Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tədqiqatçılar Marsda həyatın olmadığını açıqlayıblar

“The Guardian” nəşrinin yaydığı məlumata görə, ABŞ-da 13 min il əvvəl Antarktidaya düşən meteoritin qalıqları üzərində aparılan yeni elmi-tədqiqat əvvəlki tapıntıların əksinə olaraq Marsda həyat izinə rast gəlinmədiyini üzə çıxarıb.

Bildirilir ki, Karnegi İnstitutunun tədqiqatçısı Endryu Stilin rəhbərlik etdiyi qrup 1984-cü ildə Antarktidada tapılan meteoritdə qırmızı planetdə həyatın olduğuna dair heç bir dəlil olmadığını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, meteoritdə tapılan karbonla zəngin komponentlər çox güman ki, daş üzərində uzun müddət duzlu suyun axması nəticəsində əmələ gəlib. O, Marsda mikroorqanizmlərin olub-olmadığını sübut etmək üçün oradan Yerə nümunələrin gətirilməli olduğunu da qeyd edib.

Araşdırmaçılar təxminən 4 milyard illik meteorit üzərində aparılan araşdırmanın nəticələrini “məyusedici” adlandırıblar.

Qeyd edilir ki, 13 min il əvvəl Antarktidaya düşən və adı “Allen Hills 84001” olan meteorit 1996-cı ildə üzərində qalıq tapılması ilə gündəmə gəlib. Partlayış nəticəsində Marsdan qopduğu güman edilən meteoritlə bağlı araşdırma aparan tədqiqatçılar 3,5 milyon il əvvəl Marsda suyun ola biləcəyi iddiasını irəli sürmüşdülər.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

18 Yanvar 2022 04:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə