Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Mərkəzdən verilən məlumatda bildirilir ki, İqtisa­di İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2021-ci ildə dünya iqtisadiyyatı 5,5 faiz, Azərbaycan iqti­sadiyyatı isə 5,6 faiz artmaqla son səkkiz ildə ən yüksək artım tempi göstərmişdir: “Təqdirəlayiq hal­dır ki, iqtisadi artımın drayveri qeyri neft-qaz sek­torunda olmuşdur: bu sahədə əlavə dəyər 2021-ci ildə 7,2 faiz və neft-qaz sektorunda isə 1,8 faiz artmışdır. ÜDM istehsalının 42,5 faizi sənayenin payına düşür ki, bu da 24,8 faiz orta dünya göstəricisini əhəmiyyətli şəkildə üstələyir. Ötən il Azərbaycanda qeyri-neft-qaz sənayesinin artım tempi 20 faiz olmuşdur ki, bu da Azərbaycanın müstəqillik tarixində rekorddur. Ən əsası odur ki, Azərbaycanda iqtisadi artım manatın sabitliyi, aşağı xarici borc və kifayət qədər yüksək strateji valyu­ta ehtiyatlarının mövcudluğu şəraitində baş verir. Dünya iqtisadiyyatının üzləşdiyi inflyasiya problemi ilə mübarizədə Azərbaycan hökuməti mümkün olan tədbirləri həyata keçirir.”

V.Qasımlı bildirib ki, 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Bir ildə qeyri-neft ixracının bu qədər artması müstəqillik tarixində bir ilkdir: “2021-ci ildə qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2021-ci ildə 270 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.” Vüsal Qasımlı qeyd edib ki, vergi orqanlarının keçən il proqnoz­dan əlavə yığdığı təqribən 1,4 milyard manat vəsait əhalinin sosial rifahına yönəldiləcək: “Vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, məcburetmədən könüllü riayətetməyə keçid, kölgə iqtisadiyyatı ilə mübarizə, leqallaşma, şəffaflıq və hesabatlılıq sahəsində görülən işlər nəticəsini verir. Göründüyü kimi, Azərbaycanda aparılan iqtisadi islahatlar sosi­al rifahın yaxşılaşmasına yönəldilir. Hansı ki, dünya təcrübəsində iqtisadi islahatlar bəzən ağrılı keçir və sosial rifaha mənfi təsir göstərir. 2019-cu ildə sosial islahat paketinə əlavə 3 milyard manat, 2020-ci ildə 600 milyon manat vəsait ayrılıb. 2022-ci ildə 2,1 milyon vətəndaşımızın əməkhaqqı və sosial ödənişlərinə dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılacaq.”

V.Qasımlı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə quruculuğu sürətlə gedir: “2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə 2,2 milyard manat vəsait ayrılmışdı, həmçinin yeni yaradıl­mış sənaye zonaları, kənd təsərrüfatı, xidmət və sənaye sahələrinə özəl sahibkarlar cəlb edilib. Bu ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 900-dən artıq biznes-plan daxil olub.”

Tədbirdə Milli Məclisin Komitə sədri Tahir Mirkişili, millət vəkili Vahid Əhmədov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Banklar Assosiasiyasının Prezi­denti Zakir Nuriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “Lütfi Zadə irs və süni intellekt” Assosiasi­yasının prezidenti Rafiq Əliyev və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış ediblər.

“Xalq qəzeti”

19 Yanvar 2022 04:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə