Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafiə tədbirləri ilə əhatə olunub

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan tarixinə xalqımızın istiqlaliyyət əzminin sarsılmazlığını ifadə edən qəhrəmanlıq səhifəsi kimi yazılıb.

20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib.

İndiyə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 135 nəfər 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlili mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə həmin sosial ödənişlər dəfələrlə artırılıb, həmçinin 2019-cu ildə sosial müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artımlar edilib.

2021-ci ilin əvvəlindən isə onlara Prezidentin aylıq təqaüdləri növbəti dəfə orta hesabla 50 faiz artırılıb və şəhid ailələri üçün 500 manata, 20 Yanvar əlilləri üçün I dərəcə üzrə 400 manata, II dərəcə üzrə 350 manata, III dərəcə üzrə 300 manata çatdırılıb.

2022-ci ilin əvvəlindən isə növbəti islahat paketi çərçivəsində əlilliyi olan şəxslərin müavinətləri növbəti dəfə artırılaraq, I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata, birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü 50 manatdan 80 manata çatdırılıb.

Beləliklə, təkcə son üç ildə əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Eyni zamanda, 20 Yanvar əlillərinin böyük hissəsi həm də pensiya ilə təmin olunur və son üç ildə pensiyaların da orta aylıq məbləği 60 faiz artıb.

Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailələri üzvlərinin hər birinin yaşa görə əmək pensiyasına əlavə hesablanıb.

Həmçinin hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin uşaqları da aylıq müavinətlə təmin olunur. Əmək, vergi və digər sahələrə dair qanunvericilikdə şəhid ailəsi üzvləri, eləcə də müharibə və 20 Yanvar əlilləri üçün bir sıra imtiyaz və güzəştlər əksini tapıb.

19 Yanvar 2022 14:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə