Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidlərini sevgi ilə anırıq

 

Bu gün müstəqilliyə gedən yolun başlanğıcı kimi qəlbimizə və tarixə həkk olunan qanlı Yanvar faciəsini qədirbilənliklə anacağıq. Ümummilli Hüzn Günü kimi yaddaşımıza yazılan 20 Yanvar faciəsi xalqımızın milli oyanış mübarizəsinin parlaq səhifəsi olaraq şərəfli tariximizə əbədi həkk olundu. İftixarla qeyd etmək yerinə düşər ki, bu, bir istiqlal arzusu ilə yaşayan xalqımızın müstəqilliyimizə gedən yolun başlanğıcı idi. Bunu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov qeyd edib: “Hər şey bun­dan sonra başladı. Keçmiş SSRİ rəhbərliyinin riyakar və ikili, respublikamıza qarşı diskri­minasiya siyasəti, eyni zamanda, ermənilərə açıq-aydın havadarlığı ölkəmizdə mürəkkəb və gərgin siyasi vəziyyət yaratmışdı.

Azərbaycan xalqına qarşı düşmənçilik fəaliyyəti aparan Qorbaçovun və onun idbar komandasının dəstəyi ilə ermənilər separatçılıq meyillərini, Vətənimizə qarşı torpaq iddialarını ortaya qoydular.

Ermənilərin ardıcıl məsuliyyətsiz bəyanatları, Qarabağda təxribatları həmvətənlərimizin səbir kasasını doldurdu. O zaman Azərbaycana rəhbərlik edənlər isə səssiz, heç nə olmayıbmış kimi davranır, milli məsələdə ölkənin yanında olmaq əvəzinə, xalqın haqq səsini boğmağa çalışır, ən cılız addımlar atırdılar. Sanki bunlar xalqla azərbaycanlı deyilmiş kimi davranır, ha­vadarlarının diktəsi ilə hərəkət edirdilər.

Xalq isə heç nədən çəkinməyərək bu çirkin siyasətə etiraz əlaməti olaraq meydanlara axışdı və haqq səsini ucaldaraq milli xarakterini ortaya qoydu.

İttifaq rəhbərliyi isə normal dialoq əvəzinə, yaranmış vəziyyətə xaincəsinə hərblə müdaxilə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın haqq səsinə, azadlıq arzusuna zor tətbiq olunaraq misli görünməmiş bir faciə yaşadıq.

Təpədən-dırnağa kimi silahlanmış sovet qoşunlarının bölmələri əliyalın xalqı gülləbaran etdi. Bakı qana boyandı, ölkə matəmə qərq oldu. Qanlı statistika isə belə oldu - sovet qoşunlarının qanunsuz hərbi müdaxiləsi nəticəsində Bakıda və ölkə ərazisində 146 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Yaşlı və körpələrə belə rəhm olunmadı. Azğınlaşmış hərbi qulluqçular tərəfindən Bakı şəhəri ciddi ziyan gördü, pay­taxtda normal həyat iflic oldu”.

Deputat vurğulayıb ki, bu statistika xalq olaraq bizim faciəmiz idi. Xalq daha bir dramatik hadisəyə şahidlik etdi: Bu ağrılı-acılı günlərdə Azərbaycana rəhbərlik edənlər daşıdıqları məsuliyyəti unudaraq yoxa çıxdılar. Bunun­la yanaşı dövlət televiziyasının enerji bloku məqsədli şəkildə partladılaraq ölkə informasiya blokadasına alındı. Respublikamızda fövqəladə vəziyyət rejimi tətbiq olundu.

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev təhdidlərə, həyatı üçün hər cür yarana biləcək təhlükələrə baxmayaraq canından artıq sevdiyi xalqının faciəsinə səssiz qalmadı. Ulu öndərin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək dünyanı ayağa qal­dıran məşhur bəyanatı hər bir azərbaycanlının yaddaş kitabçasına çevrildi. Qırğının əsas səbəbkarı kimi Qorbaçov və İttifaq rəhbərliyinin cinayətkar olduğunu cəsarətlə, kəskin şəkildə bəyan edən ulu öndər hamımızın gözü qarşı­sında dünya ictimaiyyətini məlumatlandıraraq Azərbaycana necə bağlı olduğunu, Vətənini necə sevdiyini və bu müqəddəs amal uğrunda ölümə hazır olduğunu növbəti dəfə sübut etdi.

“Ürək ağrısı ilə qeyd edim ki, 20 Yanvar faciəsinə Azərbaycanın ali tribunalarında siyasi-hüquqi qiymət verilməmiş, xalqımıza qarşı törədilmiş bu barbarlıq müzakirə və təhlil olunmamışdır.

Yalnız dörd ildən sonra – ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayı­dışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməklə yanaşı, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olan əziz şəhidlərimizin ailələri və doğmalarına dövlət tərəfindən qucaq açıldı, onların problemləri, qayğıları diqqətdə saxla­nıldı”, - deyən deputat vurğulayıb ki, 20 Yanvar faciəsi həm də xalqımız üçün qəhrəmanlıq, ərənlik səhifəsidir. Dünya xalqımızın qorx­maz, cəsarətli, döyüşkən olmağına şahidlik etdi. Xalqımız silahlanmış, azğın düşmənin namərd gülləsinə sinəsini sipər etdi. Qorxmadı, çəkinmədi, zəiflik, acizlik göstərmədi. Bu da şanlı müstəqilliyimizə gedən yolun başlanğıcı oldu.

1990-cı ildən uzun bir vaxt keçir. Amma biz hər dəfə 20 Yanvar faciəsini dünən olmuş kimi qeyd edirik. Bu da səbəbsiz deyil. Çünki istər dövlətimiz, istərsə də vətəndaşlarımız bizə nümunə olan, Vətənimizin istiqlaliyyəti uğrunda canlarını qurban vermiş şəhidlərimizi sevgi ilə anır, onların qəhrəmanlığını təqdir edir, ümumxalq məhəbbəti ilə onların əziz ruhlarına sayğımızı ifadə edirik.

“Xalq qəzeti”

20 Yanvar 2022 00:10 -

Köhnə versiyamızdan xəbərləri izlə