Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2021-ci ildə qeyri-neft sənayesində yüksək göstəricilər qeydə alınıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı ötən il pandemiyanın təsirlərinin yaşanmasına, dünyada hökm sürən maliyyə-iqtisadi problemlərin hökm sürməsinə baxmayaraq, əvvəlki həcmini üstələyib, bu sahədə müsbət göstəricilər əldə olunub: ÜDM-in real həcmi 5,6 faiz, qeyri-neft sektoru isə 7,2 faiz artıb. Beynəlxalq Valyuta Fon­dunun ötən ilin oktyabr ayındakı proqnozuna görə, hesabat dövründə qlobal iqtisadiyyatda 5,9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 6,4 faiz artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər qeydə alınıb. Həmçinin qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından ötən il 270 ABŞ dollarına çatıb. Bundan başqa, 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz qeydə alındığı halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard ma­natlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri- neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artıb.

Ötən il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və ya 1,2 faiz artaraq 1704,9 min nəfər olub, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Hesabat ilinin yanvar-noyabr ayların­da ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nomi­nal əməkhaqqı daha yüksək olub.

Keçən il ölkənin qeyri-neft sektoru­nun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında, habelə əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində sənaye parkları mühüm rol oynayıb.

Xatırladaq ki, bu gün ölkədə 5 sənaye parkı – Sumqayıt Kimya, Piral­lahı, Mingəçevir, Qaradağ və Balaxanı sənaye parkları fəaliyyət göstərir. İqtisa­diyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına ötən il Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulmaqla, hazırda Azərbaycanda 7 sənaye parkı var.

Yeri gəlmişkən, Qarabağ bölgəsində istehsal sahələri üzrə infrastrukturun ya­radılması məqsədilə ötən il mayın 28-də dövlətimizin başçısı tərəfindən Ağdam Sənaye Parkının da təməli qoyulub.

Bu park investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olma­sı, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxı­mından mühüm önəm daşıyır. Belə bir sənaye obyektinin yaradılması ilə sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır. Burada əhalinin daya­nıqlı məşğulluğunun təmin edilməsi məqsədilə 5 potensial layihə üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq Ağdam Sənaye Parkında sosial təminatı dəstəkləyəcək infrastruktu­run qurulması istiqamətində də işlərə başlanılıb. Burada subartezian quyusu qazılıb ki, bu da ərazinin suya olan tələbatının ödənilməsi imkanı yaradıb. Həmçinin əraziyə çəkilən 10 kV-luq elektrik xətti və quraşdırılan 630 kV-luq komplekt transformator məntəqəsi enerji təminatının yaxşılaşdırılmasını şərtləndirib.

Torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də yeni beynəlxalq nəqliyyat dəhlizləri yaranır. Belə nəqliyyat dəhlizlərinin gələcəkdə rəqabətqabiliyyətli fəaliyyətinin təmin olunması üçün regionda logistika im­kanlarının artırılması vacibdir. Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu imkanların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və tranzit daşımalarının həyata keçirilməsi üçün perspektivlər inves­torların bölgəyə sərmayə yatırmaqda marağını artırır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xüsusilə, iqti­sadi artımın mühüm təkanverici qüvvəsi olan logistika və ticarət imkanlarının yüksək olması irihəcimli xarici investi­siyaların cəlb edilməsinə şərait yaradır. Səmərəliliyin artırılması məqsədilə bu Sənaye Parkında yaradılan logistika və ticarət mərkəzlərində rəqəmsal proqram təminatlarından istifadə etməklə, ən qabaqcıl əməliyyat modellərinin tətbiqi planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, iş adamları tərəfindən indiyədək sənaye zonalarına 6,2 milyard manat­dan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulub. Sənaye zonaları üzrə indiyə kimi ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı (təqribən 28 faizi) ixrac olunub.

Hazırda sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə edilir. Statistik göstəricilərə əsasən, 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin eyni dövründə 56,7 faiz çox (1,5 milyard manatlıq) məhsul istehsal olunub. İxrac isə 2020-ci ilin müvafiq dövrü (269 milyon manat) ilə müqayisədə 102,6 faiz (2 dəfə) artaraq 545 milyon manat təşkil edib.

Ötən ilin 9 ayında 1,5 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracın­da 25,9 faiz (545 milyon manat) olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.

Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parkla­rında rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, gəlir və torpaq vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlığın və qurğuların idxalı zama­nı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunub.

Bütün bu göstəricilər Azərbaycanın hazırda 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olmasından xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat stan­dartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır.

Hazırda postpandemiya dövrü­nün astanasındayıq. Ölkə Prezidenti tərəfindən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sərəncamı da bu məqsədə yönəldilib.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də vurğulanır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyya­tın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıq­lara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Vətən müharibəsində əldə edilən parlaq qələbə nəticəsində işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitek­turasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə olunan yuxarıda vurğulanan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə də inkişaf dina­mikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

V.BAYRAMOV, “Xalq qəzeti”

20 Yanvar 2022 00:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT
27 May 2022 | 09:43
Neft bahalaşdı

Köhnə versiyamızdan xəbərləri izlə