Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın Avropa və xarici işlər üzrə nazirinin açıqlaması diplomatiya ənənələri ilə tam ziddiyyət təşkil edir

Məlum olduğu kimi, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama verilib. Bu açıqlama diplomatiya ənənələri ilə tam ziddiyyət təşkil etməklə yanaşı, Fransanın bəzi hökumət və bir sıra parlament nümayəndələrinin cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlmiş bəyanatdır. Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərməsi ilə bağlı sərt cavab verilməməsi və ona həddinin bildirilməməsi bunu sübut edən amillərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

“Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Valeri Pekre­sin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar haqlı mövqeyini bildirib. Azərbaycanın suve­renliyinin və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibət qəbuledilməzdir və buna sərt reaksiya­nın verilməsi təbii haldır, tam məntiqlidir və düzgündür. Fransada keçiriləcək prezident seçkilərində namizəd olan xanım Pekresin seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdləri hər zaman beynəlxalq hüququn prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycanla münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Qafqaz regionunun sabitli­yini və inkişafını pozmağa yönəlmiş təxribatçı addımdır. Fransa Respubli­kasının Prezidenti Emmanuel Makro­nun təşəbbüsü ilə 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev ilə konstruktiv görüşündən sonra nazir Lö Drianın hökumət nümayəndəsi kimi bu cür bəyanatı öz hökumət başçısının apardığı siyasətə tam ziddir. Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh olunması qətiyyən qəbuledilməzdir”, – deyə Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, Fransa hökumətinin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə iş­ğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdir. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə, onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışırlar.

Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlı­ğının qorunması isə ali vəzifəmiz olaraq qalacaq. Azərbaycan Parlamenti isə Prezidentimizin bu istiqamətdə gördüyü işlərə hər zamankı kimi bundan sonra da dəstək verərək Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli bu cür əməllərə son qoyma­ğa çağırır. Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Driana müraciət ünvanlayaraq, onun diplo­mata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikası­nın Prezidentindən üzr istəməsi tələb olunsun.

19 Yanvar 2022 23:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə