Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin xəbərdarlığından düzgün nəticə çıxarmalıdır

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi həm ölkə, həm də beynəlxalq ictimaiyyət nümayəndələri arasında geniş əks-səda doğurub. Dövlət başçımız müsahibəsində həm Ermənistana və onun havadarlarına, həm də qərəzli beynəlxalq təşkilatlara, o cümlədən anti-Azərbaycan qüvvələrə ciddi mesajlar göndərib. Milli Məclisin deputatı Könül Nurullayeva ilə söhbətimiz də bu barədə oldu.

Deputat bildirdi ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində kifayət qədər ciddi mesajlar səsləndirdi. Məsələn, qeyd etdi ki, Ermənistan və ha­vadarları, o cümlədən bir sıra beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətindədir. Bu məsələ ilə bağlı rəsmi Bakı hər zaman olduğu kimi, yenə də konstruktiv və prinsipial mövqeyinə sadiqdir. Hazırda əsas məsələ bölgədə uzunmüddətli sülh və əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaqdan ibarətdir. Müharibədən sonra Azərbaycan bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atıb. Soçi və Brüssel görüşlərində ölkəmizin sərgilədiyi konstruktiv mövqe bunu bir daha təsdiqləyir.

K.Nurullayeva dövlət başçımızın fikirlərini xatırlatdı: “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın”.

Dövlət başçımızın da söylədiyi kimi, faktiki olaraq Ermənistan iki yol arasında qalıb. Amma seçim etməyə məcburdur: “Düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlü­yümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayaca­ğıq” – deyən Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, əslində, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımama­sı üçün haqlı əsasları var. Bununla belə, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan ərazi bütövlüyü məsələsinə də konstruktiv yanaşır. Amma təbii ki, vəziyyət Ermənistanın aqressiyasından asılı olaraq dəyişə də bilər.

K.Nurullayeva bunun Ermənistana ciddi xəbərdarlıq olduğunu dedi. Azərbaycan sülh danışıqlarında da kifayət qədər dözüm göstərdi. Lakin Ermənistanın radikal mövqeyi hərbi əməliyyatların başlaması ilə nəticələndi. Yəni, bu məsələdə də Ermənistanın üzərinə düşürdü. Bu gün də məsuliyyət Ermənistanın üzərindədir.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

16 Yanvar 2022 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə