Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liderin uğurunu şərtləndirən önəmli amillər: təmkin, intellekt, prinsipiallıq və uzaqgörənlik

Azərbaycan Prezidenti İlham Əliyevin dövlətə başçılıq etdiyi müddətin zirvəsi, heç şübhəsiz, 30 illik işğala 44 gündə son qoyulması, onun Ali Baş Komandanlığı ilə Silahlı Qüvvələrimizin düşmənə sağalmaz zərbələr vurmasıdır. Bəs bu zəfəri şərtləndirən hansı amillərdir?

30 illik işğal desək də, heç kəsə sirr deyil ki, 30 ilin arxasında da, təqribən 170 illik bir müddət olmaq etibarı ilə, “Qarabağ problemi”nin kökü 200 il əvvəllərə dayanır. Bu uzun müddətdə bölgədə, dünyada nələr olub, necə böyük dəyişikliklər baş verib... Çar Ru­siyası dağılıb, əziyyətə biz düşmüşük. SSRİ dağılıb, yenə biz dağıntılar altında qalmışıq... İrəvan əldən getdi, Zəngəzur itirildi, Göyçə göyçəlilərsiz qaldı və nəhayət, Qarabağın işğalı başlandı. Xocalı soyqırımı kimi insanlıq faciəsi yaşandı... İtirə-itirə ömür sürməyə, daha doğrusu, əlacsız qalmağa məcbur oldu­ğumuz uzun, yorucu, üzücü illərə məhz Prezident İlham Əliyevin ali hakimiyyət illərində son qoyuldu! Bir dövlət başçısı üçün elə yalnız bu fakt tarixin qızıl səhifəsində yer almağa yetərlidir.

İlham Əliyev nüfuzlu ölkə başçısı, müzəffər Ali Baş Komandan, etibarlı beynəlxalq tərəfdaş olaraq ulu öndər Heydər Əliyevin söylədiyi “hakimiyyət xalq üçündür, xalq hakimiyyət üçün de­yil” formulunu təsdiq etdi. Təsdiq etdi ki, o, bütün azərbaycanlıların Prezidentidir və onun lideri olduğu dövlət məsuliyyət və xarakter sahibidir.

Prezident İlham Əliyevin Vətən müharibəsinədək gələn uğur yo­lunun formulunu tezislər şəklində sıralamağa çalışaq:

– Ölkədə sabitlik yaratdı;

– İqtisadiyyatı inkişaf etdirdi, qeyri-neft sektorunun və bölgələrin inkişa­fı – neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində işlər gördü;

– İllər öncədən məhz qurucu Prezident olaraq tanınan İlham Əliyev bir həqiqəti qəbul və tətbiq etdi: Onun hakimiyyəti illərində çəkilən yollar, tikilən körpülər bəlkə də, 70 ildə sovetlərin respublikamızda çəkdiyi yollardan daha uzun və çox olar;

– İlham Əliyevin sayəsində ordu quruculuğu, milli müdafiə sənayesi sahəsində konkret addımlar atıldı, öz silahlarımız, habelə etibarlı tərəfdaş, dost, qardaş ölkələrlə birgə hərbi məhsul istehsalı təmin edildi;

– Qardaş Türkiyə və Pakistanla birgə hərbi təlimlər də İlham Əliyevin ali hakimiyyət illərinin payına düşür;

– Dövlətlərarası əlaqələr xalqlara­rası, ölkələrarası sıx işbirliyinə çevrildi. Hətta, dostlarımızla dostluq, qardaşla­rımızla qardaşlıq dərinləşdi. Çoxvek­torlu xarici siyasət kursu Azərbaycanın dövlət maraqları zəminində inkişaf edərək, ölkəmizə yeni dostlar qazandır­dı. Respublikamızın BMT Təhlükəsizlik Şurasının ilk dəfə qeyr-daimi üzvü seçil­diyini məmnuniyyətlə xatırlayırıq. O da təsadüfi deyil ki, İlham Əliyev hazırda BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədri, ötən aylaradək,Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) sədri idi. Həmin beynəlxalq birliklər, eləcə də, ikitərəfli işbirlikləri bizim digər sahələrdəki uğurlu addımlarımız üçün çox önəm daşıyır;

– Azərbaycanın xarici siyasətində keçmiş Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə (yəni, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktına) beynəlxalq və ədalətsiz münasibəti ya neytallaşdırdı, ya da haq­qı müdafiə modelinə keçirməyi bacardı;

– Sosial sahədə gerçək addım­lar atıldı. 750-dən çox xəstəxana ya yenidən tikildi ya da, əsaslı təmir edildi. Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu artıq yüksək stan­dartlara cavab verir;

– Təhsildə keyfiyyət: birbaşa dövlət büdcəsi hesabına, yaxud, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu vasitəsi ilə onlarca məktəb tikildi, genişləndirildi, əsaslı bərpa edildi, ava­danlıqlarla təchiz edildi;

– Yeni kadrlar yetişdirildi, onlar dövlət idarəetmə sistemində irəli vəzifələrə çəkildi;

– Gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində planlı işlər görüldü;

– Azərbaycan kosmik ailənin üzvü oldu. 3 peykimiz öz “orbit”ində hərəkət edir;

– Vətəndaş cəmiyyəti quruculuğu sahəsində bəlli bir məsafə qət edildi. Milli donor institutları yaradıldı;

– “ASAN xidmət”, “DOST” Mərkəzi, “SƏLİS” xidmət, “YAŞAT” Fondu və b. Azərbaycan intellektual brendləri yaradıldı;

– Eks-prezidentlər haqqında Qanun da İlham Əliyevin ali hakimiyyət illərinin məhsuludur...

– Multikultiralizm, sivilizasiyalar və mədəniyyətlərarası dialoq mühiti gücəndirildi, yaxud, yeni kulturoloji ocaqlar yaradıldı;

– Azərbaycan milli mədəni irsinin dünya çapında qorunması mövzusuna həssas yanaşdı, UNESCO, ISESCO çərçivəsində uğurlar əldə edildi;

– Respublikamızda idmanın inkişafı, o cümlədən ölkəmizdə beynəlxalq id­man yarışlarının keçirilməsi sahəsində ciddi ənənələr yaradıldı və s.

Biz bu tezislər siyahısını yetərincə uzada bilərik. Çünki, İlham Əliyevin hakimiyyəti illərində həyata keçirdiyi böyük işlər geniş danışmağa əsaslar verir. Biz bütün bu əsasları 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin mayındakı Günnüt əməliyyatı, 2020-ci ilin iyu­lundakı Tovuz döyüşləri, nəhayət, 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu sürətli əks-hücumla başlanan 44 günlük Vətən müharibəsində gördük, qürurlan­dıq, ordumuzla, dövlət-xalq birliyimizlə, Ali Baş Komandanımızla fəxr etdik! Beləliklə, 30 illik düşmən işğalına son qoyuldu, düşmən üzərində tarixi zəfər təmin edildi, işğalçıları “iti qovan kimi” qovduq.

Bəli, 44 günlük Vətən müharibəsində tarixi nəticə 44 günün, 4 ayın, 4 ilin işi olmaqla qalmayıb, uzunmüddətli ardıcıl işlərin bəhrəsini, lider qətiyyətini, Prezident prinsipial­lığını aydın göstərir. Bu yerdə onu da xatırladaq ki, Xocalı soyqırımının, eləcə də Azərbaycan həqiqətlərinin dünyada gərəkli səviyyədə yayılması yönündə bəlli işlər görülüb və görülməkdədir. Bir neçə il öncə, Xocalı Soyqırımı Günündə Azadlıq Meydanından “Ana harayı” abidəsinədək izdihamlı yürüş təşkil edən dövlət başçısı bu il Şəhidləri Anma Günündə Vətən Müharibəsi Qəhrəmanının, xanımı isə Gəncəyə Ermənistandan atılan raketlə şəhid edil­miş körpə qızın portretini tutaraq yenə Azadlıq Meydanından Hərbi Qənimətlər Parkınadək yürüş etdi.

8 Noyabr Zəfər Günü ərəfəsində isə Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin bir qrupunun orden və medallarla təltif edilməsi haqqında Prezident sərəncamı verildi. Öncəki yubileylərində qaçqın və məcburi köçkün şəhərciklərinə səfər edən, öz ad günlərini qaçqın və məcburi köçkünlərlə, əsgərlərlə keçirən dövlət başçısı, 44 günlük müharibədən ötən aylarda dəfələrlə, işğaldan azad edilmiş bölgələrə səfər etdi. Qalib əsgər və zabitlər ilə hər görüş, azad edilmiş ərazilərdə tikilən hər körpü, qazılan hər tunel, çəkilən hər yol hansi gunə düşürsə, o, onun üçün əziz gün deməkdir. İlham Əliyev rəsmi açılış­lar etdiyi, rəmzi qırmızı lenti kəsdiyi günlərdə öz ad günündə olduğundan az sevinmir: ucalan binalar, işə salınan müəssisələr, açılan yollar, dalğalanan bayraqlar onun könlünü fərəhlə doldu­rur. Rəhbərin ovqatı cəmiyyətə sirayət edir. Biz qalib xalqıq və bundan sonra həmişə qalib xalq olaraq yaşayacağıq! Bu sözün də, gerçəkliyin də müəllifi odur – İlham Əliyev!

Bir sözlə, müharibədən ötən bir ildə Prezidentin Qarabağa, Şərqi Zəngəzura səfərləri, o səfərlərdə verdiyi ismarıclar, “Qarabağın hava qapısı” Füzuli Hava Limanını qardaş Türkiyə Cümhurbaş­qanı ilə birgə açması, yenə qardaş ölkə başçısı ilə “Şuşa Bəyannaməsi” imzalaması, Şuşanı Mədəniyyət Paytaxtı elan etməsi daxil olmaqla gördüyü işlər 1 ilə sığmır. Sürət və keyfiyyət, məzmun və mahiyyət, tarix və gələcək, işğalçının iç üzünü və torpağın əsl yiyələrinin həqiqətlərini dünyaya göstərmək – İlham Əliyev bunları çox yaxşı uzlaşdırır!

Şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının, müharibədən zərər çəkmiş vətəndaşlarımızın qayğıları ali dövlət rəhbərliyinin diqqət-qayğısında olmaqla yanaşı, ayrıca, “YAŞAT” Fondu təsis edilib, icra hakimiyyətlərində müvafiq şöbələr yara­dılıb və s. Dövlət başçısının təşəbbüsü ilə şəhidlərimizin, qazilərimizin təltif olunması üçün yüksək ordenlər, medallar, habelə Vətən Müharibəsi Qəhrəmanı fəxri adı təsis edilib. Müva­fiq olaraq, şəhid ailələri, Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanları üçün Prezident təqaüdləri təsis edilib. Şəhid ailələrinə, qazilərə, qüsursuz xidmət illəri keçirmiş hərbçilərimizə fərdi yaşayış evi tikilib, yaxud, mənzillər verilib. Və bu istiqamətdə sosial siyasət dayanmadan davam etdirilir.

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, azadlıqdan abadlığa, işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçidlə şərtlənir.

Gələcəyimiz bugünümüzdən daha güclü, daha çiçəkli olacaq!

Əkbər QOŞALI,

yazıçı-publisis

16 Yanvar 2022 00:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə