Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna ilə əməkdaşlıq daha uğurlu perspektivlər vəd edir

Prezident İlham Əliyevin yanvarın 14-də Azərbaycanın strateji tərəfdaşı olan Ukraynaya işgüzar səfəri münasibətlərimizin sürətli inkişafına təkan verəcək. Bundan sonra iki ölkənin əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Azərbaycan və Ukrayna xalqları arasında ənənəvi dostluq münasibətləri uzaq tarixə söykənir. Uzun illər Sovet İttifaqının tərkibində olan respublikalarımız həmin dövrdə də sıx əlaqələrə malik olublar. Müstəqilliyin bərpasından sonra həm Azərbaycan, həm də Ukrayna üçün strateji maraqlara cavab verən qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açılıb.

Xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq. İllərdir ki, Kiyevin mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucalır. Bakıda isə Ukraynanın böyük oğlu Taras Şevçenkonun heykəli qoyulub, eyni zaman­da, ən böyük meydanların biri Ukraynanın adını daşıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə Kiyevdə, T.Şevçenko adına Kiyev Milli Universitetinin nəbatat bağında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb. Ötən ilin sentyabr ayında isə Xarkovda mütəfəkkir şairimizin abidəsi qoyulub.

Azərbaycan Prezidentinin 2008-ci ilin may ayında Ukraynaya səfəri çərçivəsindən “Azərbaycan Respublikası və Ukrayna ara­sında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə” imzalanmış və həmin sənəd əməkdaşlıqda əhəmiyyətli rol oynamışdır. Ümumilikdə, iki ölkə arasında münasibətlərin hüquq bazasını formalaşdıran 155 sənəd imzalanmışdır.

Ukrayna hər zaman Azərbaycanın yanın­da olmuşdur. Biz bunu Azərbaycanın 44 gün­lük Vətən müharibəsində də gördük. Ukrayna dövləti daim Azərbaycanın haqlı mübarizəsini dəstəklədi, Ukrayna mətbuatı müharibə haq­qında obyektiv məlumatlar yaydı.

Sənaye mərkəzi Sumqayıtla Ukrayna şəhərlərinin əlaqələri daim sıx olub. Çer­kassı Sumqayıtla qardaşlaşmış şəhərlərdən biridir. Bizim gənclik şəhərində Çerkassının, orada isə Sumqayıtın adını daşıyan küçələr var. Rəhbərlik etdiyim “AzTERMOİZOL” ASC-nin də Ukrayna ilə əlaqələri var. Məlum Donbas münaqişəsindən əvvəl Donetsk şəhərindən dəfələrlə sifarişlər almışıq və sənaye obyektlərində mürəkkəb istilik-izol­yasiya quraşdırma işlərinin öhdəsindən layiqincə gəlmişik. Digər mühüm layihələrdə fəal iştirak etmişik. Eyni zamanda, Mariu­pol şəhəri sink-alüminium materialları üzrə bizim əsas təchizatçımız olub. Fəxr edirik ki, bu əməkdaşlığımızla xalqlarımızın dostluq tellərinin daha da möhkəmləndirilməsinə töhfələr vermişik...

Cənab İlham Əliyevin yeni ildə ilk ola­raq məhz Kiyevə xarici səfərə yollanması da çox şeydən xəbər verir. Məsələ bura­sındadır ki, 30 ilə qədər torpaqlarının 20 faizi işğal altında olmuş ölkəmizin rəhbəri Vətən müharibəsində möhtəşəm Qələbədən sonra Ukraynaya səfəri ilə həm də bu ölkəyə həmrəyliyini nümayiş etdirmiş oldu. Bu səfər, eyni zamanda, dost Ukrayna xalqı üçün Azərbaycanın geopolitik məsələlərdə təcrübəsindən yararlanmaq və sabit, müstəqil inkişafa nail olmaq baxımından əhəmiyyətli idi.

Səfər zamanı ölkələrimizin qarşı­lıqlı faydalı əməkdaşlığının daha da genişləndirilməsi nəzərdən keçirilib. Prezidentlər İlham Əliyev və Volodimir Ze­lenski bu yöndə bir sıra sahələri əhatə edən sənədlər imzalandıqdan sonra mətbuat üçün bəyanatlarında qeyd ediblər ki, tərəfdaşlığın geniş aspektləri və perspektivləri var. Həmin gün kənd təsərrüfatı, nəqliyyat, energeti­ka, ticarət sahələrində əlaqələri daha da intensivləşdirmək barədə altı mühüm sənəd qəbul edilib.

Əldə olunan razılıqlar Azərbaycana özü­nün ərzaq təhlükəsizliyini daha da artırmaq imkanı verəcək. Bu isə dövlətimizin qarşısın­da duran prioritet məsələlərdəndir. Prezident İlham Əliyev Kiyevə səfərindən iki gün öncə yerli telekanallara verdiyi müsahibəsində də bu məsələ üzərində ətraflı dayanıb və ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı davamlı addım­ların atıldığını vurğulayıb. Səfər zamanı aqrar sahədə emal və eksportla bağlı birgə fəaliyyətin əsası qoyulub.

Ukrayna üçün isə enerji təchizatı üzrə əlaqələrin genişləndirilməsi xüsusi önəm daşıyır. SOCAR-ın dost ölkədə öz fəaliyyətini genişləndirmək əzmi Ukraynada hərtərəfli dəstəklənir.

Şakir HƏSƏNOV,

“AzTermoizol” ASC-nin rəisi

19 Yanvar 2022 04:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə