Ən son xəbərlər
Avropanın təhlükəsizlik strukturuna yenidən baxılması bütün tərəflər üçün faydalı olardı, ancaq gündəliyin yenilənməsinə və danışıq iştirakçılarının sayının artmasına ehtiyac var. Belə bir bəyanatla Avropa Parlamentinin sədri Jozep Borrel çıxış edib. Məlumatı “İzvestiya.ru” verib.
Borrel deyib: “Avropanın təhlükəsizlik strukturunun dəyişməsi hamıya faydalı ola bilər. Əgər söhbət bundan gedirsə və Rusiyanın məqsədi bundan ibarətdirsə, o zaman gündəliyi dəyişmək və təhlükəsizlik arxitekturasına yenidən baxmaq prosesinə daha çox iştirakçı cəlb etmək lazımdır”.
Bundan əlavə, onun fikrincə, keçən əsrin 70-ci illərindən etibarən “çox şey dəyişib, o cümlədən, Avropanın təhlükəsizlik arxitekturası, məsələn, artıq SSRİ mövcud deyil”.
Borrelin sözlərinə görə, Aİ Xarici İşlər Nazirləri Şurasının yanvarın 24-də keçiriləcək iclasına bununla bağlı yeni təkliflər hazırlanacaq.
Xatırladaq ki, bir qədər əvvəl təhlükəsizlik təminatı ilə bağlı danışıqlar aparılıb. Danışıqlar üç mərhələdə olub. Yanvarın 10-da Rusiya və ABŞ nümayəndələri Cenevrədə görüşüblər. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası baş tutub. Yanvarın 13-də isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının təmsilçiləri Vyanada Rusiya nümayəndələri ilə məsləhətləşmələr aparıblar.
Dekabrın 17-də isə RF XİN ABŞ və NATO-ya təhlükəsizlik təminatı ilə bağlı müqavilə layihələrini təqdim edib. Sənədlərə əsasən, Şimali Atlantika alyansı Ukraynanın təşkilat üzvlüyünə qəbul edilməyəcəyi barədə öhdəlik götürməlidir. Rusiya NATO-nu həm də Şərqə doğru genişlənməkdən, eləcə də Ukrayna, Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiya ölkələrinin ərazisində hər hansı hərbi əməliyyatdan imtina etməyə çağırıb. Bundan əlavə, NATO və Rusiya digər tərəfin təhlükə kimi qiymətləndirə biləcəyi addımlardan çəkinmək barədə öhdəlik götürməlidirlər.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə