Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Roberta Metsola Avropa Parlamentinə sədr seçilib

 

Avropa Parlamentinin yeni spikeri vəzifəsinə Maltadan olan 44 yaşlı deputat Roberta Metsola seçilib. İndiyədək Metsola Avropa Parlamentinin (AP) sədr müavini postunu tutub. Məlumatı “Anadolu” verib.

Yeni sədrin seçkisi AP spi­keri David Sassolinin yanvarın 11-də vəfat etməsindən sonra keçirilib. İtaliyalı siyasətçi Sassoli immun sisteminin ciddi problemi səbəbindən 66 yaşında dünyasını dəyişib. O, Avropa Parlamentinin sədri postuna 2019-cu ilin iyulunda seçilmişdi, səlahiyyət müddəti yaxın vaxtlarda başa çatmaq üzrə idi.

Roberta Metsola Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında səsvermənin birinci turunda seçilib. Onun lehinə par­lamentin 458 deputatı səs verib. Metsolanın seçilməsi ilə Avropa Prlamentinə üçüncü dəfədir ki, qadın rəhbərlik edir.

Məlumata görə, Roberta Metsola yeni vəzifəyə özünün ad günündə – yanvarın 18-də seçilib.

Avropa Parlamentinin yeni spikeri deputatlara müraciətində bildirib ki, üzərinə düşən məsuliyyəti daşımaqdan qürur duyur. O, eyni zamanda, parlamen­tin və bütün Avropa İttifaqı vətəndaşlarının rifahı üçün çalışacağını vəd edib.

Metsola dörd uşaq anasıdır. AP-yə seçilənə qədər hüquqşünas kimi fəaliyyət göstərib. Avropa Parlamentinə ilk dəfə 2013- cü ildə Maltadan deputat seçilib. Parlamentdə təmsil olunan ən iri siyasi qruplardan olan Avropa Xalq Partiyası­nın üzvüdür. Sağ-mərkəzçi və mühafizəkar siyasi xətti dəstəkləyir.

Metsola siyasətdə fikir ayrılıqlarını həll etməkdə xüsusi qabiliyyətinə görə Avropa ictimaiyyəti tərəfindən dəstəklənir, ancaq abort əleyhinə fəal işinə görə tənqidlərə məruz qalır.

Yeni sədr iki il yarım ərzində Avropa Parlamentinə rəhbərlik edəcək.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

20 Yanvar 2022 00:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 May 2022 | 02:25
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə