Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün bütün dünya Azərbaycanı qurucu, Ermənistanı isə dağıdıcı dövlət kimi tanıyır

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində işğaldan azad edilən ərazilərdə dünya tarixində miqyas baxımından bənzəri olmayan bərpa-yenidənqurma proqramına başlanıldığını, özü də bunun heç kimdən yardım istəmədən və almadan Azərbaycanın öz vəsaiti hesabına həyata keçirildiyini vurğulayıb. Bu prosesdə diqqətçəkən cəhət o olub ki, bütün tikinti-abadlıq tədbirləri düzgün strategiya əsasında, ardıcıllıqla görülüb. İlk növbədə, minalardan təmizləmə işlərinə xüsusi önəm verilib. Çünki bu məsələ həll edilmədən həmin torpaqlarda genişmiqyaslı qayıdış proqramının icrası mümkün deyildi. Belə ki, düşmən həm işğal dövründə, həm də əraziləri tərk edərkən, dağıdıb xaraba qoyduğu yaşayış sahələrini başdan-başa minalamışdır. Ona görə də ötən bir il ərzində minatəmizləmə prosesi elektrik xətlərinin, yolların və digər infrastrukturun qurulması ilə paralel aparılıb.

Qarabağ və Şərqi Zəngəzurda icra olunan bərpa-quruculuq layihələrinin miqyası isə Azərbaycanın iqtisadi-maliyyə gücündən xəbər verir. Bu ba­xımdan, təkcə Füzuli Beynəlxalq Hava Limanının qısa zaman ərzində tikilib istifadəyə verilməsi bütün dünyanın diqqətini çəkib. Təbii ki, burada xalq-iqtidar birliyi, insanların torpaq, yurd sevgisi amilləri də önəmli rol oynayıb. Ən başlıcası isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrikliyi, uzaqgörən siyasəti bərpa prosesinin bu cür sürətlə, geniş miqyasda, dağlıq, relyefi çətin ərazilərdə reallaşdırılma­sını şərtləndirib. Dövlətimizin başçısı sözügedən müsahibədə bu barədə de­yib: “Azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. İndi təsəvvür edin, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Oktyabr ayından qar yağ­maya başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yol­dur…”.

Doğrudan da, Qarabağ və Şərqi Zəngəzurun aran hissəsində ol­duğu kimi, dağlıq ərazilərində də, sərhədlərdə də, ilk növbədə, inf­rastrukturun qurulması bir il ərzində bənzəri olmayan bir sürətlə həyata keçirilib. Əks təqdirdə, o yerlərdə işğalçı qüvvələrin təxribatlarının miqyasını, sərhədboyu ərazilərimizdə içəriyə doğru irəliləmələrini təsəvvür etmək elə də çətin deyil.

Bəli, qısa müddətdə dağlıq yerlərdə zəruri infrastruktur qurmaq, hərbi hissələrin sosial şəraitini yaxşılaşdır­maq üçün müvafiq tədbirlər görmək böyük maliyyə-iqtisadi güc, yüksək vətənpərvərlik tələb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bir ildə yaşayış olmayan, minalanan, heç bir infrastruktur yaradılmayan torpaqlarda 7 yarımstansiya işə salmaq əslində böyük fədakarlıqdır: “Xüsusilə, Kəlbəcər rayo­nuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyi­lik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik”.

Azərbaycan bütün bunlarla bərabər, hazırda dünya miqyasında indiyədək qeydə alınmayan bir layihəni- Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunelin çəkilişini reallaşdırır. Eyni zamanda, Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu nəhəng infrastrukturların icrası həm strateji, həm də vətəndaşların həmin ərazilərə qayıdıb məskunlaşmaları baxımından mühüm önəm daşıyır. Çünki payız-qış aylarında Kəlbəcər və Laçına gediş-gəlişin ağır problemlərlə müşahidə edilməsi hamımıza məlumdur.

Onu da qeyd edək ki, ötən bir il ərzində Horadizdən Şuşayadək 101 kilometr uzunluğunda Zəfər yolu, həmçinin Suqovuşan, Laçın, Füzu­li, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Had­rut, Füzuli-Ağdam, Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Zəngilan-Horadiz, Xanlıq-Qubadlı, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomo­bil yollarının, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Eyni zamanda, Zəngilan və Füzulidə “ağıllı kənd” layihələrinin icrası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiri­lib. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Zəngilan və Laçında beynəlxalq hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri reallaşdırılıb.

Azad olunan ərazilərdə quruculuq işləri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. Bu kənd düşməndən təmizlənən torpaqlara qa­yıdışın ilk məntəqəsi olacaq. Kəndin in­şasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Burada enerjiyə tələbat “yaşıl enerji” sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğu­su vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vaakum Günəş kollektorla­rı vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırlmasında istifadə ediləcək.

Bəli, bu gün bərpa-quruculuq işləri dağıdılan, yerlə yeksan edilən Ağ­dam, Füzuli, Şuşa, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl və digər şəhərlərimizdə, kəndlərimizdə aparı­lır. Bu yerlərdə düşmənin vəhşiliyini görəndə erməni mifologiyası xatırla­nır, düşmənin Ermənistanı Qafqazda mədəniyyət ocağı kimi tanıtdırmaq cəhdləri yada düşür. Əslində isə ermənilərin hansı mədəniyyətə, əxlaqa sahib olmaları Qarabağ və Şərqi Zəngəzurda törətdikləri barbarlığın, vandalizmin fonunda aydın nəzərə çarpır.

Yeri gəlmişkən, Vətən müharibəsindən dərhal sonra Azərbaycanın qarşısında duran prioritet vəzifələrdən biri də erməni faşizminin torpaqlarımızda dərin iz salan insanlığa sığmayan əməllərini bütün dünyaya nümayiş etdirmək olub. Prezident İlham Əliyev yerli televiziya kanalları­na müsahibəsində bu barədə deyib: “Biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan dip­lomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz, sadəcə, şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik. Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristian­lığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa apar­maq, məscidləri dağıtmaq, orada donuz saxlamaq. Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri baxıb görsünlər…”.

Azərbaycan isə istər Vətən müharibəsində, istərsə də savaşdan sonra erməni xalqına, bütün dünyaya ləyaqət, əxlaq, yüksək insanpərvərlik nümayiş etdirib. Ona görə də dövlətimizin başçısının sözləri ilə desək, dünyada bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artıb: “Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkin­ci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyan­ması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək”.

Erməni vandallığını, barbarlığını bu gün özləri də etiraf edirlər. Ermənistanın əməkdar artisti Samvel Baginyan sosial şəbəkə hesabında həmvətənlərini əsassız torpaq iddiasından əl çəkməyə çağıraraq, Azərbaycan Ordusunun torpaqları mülki obyektləri dağıtmadan, evlərin pəncərələrini belə sındırmadan ard-arda azad etdiyini vurğulayıb. O, daha sonra soydaşlarının vəhşiliyini Şuşanın timsalında vurğulayıb: “Əgər Şuşa bizə lazım idisə, niyə ermənilər oranı tərk edəndə hər şeyi dağıdıb, məhv edib, yandırıb, qarət edirdilər. Mən onların bunu necə etdiklərini öz gözlərimlə görmüşəm. Hələ mən soydaşlarımın Ağdamı, Cəbrayılı, digər şəhərləri necə talan etdiklərini demirəm. Ermənilər o yerlərdə kütləvi dağıntılar törədirdilər. Əksər ermənilər bunu azərbaycanlılar oraya qayıda bilməsinlər deyə etdiklərini deyirdilər. Məgər bu, idiotizm deyilmi? Məgər bunun vəhşilik və barbarlıqdan başqa bir adı varmı?”.

Digər bir erməni müəllif Ruben Var­tazaryan isə sosial şəbəkə hesabında yazıb: “Mən Ağdam, Zəngilan, Cəbrayıl və Azərbaycanın digər şəhərlərinə televiziyadan tamaşa edəndə dəhşətə gəldim: “Axı bu ərazilərdə necə döyüşlər gedib ki, bir dənə də olsun qapı və pəncərə, yaxud salamat ev qalmayıb? Bəlkə, Ermənistan Ağdam və Zəngilan istiqamətində hidrogen bombasından istifadə edib?!.”.

Ruben Vartazaryan daha sonra yazıb: “Hörmətli oxucular! Yəqin ki, monqol hücumları haqda eşitmisiniz. Təxminən, min il bundan əvvəl monqol­ların düşmənin yaşayış məntəqələrini necə ələ keçirmələri, sonra talan etmələri, daşı-daş üstə qoymamaları haqda təsəvvürünüz var. Siz mütləq buna oxşar bir şey eşitmisiniz. Çün­ki uşaqlarını monqollarla qorxudan insanların əksəriyyəti cəmi min il sonra öz yurd-yuvalarından didərgin düşən azərbaycanlıların əmlakını talamaqla məşğul olurdular”.

Vartazaryan qeydlərinin sonun­da barbar adlandırdığı soydaşlarını Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərə də baxmağa çağı­rıb. O, Şuşadakı Qazançı kilsəsinin əvvəlki görkəminə uyğun təmir edil­diyini bildirməklə, azərbaycanlıların tolerant xalq olduğunu, bütün dinlərə hörmətlə yanaşdıqlarını, ermənilərin 30 il ərzində yerlə-yeksan etdikləri yaşayış məntəqələrinə indi yeni həyat verməklə bu yerləri gülüstana çevirdiklərini bildirib.

V.BAYRAMOV, “Xalq qəzeti”

16 Yanvar 2022 00:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə