Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən qəhrəmanları ilə azad və güclü olur

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli zəfər salnaməsidir. Düşmənin 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı, möhkəmləndiyi torpaqlarımızı ay yarım ərzində azad edən ordumuz dünya hərb tarixinə yeni bir qəhrəmanlıq dastanı həkk etdi. Bu elə bir dastandır ki, onu gələcək nəsillərə çatdırmaq üçün uydurma hekayələrə, şişirdilmiş hadisələrə ehtiyacımız yoxdur. II Qarabağ dastanının qəhrəmanları bizə bir daha sübut etdilər ki, Azərbaycan xalqı 30 il ərzində işğalla barışmayıb, torpaqlarımızın azad ediləcəyi günü gözləyib.

Belə qəhrəmanlardan biri də, Mehman Musa oğlu Yusifovdur. Mehman 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Səkkizuşaqlı ailənin 6-cısı olan Mehman hətta özündən böyük qardaş-bacılarına da qayğı göstərir, zirəkliyi ilə yaşıdlarından seçilirdi. O, 1996-cı ildə Elşad Orucov adına Bayramlı kənd məktəbini bitirmişdir. İki il sonra – 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2002-ci ildə ordudan tərxis olunan Mehman 2002-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sırasına qayıtmışdır. O, 2002-ci ildə gizir hazırlığı kursuna daxil olmuş, daha sonra “N” saylı hərbi hissədə təcrübə keçmişdir. 18 illik xidməti ərzində hərbi biliklərə yiyələnmiş, çoxsaylı təlimlərdə iştirak etmişdir.

Mehman Yusifov 2016-cı ildə Vətən müharibəsinin anonsu hesab edilən Aprel döyüşlərində iştirak etmiş, Lələtəpə yüksəkliyinin azad edilməsində xüsusi şücaət göstərmişdir. Orduda sərgilədiyi nümunəvi xidmətinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, II dərəcəli “qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsinin başladığı ilk gündən döyüşlərə qatılan Mehman əməliyyatlara Cəbrayıl–Füzuli istiqamətində qoşulmuşdur. Müharibənin ilk günlərində gedən ağır döyüşlər zamanı bir neçə əsgər yoldaşı şəhid olan baş gizir Mehman Yusifov 7 nəfərlik kiçik bir dəstə ilə sayca qat-qat çox olan düşmənə üstün gəlmişdir. Qarşılarında olan minalanmış ərazini çətinliklə keçən qəhrəmanlarımız silahı yerə qoymayıb, son gülləyə qədər döyüşmüşlər. Oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mehman Musa oğlu Yusifov doğulduğu, boya-başa çatdığı Bayramlı kəndində böyük izdihamla torpağa tapşırılmışdır.

Baş gizir Mehman Yusifov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Qarabağ” və “Zəfər” ordenləri, “Vətən uğrunda” və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.

Vətən belə qəhrəmanların sayəsində Vətəndir. Ərazi bütövlüyümüz onların sayəsində bərpa edilib. Şəhidlərimiz, qazilərimiz öz qanları, canları, sağlamlıqları bahasına xalqımıza alnıaçıq, başıuca günlər ərməğan edib. Bizim isə ən böyük vəzifəmiz onların əziz xatirəsini unutmamaq, şəhid ailələrinə diqqət və qayğı göstərmək, qazilərin sivil həyatda üzləşdikləri problemlər zamanı onlara dəstək olmaqdır.

Mehman Yusifovun da ailəsi indi bütün bir xalqa, qüdrətli bir dövlətə əmanətdir. Qəhrəmanımızın 3 övladı var. Onlar bütün Azərbaycan xalqı kimi ataları ilə fəxr edirlər. Onun böyük oğlu Məhəmməd böyüyüb əsgər olmaq, atasının şərəfli yolunu davam etdirmək istəyir. Qəhrəmanlarımız haqqında nə qədər danışsaq azdır. Lakin bu kiçik yazını Anadolu türkcəsində dillər əzbəri olmuş bir ifadə ilə bitirmək istəyirəm: “Biz bir ölər, min dirilərik”

Məşdi ZEYNALOV,

Sumqayıt Şəhər Veteranlar Təşkilatının məsul katibi

16 Yanvar 2022 00:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə