Ən son xəbərlər
“İki il ərzində COVID –19 pandemiyası şəraitində mövsümi qripə yoluxma halları əhəmiyyətli dərəcədə azalmışdı. Gigiyenik qaydalara daha çox əməl olunması, maskalardan istifadə edilməsi, sosial məsafə prinsiplərinə riayət olunması və gigiyenik həssaslığın artması nəticəsində digər virus infeksiyalarına, xüsusilə də qripə daha az rast gəlirdik. Təəssüflə deməliyəm ki, iki il ərzində biz koronavirus infeksiyasına diqqətimizi yönəltdiyimiz halda, son aylarda qrip infeksiyasını, xüsusilə də “İnfluenza” A və B infeksiyalarını, demək olar ki, unutduq”. Bu fikirləri Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti, pediatr Nigar Sədiyeva bildirib. O sözünə davam edərək deyib:
– Hər il “İnfluenza”ya qarşı həyata keçirilən peyvəndləmənin bu il aparılmaması və gigiyenik qaydalara kifayət qədər əməl edilməməsi, qapalı mühitlərdə olmaq həmin infeksiyaların pik səviyyədə artmasına gətirib çıxartdı. Pasiyentlər, xüsusilə, qızdırma, titrətmə, boğaz, baş, əzələ ağrıları, quru öskürək, halsızlıq şikayətləri ilə müraciət edirlər. Bu, uşaqlar arasında hər il olduğu kimi bu il də gördüyümüz “İnfluenza” infeksiyalarının əlamətləridir. “İnfluenza” qrip adlandırılan, ortomiksoviruslar ailəsinə aid, A, B, C tipləri olan virus mənşəli tənəffüs yolları infeksiyasıdır. Antigen quruluşuna görə fərqli tipləri var. Pandemiyalara da səbəb olur. Həmin infeksiya səbəbindən xəstələrin bizə müraciəti, yüksək hərarət, temperaturun 39 – 40 dərəcəyə kimi artması, şiddətli titrətmə, quru öskürək, boğaz ağrıları şəklində başlayır. Həmin əlamətlər virusun yayılmasına görə deyil, tənəffüs sistemi epitelisindən ifraz olunan sitokinlərlə əlaqədardır. “İnfluenza” infeksiyaları uşaqlarda inağ, bronxiolit, pnevmoniyaya səbəb ola bilir. Bəzi xəstələrdə 2 – 4 gündə əlamətlər biruzə verdiyi halda, immun defisitləri, yanaşı xəstəlikləri olan uşaqlar arasında öskürək, kiçik hava yollarının tıxanıqlığı həftələrlə davam edə bilir. Fəsadları bakterial tənəffüs yolları infeksiyaları, kəskin hemorragik pnevmoniyalar, miokardit, perikardit, ensefalit, aseptik meningitlər, Guillain Barre sindromu, miozitlər, toksik şok sindromu şəklində, bəzən də Reyo sindromu şəklində özünü büruzə verə bilir. Nazofarinqsdən (gəniz, udlağın başlanğıcı) nümunə götürülməklə, xəstəliyin ilk 24 saatda laborator diaqnostikası mümkündür.
N.Sədiyeva diaqnoza uyğun müalicənin iki üsulla aparıldığını bildirib:
– Diaqnoz təsdiqləndikdən sonra “İnfluenza” A və B olmasından asılı olaraq xəstələrə həm simptomatik, həm də etiotrop müalicələr təyin olunur. Düzgün müalicə aparıldıqda ilk 48 saat ərzində simptomlar aradan qalxmağa başlayır. Burada xüsusilə, diqqətli olacağımız bir məqam uşaqların yetərli miqdarda maye tələbatının ödənilməsidir. Qızdırma uşaqlar üçün çox həyəcanverici bir əlamət olduğundan, onun əleyhinə hansı preparatlardan istifadə edilməsinə ailələr, xüsusilə, diqqətli yanaşmalıdırlar. Belə ki, uşaqlar, xüsusilə bir yaşa qədər körpələr arasında hər hansı bir səbəbdən qızdırma halı müşahidə edilən zaman uşaq pediatr tərəfindən müayinə edilməlidir. Xüsusilə, son günlər bizə müraciət edən xəstələr arasında qızdırmanın ishal və qusma ilə müşayiət olunduğu xəstələrin sayı çox artmaqdadır. Bu səbəbdən qızdırmanı ishal və ya qusma müşayiət edirsə, nəzərə almaq lazımdır ki, qızdırma, bədəndən maye və elektrolit itkisini artırır. Nəticədə uşaqlar riskli duruma düşə bilərlər. Ona görə maye tələbatının ödənilməsinə ailələr xüsusilə diqqətli olmalıdırlar.
Mütəxəssis bildirib ki, uşağın yüksək hərarəti varsa, ilk növbədə, fiziki üsullarla temperaturu salmağa çalışmalı, qızdırmalı uşağın titrətməsini görüb daha qalın geyindirməməli, spirtli, sirkəli məhlullarla qızdırmanı salmağa çalışmaq lazımdır. Xüsusilə, 6 ay – 6 yaş arası uşaqlarda qızdırma fonunda febril qıcolmaların ola biləcəyini nəzərə alaraq kiçik yaşlı uşaqlar hərarətli hallarda uşaq həkimi tərəfindən nəzarətdə olmalıdır: “Bu vəziyyətlərdə olan uşaqlar ailə üzvlərinin ümidinə qalmamalı, fon xəstəlikləri olan uşaqlarda daha ağır fəsadların qarşısının alınması üçün həkim müayinəsinin aparılması və laborator üsullarla diaqnozun təsdiqlənməsi, COVID, yoxsa, qrip hallarının diferensiasiya edilməsi vacibdir. Qızdırma yuxarı tənəffüs yolları infeksiyaları, yəni tonzillofaringitlər, influenza, soyuqdəymə, badamcıqların iltihabı, qulaq infeksiyaları, həmçinin həzm sistemi xəstəlikləri, sidikçıxarıcı yolların infeksiyaları kimi səbəblərlə əlaqədar ola bildiyi üçün abses, endokardit, pnevmoniya kimi fəsadların qarşısının alınması üçün vaxtında pediatr müayinəsi, düzgün diaqnozun qoyulub müalicənin başlanması tövsiyə olunur.
“İnfluenza” infeksiyalarında, xüsusilə, müalicə zamanı virus təsdiqləndikdən sonra virus əleyhinə preparatlar yaşdan asılı olaraq təyin edilir. Simptomların müşahidə edildiyi andan etibarən ilk 48 saat ərzində virus əleyhinə dərmanlar, yetərli miqdarda maye və iltihab əleyhinə preparatlar təyin olunur. Reye sindromunun qarşısını almaq məqsədilə, xüsusilə salisilatlar təyin olunmamalıdır. “İnfluenza”nın vaksinasiyasına gəldikdə isə inaktiv və canlı peyvəndlər var. Peyvənd, xüsusilə xroniki ağciyər xəstəliyi, revmatik kardit, diabet kimi riskli xəstəlikləri olan xəstələrə təyin olunur. 6 ay – 18 yaş arası bütün uşaqlara, 6 aya qədər uşaqları olan ailələrə və uşaq baxıcılarına illik qrip peyvəndi tövsiyə edilir. Birincili immunizasiya zamanı 9 yaşa qədər uşaqlara ən az bir ay fasilə ilə iki doza peyvənd aparılır. 6 – 36 ay arasında 0,25 millilitr, 3 – 8 yaş arasında 0,5 millilitr istifadə olunur. Qrip peyvəndinin intronozal verilən canlı peyvəndi də var. Həmin peyvənd, iki yaşadək və astmalı, 2 – 4 yaşlı uşaqlara tövsiyə olunmur. İnfluenza A-nın profilaktikası üçün virus əleyhinə preparatlar yüksək riskli hallarda on gün müddətinə təyin olunur”.
Valideynlərin bugünlərdə daha diqqətli olmaları, uşaqlarında hər hansı dəyişiklik hiss edən kimi sahə və ya ailə həkiminə bu barədə məlumat vermələri tövsiyə olunur. Çünki müalicə nə qədər erkən başlasa, nəticə də o qədər tez əldə edilər və uşaqlar xəstəliyin fəsadlaşmasından uzaq olarlar.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə