Ən son xəbərlər
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodomir Zelenskini aralarındakı fikir ayrılıqları üzrə müzakirələr aparmaq üçün Türkiyəyə dəvət edib”.
“Anadolu” agentliyi yazır ki, belə bir bəyanatla Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya ilə Ukrayna arasındakı gərginliyin Avropa və NATO-ya mümkün təsirlərinə həsr olunmuş onlayn formatda keçirilən beynəlxalq konfransda səsləndirib. Tədbiri “Circle Foundation” (“Dairə Fondu”- müəllif) analitik fikir mərkəzi təşkil edib.
Türkiyə rəsmisi çıxışında bildirib ki, Ankara Moskva ilə Kiyev arasında gərginliyin azaldılması üçün hətta kiçik bir fürsətdən belə istifadə etməyə hazırdır. Çünki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların başlanması qarşısıalınmaz fəlakətlərə səbəb ola bilər.
Mətbuat katibi onu da bildirib ki, uzun illər davam edən belə çətin geosiyasi problemlərin tez və qısa həll yolları olmur. Problemin çözülməsi, təbii ki, səbr və təmkin tələb edir. Qlobal aktorlar vəziyyətin çətinliyini nəzərə almalıdır.
İbrahim Kalın belə bir məqamı xüsusi vurğulayıb ki, Ankaranın təşəbbüsü Türkiyənin NATO üzvü deyil, Ukrayna və Rusiyanın dostu olaraq irəli sürülüb və belə də qəbul edilməlidir. Yeri gəlmişkən, Türkiyə Prezidenti bu məsələ ilə bağlı hər iki ölkənin lideri ilə telefonla müzakirələr aparıb.
Yaxın günlər ərzində Türkiyə Prezidentinin Ukraynaya səfəri gözlənilir. Ərdoğan Kiyevdə Zelenski ilə görüşüb regiondakı mövcud vəziyyət və perspektivləri müzakirə edəcək.
İ.Kalın sözügedən beynəlxalq konfransdakı çıxışında həmçinin deyib ki, Ankara, eyni zamanda, hər hansı bir hərbi əməliyyatların başlamaması üçün Moskva ilə sıx əlaqələr saxlayır .
M.HACIXANLI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə