Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordu quruculuğu daim diqqətdə saxlanılır

Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyəti və milli təhlükəsizliyinin daha da gücləndirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu gün də qarşıya qoyulan əsas vəzifələrdən biridir. Buna görə hazırda Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gerçəkləşdirilməsi daim diqqətdə saxlanılır.

 

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi dərin məzmunlu müsahibəsində də bir daha bildirib ki, işğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri onun gündəliyində hər zaman birinci dərəcəli yer tutub: “Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Təsadüfi deyil ki, biz dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır…”.

 

Dövlətimizin başçısının ötən illərdə daim diqqətdə saxladığı bu məsələni gerçəkləşdirən ən başlıca amil torpaqları­mızın işğal altında saxlanılması ilə bağlı idi. Başqa sözlə, Azərbaycan əzəli-əbədi yurd­larımızın düşmən əlində olması ilə heç vaxt barışmırdı. Necə, hansı yolla (ya sülh, ya da müharibə) olursa-olsun, ərazilərimizin geri qaytarılması qarşıda mühüm, birinci dərəcəli vəzifə kimi dayanırdı. Vətən müharibəsinin gedişində bu, özünü qabarıq büruzə verdi. Qırx dörd gün ərzində Silahlı Qüvvələrimiz düşmən istehkamlarını, maneələrini qəhrəmanlıqla yarıb, möhtəşəm zəfər əldə etdi. Bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü.

Savaşda acı məğlubiyyətlə üzləşən Ermənistan ötən bir il ərzində hələ də özünə gələ, yaşadığı rüsvayçılıqdan dərs çıxara bilmir. Hakimiyyətin revan­şist qanadı ağır sosial-iqtisadi durum­dan xilas olmaq, əhalinin güzəranını yaxşılaşdırmaq barədə demək olar ki, düşünmür. Erməni cəmiyyətinin müəyyən hissəsinin işğalçı iddialardan əl çəkməyə, sülhə gəlməyə gücü çatmır. Azərbaycan Prezidenti müsahibəsində diqqəti bu məqama yönəldərək deyib: “Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən (yanvarın 11-də – müəllif) Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürü­lüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb...”

Burada xatırladaq ki, hazırda da erməni tərəfinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bütün təxribatlara ordumuz layiqincə cavab verir. Bu, Silahlı Qüvvələrimizin 2021-ci ildə də üstünlüyünü tam şəkildə öz əlində sax­ladığını göstərir.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatandan indiyədək işğalçı tərəfin ard-arda aşkar-gizli törətdiyi müxtəlif cinayətləri Azərbaycan Ordusu cavabsız qoymayıb, düşməni yerinə oturdub. Yal­nız bundan sonra Ermənistan rəhbərliyi atəşin dayandırılması barədə yalvarış­lara başlayıb, Azərbaycan isə həmişə olduğu kimi humanizm nümayiş etdirib.

Göründüyü kimi, Ermənistan istər işğal dövründə, istərsə də Vətən müharibəsindən ötən bir ildən çox bir müddətdə vəhşi əməllərindən əl çəkməyib, vaxtaşırı ərazi iddiaları səsləndirib, müxtəlif gizli məqsədləri naminə terror cinayətləri törədib. Bütün bunlar isə Azərbaycanı daim ayıq-sayıq dayanmağa, müdafiə sistemini möhkəmlətməyə, hərbi quruculuğu da­vam etdirməyə vadar edib. Dövlətimizin başçısı ordumuzun gücləndirilməsi amili ilə bağlı sözügedən müsahibəsində deyib: “Burada bir neçə aspekt var. Birincisi, müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontrakt­lar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Növbəti məqam – müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologi­ya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bildiyiniz kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü – Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması. İkinci Qa­rabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar...”.

Prezident İlham Əliyev həmin fikirlərini davam etdirərək, bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan tərəfinin bundan sonra nə etməli olduğunu, hərbi infrastrukturun hansı elementlərinin ölkəmiz üçün ya istifadə edilməməsini, ya çox məhdud formatda işlədilməsini, ya da onların zəif olmasını göstərdi.

Bu il artıq Azərbaycanda yeni hərbi birləşmənin-Komando Qüvvələrinin yaradılmasına başlanılıb. Artıq həmin hərbi birləşmə istənilən hərbi vəzifəni icra etməyə hazırdır, onların sayı durmadan artır. Beləliklə, yeni çe­vik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin qurulması Azərbaycanın hər an öz torpaqlarını, öz sərhədlərini qorumağa hazır olduğunu deməyə əsas verir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində vurğula­yıb ki, Hadrutda fəaliyyətə başlayan hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yara­dılması Azərbaycan üçün yenilikdir. Respublikamızın digər ərazilərində də artıq komando briqadaları yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadirdir.

Yüksək təlim keçən, yüksək iradə göstərən və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilərimiz bu briqadalarda xidmət edəcəklər. Bu, Azərbaycan Ordusunun gücünü daha da artıracaq. Belə briqadala­rın sayı getdikcə artırılacaq, minlərlə hərbçimiz bu hərbi hissələrdə xidmət keçəcək. Beləliklə, Azərbaycanın əsgər və zabit heyəti bundan sonra da öz peşəkarlığını, yüksək mənəvi ruhunu qoruyacaq.

Hərbi ekspertlərin bildirdiyinə görə, Komando briqadaları peşəkar hərbçilərdən qurulmuş, ən yeni si­lah və avadanlıqlarla təchiz olunmuş müntəzəm hazırlıqlı, yüksək hərəkətli desant-hücum qruplaşmalarıdır. Onlar günün istənilən vaxtında, silah­lı münaqişələrin istənilən əməliyyat mühitində, istənilən potensial döyüş əməliyyatları teatrında, o cümlədən dağ-meşə məkanlarında, eləcə də məskunlaşmış ərazilərdə dərhal döyüşə hazır olur. Bu, ümumilikdə silahlı qüvvələrin döyüş hazırlığının əhəmiyyətli dərəcədə artırılmasını ifadə edir. Komando briqadaları, eyni zaman­da, əsas qüvvələrdən ayrı, təcrid olun­muş halda belə müstəqil şəkildə döyüş əməliyyatlarını aparmağa qadirdir.

Başqa bir məqamı da xatırladaq ki, bir müddət bundan əvvəl Kəlbəcər və Laçın rayonlarında hərbi obyektlərin də istifadəyə verilməsi Vətən müharibəsindən sonra ordu quruculuğu ilə bağlı görülən işlər sırasında xüsusi önəm daşıyır. Bu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması­na göstərdiyi diqqət və qayğının bariz ifadəsidir.

Kəlbəcər və Laçın rayonlarında istifadəyə verilən hərbi obyektlərdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarla təchiz edilib. Hərbi hissələr üçün alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin olunub. Silahlanmaya yeni qəbul olunan texnikanın gücü ilə bölmələrin fəaliyyəti daha da operativ xarakter alıb.

Dövlətimizin başçısı yerli televi­ziya kanallarına verdiyi müsahibədə müharibədən sonra törədilən cinayətlərə görə Ermənistan rəhbərliyinə, eləcə də digər revanşist qüvvələrə mesajla­rını da çatdırıb: “Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Vətən müharibəsində parlaq qələbəmizdən irəli gələn inam hissi, savaşda əldə edilən zəngin döyüş təcrübəsi, ötən müddətdə ordu qurucu­luğunun müasir beynəlxalq prinsiplər əsasında gerçəkləşdirilməsi nəticəsində dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələri İkinci Qa­rabağ müharibəsi dövründə olduğundan daha güclü orduya çevriləcək.

Prezident İlham Əliyev sözügedən müsahibəsində, həmçinin qeyd edib ki, ordu quruculuğunda həyata keçirilən bütün bu layihələr, eyni zamanda, bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq duyğusu bizdə arxayınlıq doğurmamalı, erməni tərəfin səhvlərini təkrarlamamalıyıq: “Əlbəttə, belə olmayacaq, lakin hər halda indi mənim hərəkətlərim, o cümlədən hərbi quru­culuq çərçivəsində hərəkətlərim reallıq­lardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haq­qında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, - ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil, - nü­mayiş etdirib ki, biz özümüzü layiqincə qorumağı bacarırıq”.

Sonda qeyd edək ki, dövlətimizin başçısı müsahibəsində hərbçilər qarşısında yeni vəzifələr qoyduğunu bildirməklə, Ermənistana və hava­darlarına bir daha mesaj ünvanlayıb: Azərbaycan bundan sonra da ərazisini qorumaq üçün ordusunu gücləndirəcək, müasirləşdirəcək, istənilən təhdid və təzyiq qarşısında qəti sözünü deyəcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

18 Yanvar 2022 04:13 - SİYASƏT
SİYASƏT
22 May 2022 | 00:39
Zirvədən-zirvəyə

Köhnə versiyamızdan xəbərləri izlə