Ən son xəbərlər
“Euronews” agentliyinin yaydığı məlumata görə, İspaniya Avropa İttifaqı (Aİ) dövlətləri arasında kriptovalyuta bankomatlarının sayına görə liderdir. Agentlik yazır ki, ölkənin bitkoinlərlə ödəmə platformasından biri sayılan “Bitnovo” şirkəti ilə Avropanın elektron komponentləri tədarükçüsü olan “Eurocoin” arasında 2022-ci ildə ölkədə 100 ədəd kriptovalyuta bankomatının quraşdırılması barədə tərəfdaşlıq sazişi imzalanacaq. Bundan sonra İspaniya Aİ-də bu sahədə rəqabətsiz liderə çevriləcək.
Kriptovalyuta bankomatları hər bir istifadəçi üçün bitkoinlərə və əsas kriptovalyutalara əlçatanlığı təmin edir.
Bütövlükdə, “CoinATMRadar” tərəfindən təqdim edilən göstəricilərə əsasən, dünyada 34 min 659 kriptovalyuta bankomatı mövcuddur. Bunların böyük əksəriyyəti (30 min 806 ədəd) ABŞ-da quraşdırılıb. Buna görə də ABŞ bitkoin bankomatlarının sayına görə dünyada liderdir.
Bu göstərici üzrə ikinci yerdə Kanada qərarlaşıb. Kanadada 2 min 261 bitkoin bankomatı var.
Qeyd edək ki, dünyada bitkoin bankomatlarının sayına görə, üçüncü pillədə Salvador gəlir. Burada ölkə ərazisində 200 bankomat mövcutdur. Bu ölkədə bitkoin qanuni ödəniş vasitəsi qismində qəbul edilib.
Bu göstəriciyə görə, dünyada dördüncü yerdə olan İspaniyanın ilin sonunadək Salvadoru geridə qoyacağı gözlənilir. Hazırda İspaniyada təqribən 170 terminal var.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə