəli olacaq.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

22 Yanvar 2022 08:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə