Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanlı və şanlı tariximiz

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Sözügedən reallıqdan çıxış edərək, qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 32 illik zaman kəsiyindən nəzər yetirib, bir sira narahatedici suallara cavab axtarmaqdır. Onları aşağıdakı ardıcılıqla təqdim etmək olar.

Birincisi. 20 Yanvar faciəsini şərtləndirən amillər hansılardır və onun qarşısını almaq mümkün idimi?

20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir:

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst möv­qeyi 1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımız Ermənistandan zor və işgəncə altında qovulmuşdu. Təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralan­mışdı.

Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qa­nuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günah­karları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz və cinayətkar siyasətin bir neçə məqamına nəzər yetirək:

– 1988-ci ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişa­fının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar, əslində, Dağlıq Qarabağın Azərbaycandan ayrı­laraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli İttifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.

-1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qara­bağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması–Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadi Volski təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarıl­masını təmin etmiş oldu.

Rəsmi Moskvanın yuxarı­da qeyd olunan addımlarından ruhlanan və şirnikən Ermənistan SSR Ali Soveti 1989-ci il de­kabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haq­qında qərar qəbul etdi. Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının for­malaşdırılmasını təmin etdi.

Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və antimilli siyasəti. Azərbaycan Xalq Cəbhəsinin təxribatçı addımları

Hadisələrin təhlili göstərir ki, Azərbayacan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi ma­raqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı mini­muma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 15 yan­var 1990-cı il tarixli qərarında “Müdafiə Nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq, Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin”,– şəklində ifadə olun­muş mövqe Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımla­rının radikallıq səviyyəsini daha da gücləndirmişdir. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalı idi.

Bundan savayı, 1989-cu ilin sonlarında ölkəmizin bəzi rayonla­rında Xalq Cəbhəsinin hakimiyyəti zorla ələ keçirməsi, Naxçıva­nın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqa­yıt ssenarisi əsasında “erməni ta­lanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi.

İkincisi. Bakıya yeridilən qo­şun hissələrinin hədsiz qəddarlığı nə ilə bağlı idi?

Əvvəla, qeyd edək ki, 1989-cu ilin sonlarınadək Bakı şəhərində 110 minlik silahlı qüvvə və hüquq-mühafizə orqanlarının şəxsi heyyəti var idi. Xüsusilə, Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi zabitləri və əsgərlərinin Azərbaycan xalqına münasibəti heç bir halda düşmən münasibəti deyildi, əksinə, daha çox loyallığı ilə fərqlənirdi. Onlar yerli əhalinin qonaqpərvərliyi və alicənablığını gündəlik həyatda görür və qiymətləndirirdilər. Başqa sözlə, “Görünən dağa nə bələdçi”. Təsadüfi deyildir ki, 20 Yanvar hadisəsi öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit kollektivi adın­dan SSRİ Ali Soveti Sədrinin və ölkənin müdafiə nazirinin adına ünvanlamış məktubda xüsusi olaraq qeyd olunurdu ki, Bakı­da vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzərəti altındadır və mövcud problemlərin həlli üçün siyasi tənzimləmə imkanları tükənməmişdir. Biz tam əminliklə deyirik: Bakıda ikinci Rumıni­yanın baş verməsinə imkan verilməməlidir.” Mərkəzə belə mövqe lazım deyildi. Ona görə də, rəsmi Moskva Bakıda qanlı ak­siyasını həyata keçirmək üçün bu qüvvələrə tam etibar etmirdi.

İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortaların­da SSRİ müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsu­si təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasosnu” aerodromlarında, respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropol­dan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

Həmin hərbi qüvvələr üzərində xüsusi psixoloji sınaqların keçirildi­yi haqqında təkzibedilməz faktlar vardır. Onlara belə bir dezinforma­siya təlqin olunurdu:

– Yerli əhali-azərbaycanlılar rusları qırmağa hazırlaşırlar və siz müqəddəs bir vəzifəni–rusları və bütünlükdə şəhərin xristian əhalisini labüd fəlakətdən xilas etməlisiniz;

– “Salyan kazarması” ətrafında və evlərin damlarında snayperlər yerləşdirilmişdir və hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə instinktindən çı­xış edərək patronlarınıza heyfiniz gəlməsin;

– Azərbaycan Xalq Cəbhəsinin hərbi dəstələri şəhərin strateji nöqtələrində yerləşdirilmişdir və onların amansız müqavimət göstərəcəklərini nəzərə alıb, qətiyyət və adekvat qəddarlıq nümayş etdirin;

– müqavimət göstərən tərəfin milisin, sovet ordusunun və ya da­xili qoşunların geyimində də olması mümkündür və bu reallığı nəzərə alıb, onları davamlı atəş hədəfinə çevirməyi bacarmalısınız.

Bir sözlə, SSRİ rəhbərliyinin “xeyir-duası” ilə 66 minlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər, eyni zamanda, həbsxanadan məlum məqsəd naminə azadlığa bura­xılmış məhbuslar Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlanmış və nəticədə 147 insanın qətlinə, 744 nəfərin ağır xəsarət alması­na, 841 nəfərin qanunsuz həbs edilməsinə, 200 mənzil, ev, şəxsi və dövlət əmlakının dağıdılma­sına rəvac verən bəşəri cinayət törədilmişdir.

Üçüncüsü, SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsində dünyanın digər fövqəldövləti olan ABŞ-ın üzərinə düşən məsuliyyət.

ABŞ-da 1994-2001-ci illərdə Dövlət katibinin müavini işləmiş Stroub Telbottun həmmüəllifi olduğu “Ən yüksək səviyyədə” adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-ın Dövlət katibi Ceyms Beyker ölkəsinin Ru­siyadakı fövqəladə və səlahiyyətli səfiri Cek Motlak vasitəsilə SSRİ-nin Xarici işlər naziri Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər sovet qoşunları Rumıni­yaya ölkədaxili sabitliyin bərpası naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla qarşılamayacaq­dır. Eduard Şevardnadze cava­bında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb etmək istəyir və bununla da özünün Panamaya olan müdaxiləsinə haqq qazandır­mağa çalışır. SSRİ-nin Xarici işlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə yeni xarici siyasət kursu­nu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən göründüyü kimi, söhbət yalnız sosialist ölkələrindən gedir­di, sovet respublikalarından yox.

Deməli, Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi ABŞ-ın Rumıniya ilə bağlı məlum mövqeyindən bir sıra nəticələr çıxardı. İlk nəticə isə ondan ibarət oldu ki, sovet qoşunlarını Azərbaycan xalqının müstəqillik mücadiləsinə qarşı Bakıya yeridəcəyi təqdirdə ABŞ-ın etirazı olmayacaqdır. Rəsmi Moskva, həm də onun fərqində idi ki, ABŞ-ın güclü erməni lobbisi və di­asporu da rəsmi Vaşinqtonun Bakı qırğınına qarşı laqeyid mövqeyi­nin formalaşmasında öz rolunu oynayacaqdır. Taktiki baxımdan belə qiymətləndirmədə Moskva yanılmamışdı. ABŞ 20 Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı. “Sem dayı” Rumıniya hadisələri fonunda davranışı ilə SSRİ-nin Bakı avantürasına do­layısı ilə “yaşıl işıq” yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə avantüralar əzəli rəqibi və düşməni olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə yaxın­laşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı, 20 Yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin kataliza­toru oldu.

Dördüncüsü, bu bəşəri cinayət olkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüqu­qi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tap­mışdır. Faciənin ertəsi gün – yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalq­la birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokrati­yaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza baş­sağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş siyasi rezonans doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olmuş və artıq tarixə çevrilmiş Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçir­diyi siyasətin nəticəsində həmin dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddi­alarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.

Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qal­dırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermiş­dir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.

1990-cı ilin iyulunda Mosk­vadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidar­da olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra –1994-cü ilin martında 20 Yanvar hadisələrinin hü­quqi müstəvidə əsil mahiyyəti açıqlandı.1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsil mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndər Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümü­nün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ümummilli lider tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilmişdir. Hələ ötən əsrin 90-cı illərində ulu öndərin müvafiq fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yan­var hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılmışdır.

“1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımı­zın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”,– deyən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, bu faciə ilə bağlı əlilliyi olan şəxlərin sosial müdafiə sisteminin forma­laşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 31-də “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” imzaladığı fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respub­likası Prezidentinin təqaüdü”nün məbləği 300 manatdan 500 manata qaldırılmışdır. Bu fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

Bundan savayı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparı­lan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlam­lıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək, onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını ar­tırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği aşağıdakı kimi müəyyən edilmiş­dir:

I qrup əlillərə - 400 manat;

II qrup əlillərə - 350 manat;

III qrup əlillərə - 300 manat

Artımların 2021-ci il yanvarın 1-dən etibarən tətbiqinə başlanıl­mışdır.

Digər tərəfdən, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvü­nün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesabla­nır. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər də verilir.

Prezident İlham Əliyevin 18 mart 2014-cü il tarixli sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də ölkənin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunumuşlar.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.

Hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı silsilə anım tədbirləri keçirilir.

Sonda təəssüf hissi ilə qeyd edək ki, bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımi siya­si-hüquqi qiymət verilməmişdir.

Onu da qeyd edək ki, keç­miş SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin rəhbərliyi ilə təşkil etdiyi istin­taq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparmış, istintaq hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinə xitam verilməsi barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssüf ki, həmin vaxt Azərbaycan Respub­likası Prokurorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdır.

Zaman keçdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yan­var faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokuror­luğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cümlədən keçmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materialla­rının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskar­larının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Beynəlxalq birlik isə hələ də bu ədalətsizliyə dözür. Buna bax­mayaraq, inanırıq ki, Azərbaycan xalqının qanına əli batmış bu cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminliyimizin ciddi əsasları vardır. Son 32 ildə ikinci dəfədir ki, 20 Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdığı bir zamanda qeyd edirik. O tarixi qələbə ki, bütün şəhidlərimizin ruhunu şad etmişdir. O, qələbə ki, Cəbrayılımızı, Füzuli­mizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçı­nımızı, Hadrutumuzu, Suqovuşa­nımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə –Azərbaycan xalqına qaytarmışdır.

Elman NƏSİROV,

Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,

siyasi elmlər doktoru, professor

20 Yanvar 2022 01:06 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə