Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli mücadilə tariximizin parlaq səhifəsi

 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar gecəsindən 32 il ötür. O zaman Bakıya vəhşi təcavüzü ilə əsl simasını göstərən imperiya ordusu XI qırmızı ordunun varisi olduğunu bir daha sübut elədi. Həmin soyuq gecədə xüsusi təyinatlı cəza dəstələri təpədən-dırnağadək silahlanmış halda Bakıya daxil olaraq, günahsız və əliyalın əhalini qanına boyadı. Ölümsaçan güllələrin nəticəsində soydaşlarımız şəhid oldu.

Azadlığına boylanan Bakıya qoşun yeridilməyəcəyi barədə bol-bol vədlər verilməsinə baxmayaraq, qəfildən cəza dəstələri tankla, topla Azərbaycan paytaxtının içərilərinə soxuldular, güllələr zülmətin bağrını yardı. Qoca-cavan, qadın-uşaq gülləbarana tutuldu. Riya­kar qorbaçovların, qudurğan yazovların cinayətkar hərəkətləri yerli başbilənlər tərəfindən heç nə ilə haqq qazandırılmayan bir şəkildə, xaincəsinə dəstəkləndi. Bu, sözün əsl mənasında, Vətənə xəyanət idi. Beləliklə, sovet imperiyasının nökərləri xalqların milli oyanış istəyini susdurmaq üçün Almatıda (16 dekabr 1986), Tbilisidə (9 aprel 1989) sınaqdan keçirdiyi “təcrübəni” Bakıda da tətbiq etdilər. Cinayətin növbəti ünvanı Vilnüs oldu (11-13 yanvar 1991).

Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı, SSRİ və Azərbaycan SSR kons­titusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. O gün keçmiş SSRİ dövləti erməni sepa­ratçılığından hiddətlənən dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu. Sovet qo­şunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

O zaman vəzifəsindən istefa vermiş və Mosk­vada yaşayan ümummilli lider Heydər Əliyev həmin hadisələrə kənar müşahidəçi kimi baxa bilmədi. Ailə üzvləri ilə bərabər oradakı Azərbaycanın Daimi Nümayəndəliyinə gəldi və 20 Yanvarın dinc əhaliyə qar­şı törədilmiş qanlı cinayət olduğunu bəyan etdi: “Dağ­lıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı... Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

“Qanlı şənbə” gecəsi Vətəni azad, müstəqil görmək arzusu ilə küçələrə çıxan, sinələrini tanklara sipər edən oğulları heç nə qorxutmadı. Lakin milli heysiyyətimizə məhəl qoymayanlar xalqın əleyhinə antidemokratik mövqe tutaraq kölə psixologiyası nümayiş etdirdilər və bütün məsələlərdə ovaxtkı mərkəzi hakimiyyətin sadiq qulları olduqlarını göstərdilər. Sovet qoşunlarını Bakıya dəvət edəndən sonra özləri aradan çıxan vəzirovlar, komendant saatının xalqın iradəsinə zidd qanunlarına söykənərək, camaatın əzmini qıran mütəllibovlar və qulbeçələri imperiyanın cinayət ortaqları oldular. Onlar “ölüm yatağına düşmüş” Kommunist Partiyasına süni nəfəs vermək, milli intibah havasına durulan mənəviyyatımızı əzmək istəyirdilər. Amma millət atılan toplara diksinib oyanmışdı, ağı-qaradan seçə bilirdi. Ölümləri ilə ölməzlik qazanmış şəhidlərin ruhu qarşısında baş əyən xalq artıq qorxunu yenmişdi, azadlığına sarsılmaz inam bəsləyirdi. Beləcə, milli oyanış tariximizin bu şərəfli səhifəsi taleyimizə işıq tutdu. Çox keçmədən Azərbaycandan əsən azadlıq rüzgarı Sovetlər ölkəsinin üzərindən qara buludları dağıtdı.

Təəssüf ki, köz tutmayan 20 Yanvar yaralarımız bir müddət, süni qarışıqlıqdan istifadə edilərək, Azərbaycan rəhbərliyinə təyin olunanların da, xalq hərəkatı dalğasında hakimiyyət apogeyinə yüksələn sonrakı iqtidarın da ambisiyalı şəxsi mənafe maraqlarının toranlığı arxasında qaldı. Başımızı qatmağa, faciəni unutdurmağa çalışsalar da, zəmanənin bic qəhrəmanlarının sabun köpüyünə bənzəyən mifləri nazilib-üzülməyən haqqın önündə tab gətirə bilmədi.

Nəhayət, biz azadlığımızı, müstəqilliyimizi qazana bildik. Vətənə qayıdan ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə rəsmi siyasi-hüquqi qiymət verdi. Xalqın dönməz iradəsi ilə ölkə rəhbərliyinə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev rəsmi Bakıda dövlət səviyyəsində 20 Yanvar faciəsinə həqiqi siyasi qiymət verilməsinə nail oldu. Kimin kim olduğu açıqca bəyan edildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə olundu. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya totalitar kommunist rejiminin törətdiyi hərbi təcavüz kimi qiymətləndirildi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.

Hər il Prezident İlham Əliyevin göstərişi ilə “Qara Yanvar” faciəsinin ildönümünün qeyd olunması xalqın həyatında baş verən hadisələrin illər ötəndən sonra belə unudulmadığını göstərir. Xalqımız 20 Yanvar şəhidlərini qədirbilənliklə yad edir. Artıq 32 ildir ki, hər qarışına müqəddəslik çilənmiş Şəhidlər xiyabanı ulu ziyarətgahımıza çevrilib. Şəhid ruhları kimi alışıb-yanan Əbədi məşəl də, mərmər məzar daşları da, kədərlə boynunu əymiş tər qərənfillər də şəhid bacı-qardaşlarımıza tükənməz ehtiramın rəmzidir.

Taleyimizə azadlıq toxumu səpmiş şəhidlərin qəhrəmanlıq amalı milli mücadilə tariximizin parlaq səhifələrini doğurub. Dövlət müstəqilliyimiz bərpa edilib və möhkəmlənib. Müstəqil Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti sayəsində yeni əsrdə daha sürətlə inkişaf edir. Ermənilərin Qarabağda və Şərqi Zəngəzurda işğala məruz qoyduğu torpaqlarımız 44 günlük Zəfər yürüşü ilə azad olunub və ərazi bütövlüyümüz təmin edilib. Bütün bu uğurlar göstərir ki, qəlbimizdə sönməz məşəl yandırmış 20 Yanvar hadisələri milli şüurumuzun pərvərişində əvəzsiz rol oynayıb və oynayacaqdır.

...Düz 32 ildir ki, Bakının ən uca nöqtəsində qərar tutan Şəhidlər xiyabanına – milli şərəf və ləyaqətimizin zirvəsinə hər gün yağış yağır. Bu, qanqırmızı qərənfil yağışıdır. Adamlar axın-axın bu xiyabana gəlirlər. Burada ömrünü Vətənə bağışlayan azadlıq mücahidlərinin ölməz xatirəsi yaşayır. Başdaşlarından boylanan şəkillər sanki adamla danışır. Kimini tankların qabağına əliyalın çıxanda vurublar, kimini meydanda, küçədə, eyvandan baxanda haqlayıb düşmən gülləsi. Məsum baxışlı qızcığazın, təbəssümü üzündə donmuş oğlanın, yenicə ailə həyatı qurmuş bəylə gəlinin, qoca kişinin günahı nə idi, görəsən? Bilirik: qanlı cinayət ona görə törədilib ki, millət daha imperiya boyunduruğunda qalmaq istəmirdi. Dayaqları sarsılan SSRİ-nin tərkibindən çıxmaq hüququndan istifadə etmək əzmini bildirmişdi. Haqq və hürriyyət deyə mübarizə bayrağını qaldıran xalqı nə imperiya ordusu, nə də o onun manqurt buyruq qulları bu yoldan döndərə bilməzdilər. Saysız-hesabsız əllaməlikləri ilə özünü gülünc vəziyyətə salan və buna görə də “bambılı” ləqəbini qazananlar, pleyboy imici ilə fəxr edən “güzgü-daraq aşıqləri”, Vətən oğullarını DTK zindanları ilə hədələyən mənəviyyatsız qaniçənlər axına qarşı axıradək gedə bilmədilər, kürünüb atıldılar.

Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən şəxslərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Hər il təzə mənzil alanların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. “Qara Yanvar”da şəhid olan şəxslərin ailələrinə yüksək Prezident təqaüdü verilir.

Daha şahidlər şəhidlərin ziyarətində acı göz yaşları axıtmırlar. Hər kəs çağdaş qəhrəmanlıq dastanını vərəq-vərəq oxuyur, saflaşır, durulaşır, təbii bir iftixar hissi keçirir. Çünki Vətən öz şəhidlərinə cani-dildən oğul deyib, torpaq onları köynəyindən keçirib. O mənhus gecədə qəhrəman Vətən oğullarımızın qəlbləri əbədi sussa da, işıqlı idealları yaşadı. Şəhidlərimizin ruhu bizdən çox-çox irəlidə, çox-çox ucadadır. Lakin nə qədər ki faciənin günahkarları layiqli cəzalarını almayıblar, 20 yanvar şəhidlərimizi ruhları narahatdır.

Onilliklər, yüzilliklər ötsə də, ümummilli taleyimizin dönüş mərhələsi sayılan 20 Yanvar gecəsinin ağrıları səngiməyəcək, şəhidlik şərbəti içmiş soydaşlarımızın ruhlarına ehtiramımız daha da artacaq.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

20 Yanvar 2022 00:13 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə