Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birlik, fəxr və şərəf günü

1990-cı il 20 Yanvar qanlı hadisələri öz xarakterinə görə faciəvi olay hesab olunsa da, mən bunu xalqımızın qəhrəmanlıq tarixinin qızıl səhifələrindən biri kimi dəyərləndirməyin tərəfdarıyam. Çünki 20 Yanvar hadisələrinin əsasında sovet rejiminin xalqımızın ədalətsizliyə, müstəmləkəçiliyə qarşı yönələn geniş milli hərəkatını boğmaq niyyəti dayanırdı. Digər tərəfdən, 20 Yanvar qırğınlarına aparan yol ermənilərin 1988-ci ildə yenidən səsləndirdikləri Qarabağ iddialarından başlayırdı.

Ermənilərin Xankəndidə, İrəvanda keçirdikləri mitinqlərdə “Dağlıq Qara­bağ” adlandırılan ərazini Ermənistana birləşdirmək tələbi irəli sürüləndə ziyalılarımız, əlbəttə ki, bu həyasızlığa susmadılar, torpaqlarımızın yenidən pay verilməməsi üçün xalqı səfərbər etməyə çalışdılar. Lakin çox təəssüf ki, respubllikamızın o dövrkü rəhbərliyinin qətiyyətsizliyi ucbatından ermənilərin məlum iddialarının qarşısını almaq mümkün olmadı. Yəni yerli rəhbərliyin təpərsizliyi, xalqın yanında olmaması, həmçinin Moskvanın, birbaşa Mixail Qorbaçovun və xanımının ermənilərə açıq dəstəyi başlanğıcda həlli real olan bu məsələnin az sonra on minlərlə insanın həlak olmasına, yüz minlərlə insanın yaralanmasına, milyonlarla insanın qaçqın, didərgin düşməsinə və təqribən otuz il davam edən Qarabağ müharibəsinə gətirib çıxardı.

Bu sözləri söhbətində “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər dedi. O daha sonra bildirdi:

– Ermənilərin Qarabağ iddiala­rına qarşı Azərbaycanda başlayan etirazlar daha sonra tədricən siyasi məzmunlu tələblərin yaranması ilə nəticələndi. Bunun da əsas səbəbi yuxarıda deyildiyi kimi, sovet rejiminin ermənilərin əsassız iddialarına tam dəstək verməsi idi. Xalq görürdü ki, Moskva Qarabağ məsələsini birdəfəlik həll etmək əvəzinə problemi daha da dərinləşdirmək və Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparılma­sını reallaşdıracaq proseslər üçün zəmin hazırlayır. Ona görə də bu vəziyyət Azərbaycanda geniş anti­sovet hərəkatına çevrildi. 1990-cı il yanvarın 20-si ərəfəsində, dəqiq desək, 1989-cu ilin ikinci yarısından etibarən, respublikada nə yerli, nə də mərkəzi hakimiyyətin heç bir nüfuzu qalmamışdı. 1989-cu ilin sentyabrında Azərbaycanın suverenlik haqqında qanun qəbul etməsi isə respubli­kanın SSRİ-nin tərkibindən çıxmaq istiqamətində çox böyük addım sayılır­dı. Moskva bu vəziyyətə son qoymaq üçün yenə də ənənəvi üsullara əl atdı. “Dağlıq Qarabağ”da vəziyyət həddindən artıq gərginləşdirildi, Bakı­da ixtişaşlar təşkil olundu və beləliklə, xaotik vəziyyət fornalaşdırıldı. İndiki günümüzdən o dövrə baxanda, aydın görünür ki, bütün bu hadisələr sovet qoşunlarının Bakıya yeridilməsinə əsa hazırlamaq məqsədi daşıyırdı.

Aqil Ələsgər daha sonra söhbətinə əlavə edərək vurğuladı ki, keçmiş SSRİ rəhbərliyinin niyyətinin Bakı­da vəziyyəti sabitləşdirmək deyil, Azərbaycan xalqını cəzalandırmaq olduğunu təsdiqləyən olaylar ard-arda baş verirdi. 1990-cı il yanvarın 19-da axşam saatlarında Azərbaycan Televiziyasının enerji bloku partladıldı və xalq Bakıda fövqəladə vəziyyət elan olunmasından, şəhərə qoşun yeridiləcəyindən xəbər tuta bilmədi. O da qeyd olunmalıdır ki, həmin dövrdə gecə-gündüz küçələrdə, meydanlarda olan soydaşlarımız sovet dövlətinin öz vətəndaşlarına qarşı nəinki bu dərəcədə vəhşilik göstərəcəyinə, hətta bir güllə belə atacağına inan­mırı. Ancaq vəziyyət sovet rejiminin Azərbaycan xalqını cəzalandırmaq üçün belə miqyaslı bəşəri cinayətə əl atmaqdan çəkinmədiyini göstərdi.

Həmin günlərdə bəzi istisnaları nəzərə almasaq, Azərbaycan, sözün həqiqi mənasında, informasiya blo­kadasında idi. Məhz o ağır günlərdə ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək xalqla həmrəyliyini nüma­yiş etdirdi, sovet rejiminin bu qanlı cinayətini ən sərt formada lənətlədi.

Azərbaycan xalqı həmin qanlı qırğının 32-ci ildönümünü hüzn, eyni zamanda, qürurla qeyd edir. Çünki azadlıq uğrunda canlarından keçən şəhidlərimiz bizim and yerimizdir, övladlarımızın nümunə götürəcəkləri ünvandır. Şəhidlərimizin ölməz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Hazırladı: V.BAYRAMOV,

“Xalq qəzeti”

20 Yanvar 2022 01:00 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə