Ən son xəbərlər
Ukraynada T. Şevçenko adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin əl işlərindən ibarət sərgi təşkil olunub.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərginin açılışında səfirliyin əməkdaşları, hökumət rəsmiləri, müxtəlif ölkələrin Kiyevdəki diplomatik korpuslarının və ictimaiyyətin nümayəndələri, diaspor fəalları iştirak ediblər.
Xalça və rəsm işlərindən ibarət olan sərgidə əsas mövzu Azərbaycan mədəniyyət nümunələri və Qarabağ irsidir. Xüsusilə Qarabağ atları sərginin əsas komponentlərindədir.
Açılışda iştirak edən Ukrayna Mədəniyyət nazirinin 1-ci müavini Rostislav Karandeyev nümayiş olunan əsərlərdə milli komponentlərin aydın ifadə olunduğunu söyləyərək deyib ki, bu, ölkəsinin ictimaiyyəti üçün maraqlı sərgilərdəndir.
T. Şevçenko adına Milli Muzeyin baş direktoru Dmitri Stus Bakıda Xalça Muzeyinə ziyarətini xatırlayaraq təəssüratını bölüşüb: "Hesab edirəm ki, xalçaçılıq qiymətli ənənədir. Azərbaycanın uğurları, qələbələri bizim üçün vacibdir. Uğur qazanmaq asan iş deyil, o cümlədən incəsənət sahəsində. Əvvəlcə həmin sahənin sirlərinə bələd olmaq lazımdır".
Rəssam Eldar Hacıyev bildirib ki, burada rəsm və xalçalarla birgə, ümumilikdə, 25 iş nümayiş olunur: "Bu sərgi Azərbaycanın Ukranadakı səfirliyinin, xüsusilə səfir Elmira Axundovanın xüsusi dəstəyi ilə baş tutdu. Bunun bizim üçün xüsusi önəmi var. Sərgi yanvarın sonunadək davam edəcək".
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə