Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Postmüharibə dövründə sosial dəstək işləri daha da genişləndirilib

Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir. Bu istiqamətdə böyük Zəfərlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən 7942 şəxsə 15841 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub, həmçinin 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Həssas kateqoriyadan olan şəhid ailələri və müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb.

Aparılan işlərə nəzər salsaq görərik ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 2021-ci il üzrə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil, müharibə əlillərinə 164 avtomobil verilib. Ümumilikdə ötən dövrdə nazirlik tərəfindən 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Şəhid ailələrinin üzvləri, müharibə işti­rakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. 2021-ci ilin iyun ayında baş­lanan “Məşğulluq marafonu”na 607 işəgötürən qoşularaq 3971 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin olunub. Beş min nəfərlə psixokor­reksiya işləri aparılıb, reabilitasiya müəssisələrində 1300 nəfərə reabili­tasiya və sosial – psixoloji xidmətlər göstərilib. 184 hərbçi yüksək texnolo­giyalı – 4-cü nəsil 193 ədəd protezlə, əksəriyyəti müharibə əlilləri olan 955 nəfər mühərrikli təkərli oturacaq­la, 1197 nəfər 12948 reabilitasiya vasitəsi ilə təmin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il ta­rixli fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara 6 mərkəzi icra hakimiyyəti orqanı və müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində, de­kabrın 24-dən isə 19 rayon və şəhəri də əhatə etməklə üç bölgədə işə baş­layan regional vahid əlaqələndirmə mərkəzlərində 8500 şəxsə xidmətlər göstərilib.

Onu da qeyd etməliyik ki, so­sial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb. Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni ter­rorundan zərər çəkənlərdən ibarət 45 min şəxsi əhatə edib, onlara 50 min xidmət göstərilib.

Eyni zamanda, nazirliyin tabeliyində Sosial Xidmətlər Agent­liyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 2021-ci ildə 337 şəxsə sosial xidmət göstərilib. Hazırda müəssisədə 113 nəfər şəxsə sosial xidmət göstərilir. Onlardan 59-u kişi, 54-ü qadındır. Müəssisədə müasir tələblərə uy­ğun yaşayış və reabilitasiya şəraiti mövcuddur. Burada müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, görmə qabiliyyəti məhdudluğu olan şəxslər və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbələri fəaliyyət göstərir. Şöbələrə qəbul olu­nan şəxslər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur və onların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.

Digər göstəricilərə də nəzər sal­saq görərik ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı - vaxtında ödənişi təmin edilib. Pensi­yalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, o cümlədən yaşa görə pen­siyaların orta aylıq məbləği 8 faiz ar­taraq 358 manata çatıb. Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 milyon manat çox olmaqla 4 milyard 592 milyon manat vəsait ödənilib. 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

2021-ci ildə DSMF tərəfindən 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28 faiz çox olmaqla 417 milyon ma­nat ödənilib. Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

DSMF-nin gəlirləri keçən il 429 milyon manat və ya 9 faiz artaraq 5178 milyon manat təşkil edib. Fon­dun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları ötən il 3843,4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 290,2 milyon ma­nat və ya 8 faiz çoxdur. Sosial sığorta daxilolmaları ilə bağlı illik proqnoz büdcə təşkilatları üzrə 104 faiz, qeyri-büdcə sektoru üzrə 113 faiz icra edi­lib. DSMF-nin 2021-ci ildəki xərcləri əvvəlki ilə nisbətən 132 milyon manat və ya 3 faiz çox olmaqla, 4843 milyon manat təşkil edib.

Onu da qeyd etməliyik ki, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2021-ci ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1 milyon 257 min 400 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan vəsaitin 1 milyon 238 min 800 manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiya­lardan ibarət olub. Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı mü­vafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb. Həmçinin, keçən ilin iyul ayından etibarən DƏMX əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədi ilə işəgötürənlərlə onlayn görüşlərə baş­layıb. Təşkil edilən 30 onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.

ƏƏSMN-dən bildiriblər ki, e-xidmət sahəsində də irəliləyişlər əldə edilib. Belə ki, iki il əvvəl fəaliyyətə başlayan elekton xidmət vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb. Bu xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır. Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imka­nı əldə edir. Demək olar ki, indiyədək 365 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

18 Yanvar 2022 04:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə