Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz güclü bərpaolunan enerji potensialı ilə dünyada tanınır

 

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda 100 faiz özəl investisiya ilə inşa ediləcək 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi bir daha ölkəmizin güclü alternativ enerji potensialı olduğunu göstərdi. Bunu rəsmi göstəricilər də təsdiqləyir. Məsələn, Energetika Nazirliyinin hesablamalarına görə, respublikamızda günəşli vaxt il ərzində 2500-3200 saat arasında dəyişir. Həmçinin Bakı və ətraf ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Ümumiyyətlə, nazirliyin hesablamalarında Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 min meqavat olaraq dəyərləndirilir. Bunun 23 min meqavatı Günəş, 3 min meqavatı isə külək enerjisinin payına düşür.

Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin Günəş enerjisi potensialı 4 min meqavat, külək enerjisi potensialı isə 500 meqavatdır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.

Onu da qeyd edim ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı getdikcə artır. “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamı ilə müəyyənləşdirilən vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanan və 2050-ci ilədək olan dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Artıq bu sahədə pilot layihələrin həyata keçirilməsinə başlanılıb. Yuxarıda qeyd etdiyim “ACWA Power” şirkətinin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasını reallaşdırması təşəbbüsü də bunun parlaq nümunəsidir. Xatırladım ki, ötən il dekabrın 29-da adı çəkilən şirkətlə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin reallaşdırılmasına ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində isə 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulub.

Bu stansiyanın istifadəyə verilməsi ilə il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması, həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına töhfələr verəcək.

Burada bir məqamı da xatırlatmaq istərdim. Belə ki, Prezident İlham Əliyevin ötən il mayın 3-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji mənbələri əsasında “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Bu, dövlətimizin başçısının ölkəmizdə bərpaolunan enerji mənbələri əsasında “yaşıl enerji” zonası yaradılması layihəsinə mühüm önəm verməsinin bariz ifadəsidr. Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində bildirib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik”.

Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını, həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edə bilərlər.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Emin BAĞIROV,

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,

mexanika üzrə fəlsəfə doktoru

 

16 Yanvar 2022 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə