Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvardan istiqlalımıza uzanan yol

Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi və özünüdərk prosesində xüsusi yeri var. Bu hadisə tariximizdə hüzn və qürur günü olmaqla iki mühüm əbədiyaşar paradiqmanı özündə ehtiva edir. Ən yeni tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda dərin izlər qoymuşdur. 20 Yanvar məhz belə tarixi hadisələrdəndir. Ordumuzun Vətən müharibəsində qələbəsinin ideoloji təməlində həm də 20 Yanvar faciəsindən başlanan suverenlik, milli birlik, azərbaycançılıq, dövlətçilik amalları dayanır. 20 Yanvar şəhidləri suverenliyi milli təfəkkürümüzün əbədi paradiqmasına çevirə bildilər.

20 Yanvar hadisəsi yalnız tarixi faciə deyildir. Müqayisələr göstərir ki, insanların suverenlik, azadlıq, vətənpərvərlik uğrunda bir araya gələrək verdikləri qurbanlar, ya­şadıqları faciələr gələcək nəsillər üçün qürur, iradə, ideoloji prioritet prinsiplərini də müəyyənləşdirmiş olur. 20 Yanvar hadisəsi də ölkəmizin yeni tarixində məhz belə tarixi hadisələrdəndir. Bu gün həmin hadisəni anan hər bir Azərbaycan vətəndaşının qəlbində belə amallar yaşayır: Azərbaycan-azərbaycançılıq, vətən-vətəndaşlıq, dövlət-dövlətçilik, milli iftixar- milli qürur. Deməli, bu kimi prioritet amalları özündə yaşadan faciə qurbanları həmişə iftixar yerimiz, həmin hadisə isə anım günümüz, hüzn günümüz olmaqla bərabər məqsədlərimizin, dövlətçiliyimizin, azərbaycançılığımızın gələcək uğur­ları, gələcək möhkəmliyinin ideoloji təməl prinsiplərindəndir.

20 Yanvar hadisəsi, eyni zaman­da, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımı­zın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, “bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıt­sa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qüru­runu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”. Doğrudan da, 20 Yanvar hadisəsi ərəfəsi və bu hadisədən sonrakı dövr göstərdi ki, 70 il sovet sistemində yaşamasına baxmaya­raq, azərbaycanlıların vətəndaşlıq düşüncəsini çərçivəyə salmaq müm­kün olmamış, xalqımız tarixi yaddaş və milli özünüdərk keyfiyyətlərini qoruyub saxlamışdır.

Müasir azərbaycanlı multikultu­ral düşüncənin, tolerant təfəkkürün daşıyıcısıdır. Bu fəlsəfənin mahiy-yətində dayanan tolerantlıq bu gün Azərbaycanın siyasi kursunun prioritet paradiqmalarındandır. Bu prinsipin məğzində dayanan mul­tikulturallıq bu gün Azərbaycanın dövlət siyasətinin ana xəttində mühüm məsələlərdəndir. 20 Yanvar hadisəsində ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi şəhidlik zirvəsinə yüksəlmiş, hər bir etno­sun azərbaycançılıq, vətənpərvərlik amalı möhkəmlənmişdir. 20 Yanvar hadisəsi yalnız Ümumxalq Hüzn Günü deyildir. Bu gün həm də Azərbaycan vətəndaşının səsinin dünyaya haray çəkdiyi bir gündür. Bu faciəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, ulu öndər 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, onu hüquqa, demokratiyaya yad, humanizmə zidd hesab etdiyini bildirmişdir.

Həmin andan başlayaraq, gedən proseslər bütün dünya qar­şısında Azərbaycan vətəndaşı üçün müstəqillik ideallarının nə qədər mühüm bir dəyər olduğu­nu göstərməkdədir. 20 Yanvar şəhidlərinin anım günü milli qürur mənbəyimizdir. Belə ki, 20 Yanvar hadisəsi zamanı şəhid olan insan­larımızın, xalqımızın qəhrəman nümayəndələrinin anım anının illər keçdikcə daha da kütləviləşməsi, daha böyük izdihamla müşayiət olunması onu göstərir ki, xalqımız ölkəmizin ərazi bütövlüyü müstəqillik yolunda, dövlətçilik ənənələrinin möhkəmliyi uğrunda birgədir, mütəşəkkildir. Dövlətimizin tolerant ideoloji kursunun təməlində həm də xalqımızın 20 Yanvar hadisəsi kimi çətin anlarda göstərdiyi milli birlik və azərbaycançılıq ideyası dayanır.

Dünya artıq özünün yeni qlobal epoxasını yaşayır. Təəssüf ki, bir sıra münaqişə ocaqlarının davam etməsi dünyanın bəzi dairələri üçün maraq­lıdır. Yalnız müstəqillik, azadlıq, milli birlik, dövlətçilik maraqları ətrafında sıx birləşən xalqların dünyanın ideolo­ji, bioloji təhdidlərindən qorunması mümkündür. Milli birlik bu gün həm də dünyanı bürümüş pandemiya təhdidlərindən qorunmaq yolunda prioritet istiqamət olmalıdır. Yalnız tarixi keçmişi zəngin olan xalqların faciəli məqamlarla üzləşməsi zamanı göstərdiyi qətiyyət və iradə hesabına dünyanın inkişafının yeni səhifələri açılır.

Bu gün Azərbaycan Prezidentinin hərbi-diplomatik uğurları nəticəsində Ermənistanın ərazilərimizdə forma­laşdırdığı hərbi xuntanın darmadağın edilməsi, həm də regionun inkişafı üçün yeni sosial-mədəni, iqtisadi perspektivlərin təməlini qoydu. Mü­asir Azərbaycan iqtisadi baxımdan dünyanın inkişafınıda yeni səhifə açan ölkələrdəndir. Yalnız iqtisadi baxımdan deyil, mədəni, humanitar aspektdən də bu, belədir. Sosial-mədəni kontekstdə mədəniyyətlərin dialoq axtarışlarının müzakirə yerinə çevrilmiş ölkəmiz, həm də tolerantlıq fəlsəfəsini özünün və müttəfiqlərinin ideoloji prioritetinə çevirərək, 20 Yan­var şəhidlərinin amallarını yaşadır və möhkəmləndirir.

Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensia­lının həyata keçirilməsinə mane olan səbəbi aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq münasibətlərin tənzimlənməsində apardığı praqmatik siyasi kurs re­gional sabitliyin yeni ideoloji xəttini müəyyən etdi. Ölkəmizin suverenliyi­nin daha da möhkəmlənməsi ide­yasına səbəb olan 44 günlük Vətən müharibəsi 20 Yanvardan başlanan şərəfli yolun ülvi zirvəsi oldu.

Hüseyn İBRAHIMOV,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,

fəlsəfə doktoru

18 Yanvar 2022 04:14 -

Köhnə versiyamızdan xəbərləri izlə