Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə, test imtahanı və təlimlər keçirilir

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə, test imtahanı və təlimlər davam edir.

Müsahibələr Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binasında və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır.

DİM-dən bildirilib ki, müsahibədən məqbul alaraq test imtahanı üçün qeydiyyatdan keçən namizədlər psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahana cəlb edilirlər. Bu günə qədər 962 namizəd müsahibə mərhələsində iştirak edib.

Psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan yanvarın 16-da Dövlət İmtahan Mərkəzində 1,5 saat müddətində elektron qaydada aparılıb və 135 namizəd iştirak edib. Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən və psixometrik testlərinin nəticəsi məqbul olan namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq təlimə cəlb olunurlar. Bu günə qədər ilkin test imtahanında 682 namizəd iştirak edib.

Ötən günlər ərzində test imtahanından uğurlu nəticə əldə edən namizədlər üçün yanvarın 15-də və 16-da Azərbaycan Universitetində 20-22 nəfərlik qruplarda növbəti təlimlər təşkil olunub və 84 namizəd iştirak edib.

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır. Bu günə qədər 169 namizəd təlimlərə cəlb edilib.

Eyni zamanda, ötən həftədə təlimləri uğurla başa vuran 80 namizəd yanvarın 16-da DİM-inzibati binasında yekun test imtahanına dəvət edilib. Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı əldə etdikləri imtahanların texnologiyası, zal nəzarətçilərinin vəzifələri və funksiyaları haqqında nəzəri bilikləri yoxlanılıb.

İmtahanlardan 60% və daha yüksək nəticə göstərənlər A və ya B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilirlər. Zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.

Xatırladaq ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyata oktyabr ayından başlanılıb və bu müddət ərzində 1457 nəfər öz ərizəsini təsdiq edib. Ümumi prosesin fevral ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

18 Yanvar 2022 12:57 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə