Ən son xəbərlər
Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanan respublikamızın ilk əlaqə yaratdığı dövlətlərdən biri də SSRİ dövründən sıx əlaqələrimiz olan Ukrayna olmuşdur. Ukrayna MDB məkanında Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Bu iki dövlət arasında nə dəniz, nə də quru sərhədi var. Buna baxmayaraq, Azərbaycanla Ukrayna arasında qarşılıqlı strateji əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Xatırladım ki, bu iki dövlət bir-birinin müstəqilliyini ilk tanıyanlardan olmuşdur.
Ümummilli lider Heydər Əliyev Ukrayna ilə olan münasibətlərin inkişafına xüsusi diqqət göstərmişdir. Bu mənada, həm Ukraynanın dövlət başçıları ölkəmizə, həm də ulu öndər və cənab İlham Əliyev Ukraynaya dəfələrlə rəsmi səfər etmiş, energetikadan müdafiəyə qədər bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımlar atmışlar. Bu fikirləri bizimlə söhbətində AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov bildirdi. O dedi:
– Ulu öndərin iki dövlətin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə göstərdiyi diqqəti bu gün Prezident İlham Əliyev də eyni qətiyyətlə davam etdirir. Biz Ukraynanın dostluğunu 44 günlük Vətən müharibəsində də gördük. Belə ki, II Qarabağ savaşının ilk günlərindən Azərbaycanın haqq işini dəstəkləyən ölkələrdən biri də Ukrayna olmuşdur. Həmin vaxt Ukraynanın xarici işlər naziri Azərbaycanın yanında olduqlarını, ərazi bütövlüyümüzü bərpa etməkdə sona qədər bizi dəstəkləyəcəklərini açıqlamışdı. Biz yaxşı xatırlayırıq ki, bu açıqlamadan sonra ermənilər Ermənistandakı Ukrayna səfirliyinin qarşısında aksiyalar keçirmişdilər. Lakin buna baxmayaraq, Ukrayna geri addım atmamış, hətta Prezident Zelenski Azərbaycana olan dəstək bəyanatını bir daha yeniləmişdi.
Yeri gəlmişkən, qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya rəsmi səfər etdi. Səfər çərçivəsində Birgə Bəyannamə, eləcə də bir çox sahə üzrə yeni əməkdaşlıq müqavilələri imzalandı. Prezident İlham Əliyev bildirdi ki, Ukrayna ilə olan ikitərəli münasibətlərimizin günü-gündən inkişaf etməsi bizi sevindirir.
Dövlətimizin başçısı qeyd etdi ki, iki xalqı keçmişə uzanan dostluq əlaqələri birləşdirir. Bu münasibətlər iki dövlət arasında mövcud olan diplomatik əlaqələrin də təməlidir.
Açıqlamalarda bəhs edilən ən önəmli məsələlərdən biri də pandemiyaya baxmayaraq, keçən il iki dövlət arasında mövcud olan ticarət dövriyyəsinin 20 faizdən çox artması məsələsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, yaxın gələcəkdə ticarət dövriyyəsinin 1 milyard ABŞ dolları səviyyəsinə çatdırılması planlaşdırılır.
Ümumiyyətlə, səfər zamanı, qida təhlükəsizliyi, ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar sahədə əməkdaşlıq, energetika sahəsində əməkdaşlıq, torpaq münasibətlərində əməkdaşlıq haqqında anlaşma memorandumları imzalandı. Ümid edirik ki, bu səfər Azərbaycan–Ukrayna münasibətlərinin genişləndirilməsi, ikitərəfli əlaqələrin gücləndirilməsi baxımından faydalı olacaq.
Hazırladı: İmran ƏLİYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə