Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə 20 Yanvar – Ümumxalq Hüzn gününün 32-ci ildönümünə həsr edilmiş tədbir keçirdi. Əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleyma­nov 1990- cı il 20 Yanvar faciəsindən söhbət açdı. Dedi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də respublikamızın istiqlal yolunda ilk zirvə, milli məfkurəmizin, azadlıq istəyimizin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Həmin gün mərd oğul və qızlarımız “Torpaqdan pay olmaz!” –şüarı ilə küçə və meydanlara axışdı. SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasındakı ayrı-seçkiliyinə etiraz edən xalqımız istiqlaliyyət, müstəqillik uğrunda haqq səsini ucaltdı. Xalqın haqq səsi Kremli vahiməyə saldı. Əlləri qana bulaşmış Mixail Qorbaçov bu dəfə imperi­ya cəlladlarını silahsız, əliyalın Azərbaycan xalqınının üzərinə göndərdi.

A.Süleymanov 1990-cı il yanvarın 19-dan -20-nə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatının SSRİ Müdafiə Nazir­liyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-sının təxribat qrupları tərəfindən təşkil olunduğunu bildirdi: “Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Həmin vaxt Bakıya təpədən-dırnağadək silahlandı­rılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Bü­tün bunlara baxmayaraq, xalqımızı istiqlaliyyət uğrunda mübarizəsindən döndərə bilmədi.

Çıxış edənlər bildirdilər ki, bu il xalqımız 20 Yanvar hadisələrinin 32- ci ildönümünü qeyd edir, igid övladları­nın fədakarlığını layiqincə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvo­lu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Sonda 40 nəfər 20 Yanvar şəhid ailəsi və əlilinə sovqatlar paylanıldı.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

20 Yanvar 2022 00:19 -

Köhnə versiyamızdan xəbərləri izlə