Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı daha da gücləndirən 2021-ci il

 Azərbaycan son illərdə yüksək inkişaf yolu keçib. Sosial sahədə çoxsaylı islahatlar aparılıb, iqtisadiyyat üç dəfədən çox artıb, iqtisadiyyata 300 milyard dollara yaxın investisiya yatırılıb. Ölkənin strateji valyuta ehtiyatları son 10 ildə 2 dəfəyə yaxın artaraq 52 milyard ABŞ dollarına çatıb və bu rəqəm bütövlükdə ölkənin ÜDM-ni üstələyib.

 

 Yola saldığımız 2021-ci ildə iqtisadiyyatın sürətli artım tempi müşahidə edilib və inkişaf göstəriciləri yüksəlib. Ölkənin neft sahəsindən asılılığını aradan qaldırmaq istiqamətində görülən tədbirlər öz səmərəsini verib və qeyri-neft sektorunda artım əldə olunub. İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına təsir göstərib.

Ötən il əldə edilən uğurlar işğal­dan azad edilən torpaqlarımızda sürətli yenidənqurma, tikinti-quru­culuq işləri, COVID-19-la mübarizə şəraitində qazanılıb. Bu dövrdə heç bir sosial layihə təxirə salınmayıb. Bütün layihələr Azərbaycanın heç bir dövlətdən borc almadan öz gücünə rellaşdırılıb.

Ötən il Azərbaycanda reallaşdı­rılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks tədbirlər davam etdirilib, is­tehsal və ixrac potensialının artırılma­sı, sərmayə qoyuluşunun stimullaş­dırılması üçün səmərəli mexanizmlər tətbiq olunub. Bütün bu işlər dünyada hələ də sonu görünməyən pande­miya və iqtisadi-maliyyə çətinlikləri fonunda reallaşdırılıb və müsbət göstəricilər əldə edilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə:

– 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb. ÜDM istehsalının 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıq­çılıq sahələrin payına düşüb;

– iqtisadiyyatın neft-qaz sektorun­da əlavə dəyər 2,7 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 055,3 manata bərabər olub;

– Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin 11 ayı ərzində 47,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənayenin qeyri-neft sektorun­da məhsul istehsalı 20,7 faiz artıb. Respublikada sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya ya­tırılıb, 9 min 500-dək iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə 0,4 mil­yard manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulub.

Hazırda ölkədə mövcud olan 7 sənaye parkı və 5 sənaye məhəlləsində bu günə qədər 5 mil­yard manatlıq məhsul istehsal edilib, bunun 1,4 milyard manatı, təxminən 28 faizi ixrac olunub.

Hesabat dövründə qeyri-neft sek­torundan daxilolmalar 5,870 milyard manat təşkil edib və proqnoza 114,8 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,5 faiz və ya 697,3 milyon manat artıb.

Ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşdırılıb. Yeni hava limanları inşa olunub, min kilometrlərlə müasir yollar çəkilib. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilib. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı­na çevrilib, həmçinin tranzit daşıma­ları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynayan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub.

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün real imkanlar ya­ranıb. Bu dəhliz ilə Azərbaycandan Ermənistana və oradan respublika­mızın Naxçıvan bölgəsinə, eləcə də Türkiyə və Avropaya əlverişli alter­nativ nəqliyyat marşrutunun fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair Tədbirlər Planı uğurla həyata keçirilib. Tədbirlər Planında kənd təsərrüfatı təyinatlı tor­paqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurla­rın sadələşdirilməsi, ixracyönümlü aq­rar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi planlaşdırılıb.

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun işğal al­tında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsinə geniş imkanlar yaradıb. Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırılmasını şərtləndirib.

Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişa­fına da dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək.

Prezident İlham Əliyev ötən il kənd təsərrüfatında əldə edilən uğur­larla bağlı yerli televiziya kanallarına verdiyi müsahibədə deyib: “Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə is­tehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq isteh­salı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı dirilt­dik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi ola­raq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır…”.

Dövlətimizin başçısı müsahibəsində ölkənin taxılçılıq sahəsindəki mövsud vəziyyət barədə fikirlərini diqqətə çatdıraraq, bu məsələ ilə bağlı qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərini bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direk­toru Firdovsi Fikrətzadənin sözlərinə görə, Azərbaycanda aqrar şirkətlərin təcrübəsi və biznes imkanları respub­likanın kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının digər region ölkələrinin torpaq resurslarının hesa­bına ödəməsinə imkan verir. Burada söhbət digər ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirərək Azərbaycana gətirməkdən gedir. Bu isə onunla bağlıdır ki, region ölkələrinin çoxunda torpaqlarla təminat göstəricisi torpaq resursları məhdud olan Azərbaycandan daha yaxşıdır.

Firdovsi Fikrətzadə, həmçinin bildirib ki, Azərbaycanda on minlərlə sahədə müasir istehsal texnologi­yalarını tətbiq edən, böyük həcmdə istehsal həyata keçirən aqrar şirkətlər yaranıb ki, onların təcrübəsi, poten­sialları və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməyə imkan verir. Bununla bağlı artıq ilkin təcrübələr də var. Bizim iri sahibkarların Rusiya, Ukrayna və Qazaxıstanda müxtəlif kənd təsərrüfatı layihələrində – həm taxılçılıq, həm istixana sektorunda iştirak təcrübələri diqqət çəkir. Bu, bizim taxıl təminatımızda da müsbət məqam kimi çıxış edir. Hazırda burada söhbət dövlət-özəl sektor əməkdaşlığı əsasında yanaşmadan, bu prosesin daha sistemli şəkildə genişləndirilməsindən gedir.

V.BAYRAMOV,

 “Xalq qəzeti”

18 Yanvar 2022 04:29 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə