Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

O soyuq gecəni odlu silahların tökdüyü qanlar isitdi. Silahsız, lakin cəsarətli insanların qanı. O insanların ki, azad həyatın təşnəsiydi, müstəqilliyin aşiqiydi və Azərbaycanı canından çox sevirdi... Lakin sevgi həmişə can vermir, can da alır...

Bu qanlı terror aktını xatırlamağa mənim yaşım yetmir. Lakin sanki ilk dəfə məktəbə gedəndə, ilk dəfə hərfləri öyrənməyə başlayanda da qan yaddaşımın bir küncündə bu hadisələr öz yerini almış, Vətənin bir övladı kimi düşmənlərə qarşı qisas arzusu ilə yoğrulmuşdu. Qərbi Azərbaycandan qovulmuş soydaş­larımız deyirlər ki, ermənilər birinci sinifdə, məktəbə yenicə başlayan uşaqlara əlifbadan əvvəl “türk bizim düşmənimizdir” anlayışını aşılayır­lar. Biz isə mənasını sonradan dərk etdiyim “multikultural” dövlətin sülh, barış və mədəniyyət ab-havasında böyüyən uşaqları idik. Lakin tarixin müxtəlif dövrlərdə başqa-başqa millətlərə öyrətdiyi bir həqiqət də var ki, biz onu başımıza gələndən sonra dərk etdik: Düşmən elə həmişə düşməndir. Unutqanlıq, humanist­lik, düşməni əfv etmək daha böyük fəlakətlərə gətirib çıxarır. Anadolu türkcəsində bu düşüncələri qısa və la­konik şəkildə izah edən belə bir ifadə var: “Su uyur, düşman uyumaz”.

Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı tarixi ərizədə bu barədə fikirlərini kəskin şəkildə ifadə etmişdir: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxa­rılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil." Tarixin lüğətinə “Qanlı Yan­var” kimi düşən həmin gün ilə bağlı Heydər Əliyev tərəfindən verilən bu bəyanat Azərbaycan üçün yeni döv­rün başlanğıcı olaraq qəbul edilir.

Ümummilli liderimiz 20 Yanvar hadisələri zamanı canını qurban verən, həyatını itirən insanların xatirəsini əbədiləşdirmək üçün 31 mart 1998-ci ildə – Mart Soyqırımı Günündə “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalamışdır. Həmin il dekbrın 29-da “20 Yanvar şəhidi” fəxri adı haqqında əsasnamə təsdiq edilmişdir. Heydər Əliyev bu hadisənin, eləcə də xalqımızın başına gətirilən digər müsibətlərin dünyaya çatdırılmasına, düşmən tərəfindən yaradılmağa çalı­şılan saxta tarixin mənbəyini qurut­mağa, şəhidlərimizin xatirəsini uca tutmağa, onların hörmət və ehtiramla yad edilməsinə hər zaman xüsusi diqqət göstərmişdir. Bu mənada Bakının ən uca nöqtələrindən birində yerləşən Şəhidlər xiyabanında xalqımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ithaf edilən “Əbədi məşəl” abidə-kompleksi ulu öndərin xüsusi təşəbbüsü ilə tikilmişdir. Fələyin ironiyasıdır ki, behiştin bir parçası olan müqəddəs məzarlıqda yatan qəhrəmanların bəziləri bir vaxt­lar Şəhidlər xiyabanına gedir, Vətənin azadlığı uğrunda canını qurban verən sələflərinin əziz xatirəsini yad edirdilər.

Sovet imperiyasının boyun­duruğundan xilas olmaq istəyirdi Azərbaycan. Millət öz taleyini özü yazmaq istəyirdi. 1990-cı ilin 20 Yanvar gecəsi iradəsi sınmayan millət Sovet ordusunun şəhərə girməsinə mane olmaq üçün Bakının küçələrində silahsız dinc insanlar sədlər qurmuşdular. Əliyalın insanlar tankların, zenit qurğularının qarşısına çıxmışdılar. Onları bu addımı atma­ğa vadar edən qüvvə vardı – Vətən! Bu, elə bir qüvvə, elə bir qüdrətdir ki, qarşısında dünyanın ən qəddar gücü də dayana bilməz.

Gecə yarısı amansız hücuma keçən Sovet ordusu dostluğun, qardaşlığın, paylaşmanın beşiyi olan paytaxtımıza girdi. Bakıda və ölkənin əyalətində yaşayan onminlərlə azərbaycanlı – irili-xırdalı onlarca millətin nümayəndəsi sinəsini silah­lara sipər etdi. “Bura bizim Vətəndir və onun taleyini öz övladları həll etməlidir” – dedilər. Lakin azğınlaşmış ordu şəhəri qana bələdi...

O gecə 134 can verdik, 134 şəhid. Yüzlərlə yaralımız oldu. Xəstəxanalarda həkimlər yaralıları işıqsız otaqlarda əməliyyat etdi, ana­lar övladlarını, uşaqlar valideynlərini itirdi, yüzlərlə ailə dağıldı. Lakin sınmadıq, əyilmədik. Azərbaycanın tarixinə qanlı olsa da, şanlı bir gün yazdıq.

20 Yanvar gecəsinə gətirib çıxa­ran bir sıra mətləb var. O dövr Sovet İttifaqındakı siyasi xaos, dağılmaqda olan imperiyanın son nəfəsində qan tökməklə vaxt qazanmaq istəyi, baş qaldıran respublikalara cəza vermək niyyəti bunlardan bəziləridir. Lakin SSRİ-nin “parçala hökm sür” siyasəti məhvə məhkum idi. Bu rejimə qarşı baş qaldıran Azərbaycan nəyin ba­hasına olursa-olsun, öz müstəqilliyini elan etməliydi, azadlığına qovuşma­lıydı. Millətin gözü açılmışdı...

O zamankı Sovet Azərbaycanının siyasi rəhbərliyi də millətin iradəsinə qarşı heç nə edə bilmədi. İnsanlar qanı bahasına azadlığına can atdı. O gecə verdiyimiz şəhidlər azadlıq, müstəqillik uğrunda uzun və çətin yola çıxan Azərbaycanın mayakı oldular.

Qeyd etdiyim kimi, mən və mənim yaşıdlarım o günü görməsək də, atalarımızdan, böyüklərimizdən, o gecəni görüb-yaşayan tanışlardan, qohumlardan hər zaman bu sözləri eşitmişik: “silahımız yox idi, amma biz qorxmurduq: qansa qan, cansa can. Nəyin bahasına olursa-olsun sınma­malıydıq və sınmadıq”.

Ölkənin bütün strateji əhəmiyyətli nöqtələrini zəbt edən ordu, ilk növbədə, Bakını tam nəzarət altına almaq istəyirdi. Buna qismən də olsa, nail oldu. Lakin biz təslim olmaq niyyətində deyildik. Bu yola baş qoy­muşduq. Həmin gecədən başlayaraq, sonrakı günlərdə də insanlar arasında həmrəylik, yardımlaşma ön plana çıx­dı. 20 Yanvar gecəsi bizə birliyimizin nə qədər qiymətli olduğunu göstərdi. Hamı bir nəfər kimiydi. O günlərdə mən, sən yox, “biz” var idi. Böyüklü-kiçikli hər kəs səfərbər olmuşdu.

Səhər açılanda dağıdılmış küçələrə axışan, gecəni evində yox, “ciyəri yanan” Bakıda keçirən həmvətənlərinə qoşulan insan axını vardı. Bu – bir sel idi, daşqın idi və imperiya rejiminə vurulan güclü zərbə idi. Bu, elə bir sel idi ki, qarşısında heç imperiya bəndi tab gətirə bilməzdi. Yüz minlərlə insan şəhidlərimizi son mənzilə yola salırdı. Yüz minlərlə insan zalımın zülmünə qarşı çıxmışdı. Onlar hələ də şəhəri tərk etməyən orduya “birimiz ölər, minimiz dirilər” deyirdilər.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanı o gündən bu yana and yerimizə çevrildi. Vətənimiz uğrunda can verən daha neçə-neçə şəhidimiz tapşırılacaqdı o məzarlığa.

O gecədən sonra 30 il döyüşdük, şəhid verdik, torpaqlarımız işğal olundu, evlərimiz dağıdıldı. Lakin ümidimiz ölmədi. İnamımız bitmədi. Bu illər ərzində yüzlərlə qəhrəman yetişdi Azərbaycanda. O günləri görməyən qəhrəmanlar. Dünyanın siyasət meydanında söz sahibi olduq. İnkişaf etdik, gücləndik. Qüdrətli ordu yaratdıq və qazandıq. Torpaqlarımızı geri aldıq, illərlə bizdən alınanları 44 günə qaytardıq. Prezident İlham Əliyevin də fəxarətlə vurğuladığı kimi, torpaqlarımızı erməni işğalından azad edənlərin əksəriyyəti I Qara­bağ müharbəsi vaxtı doğulmayan gənclərdir. O gənclər ki, Vətən sevgisi ilə yetişib, Azərbaycan Ordusunun qəhrəman əsgərinə çevriliblər.

Bütün bu yaxın tarixin ilk qəhrəmanları isə 20 Yanvar gecəsində canını Vətəninə qurban vermiş həmin o 134 nəfərdir. Uzun və əzablı azadlıq yolunun ilk şəhidləri. Millətin xalqa çevrildiyi gecənin heç vaxt unudulmayacaq qəhrəmanları.

Yazının əvvəlində qeyd etdiyim kimi, II Qarabağ savaşı dünyaya və elə bizim özümüzə də bir daha sübut etdi ki, Vətən sevgisi hər zaman can vermir, can da alır. Bu kiçik yazını Azərbaycan xalqı üçün zamanla müqəddəs şüara çevrilən bir cümlə ilə bitirmək istəyirəm; “Torpaq, uğrunda ölən varsa Vətəndir!”.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

20 Yanvar 2022 00:09 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə