Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar: Müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq tariximiz

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

Heydər ƏLİYEV

 Ümummilli lider

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.

Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqların­dan qovulması bu siyasətin mərhələləridir.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət olundu. SSRİ 1956-cı ildə Maca­rıstana, 1968-ci ildə Çexoslovaki­yaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikala­rından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. SSRİ-də və dünya sosializm sistemində iqtisadi, siyasi və sosial sahədə uzun müddət formalaşan böh­ran 1980-ci illərin sonlarında daha kəskin xarakter aldı. Soyuq müharibənin başa çatmasından sonra postsovet məkanında milli zəmində münaqişələrin başlan­ması, eləcə də sovet ordusunun 1986-cı ildə Alma-Ataya, 1989-cu ildə Tbilisiyə, 1990-cı ildə Bakı­ya 1991-ci ildə isə Vilnüsə hərbi müdaxiləsi də SSRİ-nin süqutunu bəlkə bir neçə on il tezləşdirdi. SSRİ-nin süqutu ərəfəsində Azərbaycandakı Dağlıq Qara­bağ, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya, Moldovadakı Dnestryanı, Qırğızıstanın Oş vilayətindəki faciəli hadisələr və Özbəkistanın Fərqanə vadisində Axıska türklərinə qarşı etnik təmizləmə və qırğın dalğası çoxmillətli dövlət olan SSRİ-də sabitliyi pozdu və real münaqişə ocaqlarına çevrildi. Bu münaqişələr beynəlxalq hüqu­qun prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxartdı.

XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü və 20 Yanvar faciəsinə aparan yol

Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qara­bağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı.

1985-ci ilin martında Mixail Qorbaçovun Sov. İKP MK-nın Baş katibi seçilməsindən sonra Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Ermənilər XX əsrin 80-ci illərinin ikinci yarısında yaranmış vəziyyətdən istifadə edərək özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Ümumiyyətlə, XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində antiAzərbaycan, anti­türk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov. İKP MK Siyasi Bürosuna qon­darma “erməni soyqırımı”nın 70 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər.

1987-ci il oktyabrın 21-də Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov. İKP plenumunda vəzifəsindən is­tefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” otelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək, Dağlıq Qaraba­ğın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Onun verdiyi müsahibə noyabrın 18- də “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddia­larının başlanması üçün bir siqnal rolunu oynadı.

Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi – Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi.

Qeyd etmək lazımdır ki, hələ sovet dövründə erməni ideo­loqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iq­tisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq, bütün İttifaq miqyasında yaymışdılar. Eyni zamanda, 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyi­ni bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessi­yasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barəsində” qərar qəbul etdilər. DQMV Xalq Deputatları Sovetinin tərkibində 140 deputatdan 110-u erməni, qalanı isə azərbaycanlı idi. Azərbaycanlılar isə bu iclasa bura­xılmamışdılar.

Lakin onu qeyd etmək va­cibdir ki, erməni siyasətçilərinin iddia etdiyi saxta tezis ortaya atılana qədər DQMV-yə rəhbərlik edənlərdən heç biri DQMV iqtisadiyyatının Ermənistandan asılılığından, vilayətin geriliyindən danışmamış, əksinə, vilayətin sosial-iqtisadi inkişafının Azərbaycanın başqa bölgələrinə, hətta, Ermənistanın özünə nisbətən sürətlə irəli getdiyini daim qeyd edirdilər. Baş verən sonrakı hadisələr DQMV-nin so­sial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.

Bu dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qis­mi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-eşiksiz qalmışdı. Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Bədən xəsarəti alan 198 nəfərin 87 nəfəri xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi, 14 avtomaşın yandırıldı, 8 avtomaşın zədələndi, 16 ticarət obyektinin şüşələri qı­rıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.

Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən hadisələrin kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının erməni millətçi hərəkatı üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənləri isə cəzalandırmaq qərarına gəldikləri, elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olduqları haqda fikirlər təsdiqini tapırdı. Faktlar sübut edir ki, törədilmiş talanlar təsadüfi olmamışdır.

Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan im­kansız ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldan istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur. Yəni Sumqayıtda baş verəcək hadisələrdə əvvəlcədən plan­lı şəkildə hazırlanmış və yerli ermənilər xəbərdar edilmişdi. Bununla yanaşı, baş vermiş talan və qətllərdə erməni millətindən olanlar xüsusi tapşırıqla “fəallıq” göstərmiş, öz millətindən olanlara amansızlıq etmişlər. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqor­yan olmuşdur. Belə ki, istintaq ma­teriallarının araşdırılması zamanı bir sıra mühüm məqamlar ortaya çıxdı. Sənədlər təsdiq edir ki, Edu­ard Qriqoryan və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 ermənini qətlə yetirmişdir.

1988-ci il sentyabrın 18-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qo­yuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi orqanların hadisələrə birtərəfli yanaşması nəticəsində Dağ­lıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdla­rından çıxarıldılar. Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışla­nılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu – 1989- cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Eyni zamanda, 1988-ci ilin sonunda ermənilər Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlılardan təmizləmək aksiyasını həyata keçirdilər. Belə ki, 1988-ci il no­yabrın 22-dən dekabrın 7-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, nəticədə 250 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı, o cümlədən 57 qadın, körpə və 18 uşaq qətlə yetirilmişdir.

1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla, DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yara­dılsa da, fərmanda göstərilənlərin əksinə olaraq, bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi.

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki ola­raq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüqu­qun əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.

Beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Kons­titusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıl­dı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə soxularaq dinc əhaliyə amansız divan tutdu.

Bakıya hərbi müdaxilə zamanı 1948-ci ilin İnsan Hü­quqları haqqında Bəyannamə, 1966-cı ilin Vətəndaş və Siya­si İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hü­quqlar haqqında, Beynəlxalq Pakt və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı, hərbi əməliyyatların aparılma­sını tənzimləyən – qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yün­gül fırlanan və yayılan güllələrin istifadə edilməməsi haqqında bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa müqaviləsi) də daxil olmaqla qüvvədə olan İnsan Hüquqlarına əsaslanan bütün beynəlxalq müqavilələr kobud­casına pozulmuşdur. Bu qanlı hadisələr həmçinin, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır ki, bu da 1949-cu il Cenevrə konvensiyalarına və onlara 1977-ci il əlavə protokol­larında nəzərdə tutulan digər prinsiplərə də ziddir. Eyni zaman­da, Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, 1974- cü il dekabrın 14-də BMT Baş Assambleyasının XXIX sessiya­sının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı, ona beynəlxalq hüquqi qiymət verildi və 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. Bu baxımdan, bir dövlət tərəfindən digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siya­si müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və hərbi təcavüz hesab olunur.

Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi və buna dünyanın reaksiyası

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatlarının möv­qeyi pislənmişdir. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilmiş hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişdir. Bu­nunla yanaşı, Türkiyə və İranın kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın adlandırmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, onlar Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İt­tifaqının rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə Qərbin mövqeyini izah etmək baxımından maraqlı­dır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandı­raraq, qüvvədən istifadə olunma­sının zəruri olduğu bildirmişdir.

Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-York Tayms”, “Baltimor San” mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə, xüsusilə, sovet ordu­sunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi. Sovet rəhbərləri ordunun Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər.

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci il aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioq­rafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən güna­hını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Qətliama siyasi qiymət verilməsi

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümum­milli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq Yanvarın 21-də siyasi iradə nümayiş etdir­miş ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını qətiyyətlə pisləmişdi.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siya­si-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönü­münün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılma­sı tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994- cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azad­lığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yan­var faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıl­mışdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Ko­mandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020- ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab ola­raq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirmişdir. Bununla da “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi dilə gətirildikdən bir il sonra, 44 gün ərzində reallığa çevrildi, xalqımıza böyük sevinc yaşatdı və mühüm hərbi Qələbə oldu. Bu tarixi hadisə ilə, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi, eləcə də ərazi bütöv­lüyü uğrunda 32 il əvvəl – 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olmuş Vətən övladlarımızın da ruhu şad oldu.

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,

siyasi elmlər doktoru

20 Yanvar 2022 00:24 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə