Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna ilə Azərbaycan əlaqələri daha da genişlənir

Dünyanın başı üzərini pandemiya kabusunun almasına baxmayaraq, ölkəmizdə nəzərdə tutulan sosial layihələr uğurla icra olunur, dövlət başçımızın beynəlxalq tədbirlərdəki iştirakına və xarici ölkələrə səfərlərinə heç bir problem yaranmır. Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfərində də əsas məqsəd iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirmək, əməkdaşlığı genişləndirmək idi.

Görüşün nəticələri barədə məlumat verən dövlətimizin başçısı məmnunluqla bildirdi ki, təkbətək görüş çox məhsuldar olub. Ukrayna və Azərbaycan uzun illər ərzində uğurla əməkdaşlıq edir, beynəlxalq platformalarda da bir-birinin maraqlarını müdafiə edirlər. İki ölkənin bir-birinin ərazi bütövlüyünü mövqelərin qarşılıqlı surətdə dəstəkləməsi, müdafiə edilməsi əməkdaşlığın yüksək səviyyəsidə olmasından xəbər verir. Bu iki ölkə arasında çox gözəl perspektivlərin göstəricisidir.

Pandemiyanın hələ də davam etməsinə baxmayaraq, Ukrayna ilə Azərbaycan arasında artıq iqtisadi sahədə canlanma müşahidə olunur. İki ölkə arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq davam edir. Ticarət dövriyyəsində də müsbət meyillər mövcuddur. Hər iki ölkə prezidenti arasında müzakirə olunan məsələlər və həyata keçiriləcək layihələr iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik yaradır. Energetika sektorundakı ikitərəfli əməkdaşlığı qeyd etmək lazımdır. Bu baxımdan, Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın uzun illər Ukraynada fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Dövlətimizin başçısı bu fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirdi.

İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, həm də, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsini, onun suverenliyini, dövlətlər arasında mövcud olan birgə layihələri dəstəklədiyinə, belə çətin məqamda – COVID-in fəsadlar törətdiyi bir vaxtda dəvəti qəbul edib Ukraynaya səfər etdiyinə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Tərəflər arasında iqtisadi sahədə, hərbi-texniki, infrastruktur, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sferalarında əməkdaşlıqla bağlı məsələlərin müzakirə edilməsi bu istiqamətdə daha yüksək perspektivlər vəd edir.

Səfər zamanı, həmçinin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Birgə Bəyannamə imzalandı.

Mehman İSMAYILOV,

politoloq

16 Yanvar 2022 00:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə