Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hərtərəfli inkişaf tendensiyası ilə diqqət çəkir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu gün öz tarixinin ən şərəfli – istər siyasi, istərsə də iqtisadi cəhətdən yüksəliş dövrünü yaşayır. Dövlətimiz iqtisadi cəhətdən heç vaxt bu qədər güclü olmamışdır. Ağır müharibədən qalib çıxmış, koronavirusun yaratdığı çətinliklərdən sonra iqtisadiyyatımız yüksələn templə artmaqdadır. Möhtərəm Prezidentimizin yerli telekanallara müsahibəsində də ölkə iqtisadiyatı ilə bağlı səsləndirdiyi fikirlər bir daha bunu deməyə əsas verir.

Dünyaya neft-qaz ixrac edən Azərbaycanın bu gün qeyri-neft sənayesi də yüksək sürətlə inkişaf etməkdədir. Ölkəmizdə qeyri-neft sənayesinin artımı 20 faizə yaxınlaşır. Bu sahədə ixracımızdakı artım isə 40 faizdən çoxdur. Bu isə o deməkdir ki, dövlət büdcəmiz təkcə neft-qaz hesabına deyil, digər məhsullar hesabına daxil olmuş xarici valyutalar sayəsində formalaşmışdır.

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, ixrac idxalı üstələyir. Ölkəmizin valyuta ehtiyatları ötən ilə nisbətən 2,5 milyard dollar artmışdır. Dövlət başçımızn rəhbərliyi ilə apa­rılan iqtisadi siyasət nəticəsində Azərbaycan manatı stabilliyini qoruyub saxlamaqdadır. Milli valyutamız olan manatın stabilliyi investorların, xüsusilə, xarici şirkətlərin Azərbaycana investi­siya yatırmasına böyük fayda verir.

2022-ci ilin büdcə xərcləri 30 milyard manata çatdırılıb ki, bu da Azərbaycanın tarixində ən böyük büdcə olacaq. Bu göstərici imkan verəcək ki, işğaldan azad edilmiş ərazilərimizdə və digər bölgələrimizdə nəzərdə tutulmuş investisiya layihələri uğurla həyata keçirilsin.

Sosial sahə hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Vergi or­qanları tərəfindən keçən il proqnozdan əlavə 1,4 milyard manat yığılıb. Bu, onu göstərir ki, ölkədə fəaliyyət göstərən sahibkarlar şəffaf vergi siyasəti ilə işləyirlər. Həmin vəsaitin 1,5 milyard manatı sosial layihələrin həyata keçirilməsinə yönəldilmişdir.

Bu il ölkəmizdə genişmiqyaslı sosial layihələr həyata keçirilməkdədir. Minimum əməkhaqqı və minimum pensiyalar 20 faiz, eləcə də, təqaüdlər və sosial müavinətlər də artırılmışdır. Bütün bu artımlara büdcədən 1,5 milyard manat vəsait ayrılmışdır ki, bundan 2 milyon nəfər vətəndaşımız yararlanacaq.

Bu gün dünya bazarında qida məhsullarının, xüsusən, buğdanın qiymətlərində artım müşahidə edildi. Həmin fakt dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycana da öz təsirini göstərdi, bəzi ərzaq məhsullarının, eləcə də, unun qiymətində artıma səbəb oldu. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrin əsas məqsədi ondan ibarətdir ki, vətəndaşlarımız rifah içində yaşasın və bu qiymət artımından əziyyət çəkməsinlər. Möhtərəm Prezidentimiz ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı və aqrar sahənin inkişafına xüsusi diqqət ayırır. Son illər dünyada yaranan ərzaq qıtlığı fonunda, Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükündə böyük irəliləyişlərə nail olmuşdur. Son 15 ildə ölkəmizdə meyvə və tərəvəz isteh­salının həcmi iki dəfə artmışdır. Azərbaycan özünü mal və qoyun əti ilə demək olar ki, 100 faiz təmin edir. Ölkəmizdə becərilən meyvə və tərəvəzlər daxili bazarı ödəməklə yanaşı, xarici dövlətlərə də ixrac edilir. Ölkəmizdə təxminən 3,4 milyon ton buğda istehlak edilir ki, bunun da 2 milyon tonu özümüzdə istehsal olunur. Qalan hissəsi isə xarici dövlətlərdən idxal olunur. İşğaldan azad edilmiş torpaqlarımızın becərilməsi nəticəsində idxalın səviyyəsi mini­muma endiriləcək. Bu həm də büdcə vəsaitinə qənaət deməkdir.

Ölkə başçımız müsahibəsində rüşvətxorluq və korrupsiya ilə ciddi mübarizə aparıldığını da qeyd etdi. Prezident dövlət məmurlarına bir daha xəbərdarlıq etdi: korrupsiyaya və rüşvətə yol verən istənilən dövlət məmuru və vəzifəli şəxs sərt şəkildə cəzalanacaq. Bu gün Nazirlər Kabinetində, Milli Məclisdə, Prezident Administrasiyasında və yerli icra orqanlarında kadr islahatları davam etdirilir.

Ölkəmizdə hərbi quruculuq prosesləri də davam etdirilir. Yeni müasir silahların alın­ması və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi ən vacib məsələlərdən biridir. Bu işlər davamlı aparılır. Ölkə başçımızın da vurğuladığı kimi, bu gün Ermənistanda istər hakimiyyətdə, istərsə də müxalifətdə revanşist qüvvələr mövcuddur. Bu qüvvələr hər zaman Azərbaycana qarşı təxribat törətməyə çalı­şırlar. Onlar bilməlidirlər ki, Azərbaycan hərbi qulluqçusunun ölümünü heç vaxt bağışlama­yacaq və ermənilər üçün bunun cavabı çox ağır olacaq. Azərbaycan Ordusunda yeni hərbi hissələr yaradılır. Peşəkar və yüksək hazırlıqlı hərbçilərdən ibarət briqadalar təşkil edilir.

Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən elə güclü dövlətdir ki, heç kim onunla zor dilində danışa bilməz.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri,

professor

18 Yanvar 2022 04:28 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə