Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

 

Dövlət Gömrük Komitəsində Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümyəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qonaqları səmimiyyətlə salam­layaraq Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmal­çılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Bildirilib ki, 2021-ci ildə gömrük orqanları tərəfindən Azərbaycandan tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bunun əsas hissəsini heroin təşkil edib.

Komitə sədrinin müavini qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrü­yünün nümunəvi kinoloji xidmət formalaşdırdı­ğını, gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirib.

Əsgər Abdullayev Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə səmərəli əlaqələrindən bəhs edib, Böyük Britaniya­nın Milli Cinayət Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.

Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Milli Cinayət Agentliyinin dün­yanın bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq qura­raq cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaqdır. Con Qoldinq Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

20 Yanvar 2022 00:14 -

Köhnə versiyamızdan xəbərləri izlə