Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç vaxt unudulmayacaq gün

Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmaya­caq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı il 20 Yanvar faciəsi müstəqilliyimizin bərpasının başlanğıcı, istiqlaliyyət yolunun zirvəsidir. Həmin gün təpədən-dırnağadək silahlanmış imperiya ordusunun dinc əhaliyə tutduğu divan hev vaxt unudulmayacaq. Pulemyotların, avtomatların səsi, ağır zirehli maşınların uğultusu, tankların vahiməli səsi bu gün də qulaqlarımızda cingildəyir. Həmin gün Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. O gün xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları 32 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet im­periyasının o vaxtkı rəhbərlərinə və on­ların Azərbaycandakı əlaltılarına nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə in­san axın-axın Şəhidlər xiyabanına gedir, müstəqillik, suverenlik yolunda canından keçən mərd oğul və qızlarımızın əziz xatirəsini yad edir, onların ruhuna dualar oxuyurlar.

Keçmiş SSRİ rəhbərliyinin ölkəmizə qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkarlığının siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı. Dinc əhaliyə amansızcasına divan tutan sovet imperiyasının bütün qəddarlığına baxmayaraq, xalqın haqq səsini boğa bilmədilər. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalq­la bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin qarşısında müti qul kimi tapşırıqları yerinə yetirməyə davam etdilər.

1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə poza­raq. Bakıda fövqəladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlan­mış plan məxfi şəkildə həyata keçirilirdi. İlk növbədə, Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi.

Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan əliyalın insanlara qarşı törədilmiş ağla­sığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşüb. O gün dinc əhaliyə – müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən insanlara qarşı həyata keçirilən cəza tədbirləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və bu sahədə qəbul olunmuş digər konven­siyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.

Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terrora əl atan sovet rejimi Stavropol, Krasno­dar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Sovet ordusu Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı, eləcə də, Mixail Qorbaçovun razılığı ilə şəhərə girmişdi. Azərbaycanı sovet imperiya­sının buxovlarında saxlamaq, sovet rejiminin hegemonluğunu hələ uzun müddət davam etdirmək və milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilmişdi. Sonradan məlum oldu ki, xalqın haqq səsini batırmaq üçün Bakıya 35 minlik ordu göndərilibmiş.

Azərbaycan xalqına divan tutulma­sı üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları əsas vəzifələrin icraçıları olublar. M.Qorbaçov başda olmaqla sovet imperiyasının digər rəhbərləri də milli ayrı-seçkilik bəhanəsindən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirdilər. Guya Ba­kıya yeridilən qoşun hakimiyyəti zorakı yollarla ələ keçirməyə çalışan 2 “millətçi ekstremist”i zərərsizləşdirəcək və hərbi qulluqçuların ailələrini qoruyacaqmış. Bu, qabaqcadan hazırlanmış uydurma plan idi. Elə həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonu­nun hərbi hissələri, hava hücumun­dan müdafiə qüvvələri var idi. Yəni, sovet dövləti tabeliyində olan həmin qüvvələrdən istifadə edə bilərdi.

Həmin vaxt ölkəyə rəhbərlik edənlər bu dəhşətli hadisəni müxtəlif yalan və riyakarlıqlarla xalqdan gizlətməyə çalışırdı. Lakin hadisə baş verən günün ertəsi o vaxtlar Moskvada ciddi nəzarət altında olan Heydər Əliyev haqq səsini qaldırdı və bu faciə barəsində bütün dünyaya məlumat verdi. Bəli, qətliamı həyata keçirmiş sovet rejiminə qarşı ən kəskin bəyanatı o vaxt Moskvada ya­şayan, təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi. Ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qırğını kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. Heydər Əliyev bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi yenə də kölə psixologiyasından əl çəkmədi. Bu qətliamın bilavasitə təşkilatçısı və iştirakçısı olmuş SSRİ rəhbərliyinin mövqeyini dəstəkləmiş cinayətkarların məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görmədi. Əksinə, bu cinayəti ört-basdır etmək üçün bütün vasitələrə əl atdı.

Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra bu dəhşətli cinayətə obyektiv qiymət verildi. Ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Məhz müdrik şəxsiyyətin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul dildi. Beləliklə də, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Faciə nəticəsində həlak olanlara onun fərmanı ilə 20 Yanvar şəhidi adı verildi, onların ailələrinə birdəfəlik yardım göstərildi. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 20 “Yanvar şəhidi” fəxri adı təsis edildi. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sis­temi formalaşdı.

20 Yanvar hadisələri, eyni za­manda, beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totali­tarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konven­siyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haq­ları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu.

Azərbaycan xalqı və dövləti 20 Yan­var şəhidlərinin xatirəsini daim uca tutur. Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

20 Yanvar qətliamını qanlı faciə adlandıran dövlətimizin başçısı deyib ki, bu fakt Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının və Azərbaycanın o vaxtkı rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi.

Möhtərəm Prezidentimizin dedi­yi kimi, 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin gün Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu: “Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zaman­da, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir”.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Bu qəhrəmanlıq səhifəsi yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadı...

Vətən müharibəsində Ermənistan üzərində qazandığımız tarixi qələbə bütün şəhidlərimizin qisasını aldı. Şəhidlərin qanı yerdə qalmadı. Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşadı.

Prezident, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq, torpaqlarımı­zı azad etməsi dövlətçilik tariximizin şanlı səhifəsidir. Azərbaycanın haqq-ədalət uğrunda mübarizəsi qələbə ilə nəticələndi və xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. Şanlı qələbə dövlətimizin və xalqımızın iftixar edəcəyi tarix səhifəsinə çevrildi. Bu gün biz qalib xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında azad etməyimizlə fəxr edir, qürur duyuruq. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur ünvanı olacaq.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

19 Yanvar 2022 04:28 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə