Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın şərəf salnaməsi

Xalqımızın azadlıq, müstəqillik mübarizəsinin tarixi onun azadlıq, müstəqillik niyyəti ilə yaşıddır. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri Azərbaycanın dövlətçiliyini parçaladı. Həmin vaxtlardan siyasət qələmi Azərbaycanın xəritəsinin konturlarını dəyişdi. Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasında deyildiyi kimi, Azərbaycanı ikiyə böldülər... Ancaq xalqın müstəqillik istəyinin üstündən siyasət yelləri əsdirməyi bacarmadılar. 1918-ci ildə Şərqdə ilk Demokratik Cümhuriyyət yarandı – Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və dünya üçrəngli bayrağın işığında dərk etdi ki, yaşarı ruha, bəşəri ruha məğlubiyyət yoxdur...

Zülm, istibdad həmişə bəşəriliyə, dünyəviliyə düşmən kəsilib. Gec-tez Xeyirin Şərə qalib gələcəyini bilsə də, gec-tez “siyasət kəndirinin kəsiləcəyinə” şübhəsi olmasa da tarixin sabahını bu gününə qurban verməyə meyillənib. Və “əli daş altında qalanda” ayılıb...

Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərakatı genişlənmişdi. Bu hərakatı dünya üzünə Ermənistanın Azərbaycanda torpaq iddiası çıxartdı. Azadlıq hərakatı imperiyanın qadağalarına məhəl qoymadı, Sibir xofundan, Lefortovo sıxıntılarından çəkinmədi. Milli-azadlıq hərakatı erməniliyi dəstəkləyən Kremlə yönəldildi. Xalq iki cəbhənin əsgəriydi, torpaqlarımıza göz dikənlərlə mübarizə aparırdı (döyüşürdü – silahla). Torpaqlarımıza göz dikənlərə havadarlıq edən imperiya ilə də mübarizədən çəkinmirdi. İmperiya Azərbaycanda milli-azadlıq hərəkatından nəinki çəkinir, hətta qorxurdu da. Qorxurdu ki, bu hərəkat SSRİ deyilən xalqlar həbsxanasını çökdürər. Ona görə imperiyalıq xislətinə uyğun olaraq, bu hərəkatı “beşikdəcə boğmaq” məqsədilə Moskva Bakıya qoşun yeritdi. Bu, imperiyalara xas olan cəza siyasəti idi. Xalq imperiyanın bu niyyətini qətiyyəti ilə qarşıladı – çəkinmədən, qəzəb dalğası ilə. Silahsız insanlara qarşı döyüş texnikaları ilə, müxtəlif növ atıcı silahlarla, gözyaşardıcı bomba ilə gələnlər təkcə əmri yerinə yetirmədilər, həm də azadlıq, müstəqillik mücahidlərinin təmsil etdiyi xalqa sevgisi olmayanların niyyətini həyata keçirdilər. 19 yanvar gecəsi Azərbaycan Dövlət Televiziyasının enerji blokunu partlatdılar ki, xalq gözlənilən təhlükədən xəbər tuta bilməsin, qırğın çox olsun. Bu, imperiyanın xislətinin yerinə yetirilməsində vəsilə oldu. O gecə atılan güllələr yüzlərlə dinc sakini məhv etdi, yaraladı. O gecə yaralıları xəstəxanalara aparan “Təcili yardım” maşınları da güllələnirdi, evinin eyvanına çıxanlar da, evinə tələsənlər də. O gecə xalqın ruhu imperiyanın qəddarlığı ilə döyüşürdü...

İmperiyanın göndərdiyi ordu hissələrinin dünyəvilik, bəşərilik xisləti əmr verilən andan dondurulmuşdu.

Larisa Məmmədovanı kim unudar? Ona güllə atanın özü də unuda bilməyəcək, qatilin valideynləri də; qəddarlıq onları son nəfəsinə kimi təqib edəcək. Məktəbli Larisanın o vaxtki yaşıdları indi anadı, bəlkə də nənədi. Ancaq Larisa əbədiyyən 12 yaşda qalacaq.

20 Yanvar faciəsində Bakıda və respublikamızın rayonlarında 146 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. 200 ev və mənzil dağıdıldı, 80 avtomaşın məhv edildi.

1990-cı il yanvarın 21-də böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyi qarşısında çıxış edərək imperiyanın törətdiyi qırğınlara siyasi qiymət verdi, faciənin günahkarlarının cəzalandırılmasını tələb etdi. Bu, böyük cəsarət də – tarixin axarına qarşı çıxmaq da imperiyanı qorxutdu, ən böyük azərbaycanlının bu çıxışının mahiyyətinin səmtini dəyişməyə cəhd göstərdi, ancaq bunu bacarmadı, dünya ictimaiyyəti böyük tarixi şəxsiyyətin çıxışını imperiya xislətinə, bu xislətin timsalında imperiyanın özünə ölüm hökmü bildi...

Rus imperiyası Bakıda faciə törətmişdi. Unutmuşdu ki, Tofiq Fikrət demişkən, “Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır.” Xalqın mübarizə əzmi tarixin üstünə yürüş etdi. İmperiyanın ilhaq zənciri Azərbaycanda qırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi – müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu.

20 Yanvar faciəsi tarixin müstəvisində həmişə zülm mexanizmi olmaq etibarilə imperiyanın qəddarlığı kimi lənətlənəcək, Azərbaycan xalqının milli ruhunun dönməzliyi kimi qürurla xatırlanacaq.

Ümummilli lider Heydər Əliyev demişdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu kəlamlar tarixi faciəyə tarixi şəxsiyyətin münasibəti kim dinlənildi və dərk edildi. Ulu öndər bu faciənin mahiyyətini imperiyanın milli, xəlqi ruhun müstəqillik mübarizəsi qarşısında acizliyi kimi xarakterizə edirdi və bu, imperiyanın timsalında imperiyaların xarakterinə verilən ən dürüst, siyasi baxımdan ən mükəmməl qiymət idi. İstər Mockvada Azərbaycanın Daimi Nümayəndəliyi qarşısında çıxışında, istərsə də sonralar dedikləri bu faciənin ideoloji təşkilatçısı olmuş Mixail Qorbaçovun etirafına səbəb olmuşdu...

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Dünya dövlətləri gördü ki, xalq bu faciəni həm də qürur tarixi bilir. Xalqın şəhidlikdən keçən mübarizəsi dövlət müstəqilliyinin bərpasının siyasi qarantı oldu. Dünya onu da gördü ki, bu xalq yaranışından azadlıq, müstəqillik cəfakeşi olub. Xalq müstəqilliyi naminə şəhid olanları son mənzilə ehtiramla uğurladı, indi Azadlıq Meydanı adlanan meydandan Dağüstü parka kimi çiyinlərdə aparıldı, şəhərin ucalığında dəfn edildi. İndi ora Şəhidlər xiyabanı adlanır. Təkcə 20 Yanvar günü deyil, ilboyu Şəhidlər xiyababanına ziyarətə gələnlər azalmır. 20 Yanvar faciəsini görən yaşlılar da gəlir, o faciə ilə yaşıd olanlar da, o faciədə şəhid olanların övladları da, nəvələri də.

Növbəti dəfə Şəhidlər xiyabanındayam.

Nə gələnlər gedənlərə baxırdı, yerişini hiss edirdi, nə gedənlər gələnləri görür, ayaq səslərini eşidirdi. Obrazlı desək, hamı şəhidlərin daşlaşmış baxışlarına qəlbinin gözü ilə baxırdı. Mənəvi borcunun bir zərrəsini ödəyənlər də, ödəməyə gələnlər də 32 il əvvəlin bir qış gecəsini son nəfəsi ilə isidən şəhidlərimizə and içib keçirdilər: Sizin apardığınız mübarizə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi. Biz bu müstəqilliyi varlığımızla qoruycağıq! Sizin mübarizə yolunuz əbədiyyətə çatacaq. 20 Yanvardan başlanan yol hər birimizin ürəyindən keçir...

Şəhidlər xiyabanında ruhən şəhidlərə hesabat veririk: Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Sizdən sonra Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə başladı. İşğalçı dövlət havadarlarının hərbi yardımı ilə torpaqlarımızın 20 faizini işğal etdi. 2020-ci il noyabrın 8-də isə müzəffər ordumuz sentyabrın 27-də başlanan Vətən müharibəsini zəfərlə başa çatdırdı. Azərbaycan Ordusu bu zəfəri sizin ruhunuza gözaydınlığı bildi....

Qarabağ müharibəsində döyüşənlər 20 Yanvar şəhidlərinin ruhunu da sıralarında bilirdi. 20 Yanvar şəhidlərinin oğulları, qardaşları döyüşürdü bu savaşda. Neçəsi şəhid oldu. Allah hər bir şəhidimizə rəhmət eləsin!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsi zəfərlə başa çatdı. Müharibə itkisiz olmur. Vətən müharibəsində şəhid olanlar 20 Yanvar faciəsində şıhid olanların amalının davamçıları idi. Onlar da torpaqlarımızı işğaldan azad etmək üçün mərdliklə döyüşürdü. Vətən müharibəsində şəhid olanların da ruhu əbədiyyən xalqın ruhunda yaşadılacaq. Ölkə başçısı Vətən müharibəsində şəhid olanları ehtiramla xatırlayaraq dedi: “Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətən-pərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”. Bu ehtiram 20 Yanvar şəhidlərinə də ünvanlanır...

Bu mübarizə də, 20 Yanvar hadisələri də sonrakı dövrlərdə müxtəlif mübarizələrin ruhunu müəyyənləşdirdi. 20 Yanvar Azərbaycanın minillik dövlətçilik tarixinə həm də şərəf salnaməsi kimi daxil oldu.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

19 Yanvar 2022 04:30 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə