Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan anlamalıdır ki, Azərbaycanın səbri hüdudsuz deyil

Bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində, Kəlbəcər rayonu istiqamətində vəziyyət yenidən gərginləşib. Belə ki, yanvarın 11-i günorta saatların­da Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

 

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində ad­dımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət daşıyır.

Sərhəddə vəziyyətin vaxtaşı­rı kəskinləşməsi onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məsələsini qısa zamanda həll etmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli teleka­nallara müsahibəsində qeyd edib ki, Azərbaycan sülh gündəliyini Ermənistana təqdim edib və delimi­tasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürüb.

Rusiyanın İnnovativ İnkişaf İns­titutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, politoloq Andrey İvanov Trend-ə bildirib ki, hər kəs başa düşür ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət gərgin qalmaqdadır: “Azərbaycanla Ermənistan arasında sərhədin de­markasiyası vacibdir, belə ki bunun üçün bütün hüquqi mexanizmlər mövcuddur. 2020-ci ildə Bakı, Yerevan və Moskva arasında əldə olunmuş razılaşmanı hər kəs qəbul edir. Heç bir tərəf bu qərarın qanuni­liyini şübhə altına almayacaq. Bun­dan sonra onu daha tez həll etmək məsələsi ortaya çıxır. Bu qərarın icrası nə qədər çox ləngiyəcəksə, müxtəlif təxribatların törədilməsi ehtimalı artacaq".

Rusiyalı politoloq, Siyasi Araş­dırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova qeyd edib ki, bir çox ekspert Azərbaycanla Ermənistan arasındakı sərhəddə bu cür kəskinləşmələri proqnozlaşdırır­dı: “Bu da təsadüfi deyil. Həqiqətən də, çox şey sərhədlərin delimitasi­yası və demarkasiyasından asılıdır. Bəlkə də, Ermənistanın baş naziri Ni­kol Paşinyan bu məsələni həll etmək istəyir, amma daxili qüvvələr, ona təsir göstərən digər siyasətçilər bunu etməyə imkan vermir. Ona görə də məsələ uzanır. Bəlkə də o, hansısa radikal qruplardan, revanşist əhval-ruhiyyədən qorxur. Digər tərəfdən, Paşinyan sadəcə nədən başlamalı olduğunu, hansı yanaşmanı tətbiq etmək lazım olduğunu bilməyə bilər. Bu məsələdə yol xəritələri hazır olmayanadək Ermənistan prosesi uzatmaqda davam edəcək”.

D.Qrevtsova əlavə edib ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub: “Hesab edirəm ki, Vladimir Putin növbəti dəfə Paşinya­na xatırladıb ki, bu cür insidentlərin baş verməməsi üçün sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə qayıtmaq lazımdır. Və bu məsələ həll olunmadıqca, bu cür insidentlər, təəssüf ki, davam edəcək”.

Azərbaycan tərəfi öz mövqeyini ortaya qoyub və sərhədin delimita­siyası və demarkasiyası üzrə işçi qrupun yaradılması prosesinə baş­lamağa hazırdır. Ermənistan isə öz destruktiv mövqeyindən əl çəkməlidir. Əks təqdirdə o, daha pis vəziyyətə düşəcək.

18 Yanvar 2022 04:19 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə