Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirildi

Təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsasən, yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçirildi. Tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə yönəldilmişdir..

Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açmışlar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunmuşdur.

Bakı şəhərindəki 1 saylı orta məktəbdən bizə bildirdilər ki, hər il ənənəvi olaraq şəhidlərin ruhunu anmaq məqsədilə müxtəlif tədbirlər, ədəbi-bədii kompozisiyalar keçirilir. Məktəbin direktoru Elida Rzayeva söhbət zamanı dedi ki, bizim məktəbin öz tədbirlər planı da var və bu il də plana əsasən 20 Yanvar şəhidlərinin anım mərasimini təşkil etdik. 20 Yanvar faciəsi ilə bağlı tədbirləri şagirdlərimizin iştirakı ilə təşkil etmişik. 20 Yanvar faciəsi ilə bağlı inşa yazı, eləcə də rəsm müsabiqəsi keçirmişik. İstedadlı şagirdlərimiz bununla 20 Yanvar hadisələrinə bədii, yaradıcı münasibətlərini bildirmişlər.

Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını mütəşəkkil şəkildə ziyarət etmişlər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

20 Yanvar 2022 00:13 -

Köhnə versiyamızdan xəbərləri izlə