Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bütün kommunikasiya xətlərinin açılması bölgədə yeni inkişaf mərhələsinin təməlini qoyacaq”

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun konfrans salonunda bu ölkədə təhsil alan xarici ölkə tələbələri qarşısında “Türk Dövlətləri Təşkilatı və Azərbaycan” mövzusunda çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri, tarixi Qarabağ zəfəri və sonrakı proseslərdən danışan səfir ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından da bəhs edib.

Keçmiş Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələrindən danışan səfir təəssüflə bildirib ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti Azərbaycana ağır maddi və mənəvi ziyan vurub. Azərbaycan BMT-nin məlum dörd qətnaməsi başda olmaqla, beynəlxalq qanunların verdiyi hüquqdan yararlanaraq ərazi bütövlüyünü bərpa edib.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ayrı-ayrı istiqamətlərinə toxunan diplomat vurğu­layıb ki, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların hasilatı və nəqli Azərbaycan və Türkiyənin kompleks inkişafı­nın təməlini təşkil edir. Hazırda Azərbaycanın hasil etdiyi neft və qaz bir neçə xətt vasitəsilə dünya bazarlarına çıxarılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan səfir Rəşad Məmmədov əminliklə bildirib ki, bütün kommunikasiya xətlərinin açılması bölgədə yeni inkişaf mərhələsinin təməlini qoyacaq.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının təsisçi üzvlərindən biri olduğunu xatırladan səfir məntiqi mülahizələrə və faktlara isti­nad edərək deyib ki, ölkəmizin Avrasiyada mühüm tranzit məkana çevrilməsi Təşkilatın gələcək fəaliyyəti üçün böyük perspektivlər açır. Azərbaycanın son illər həyata keçirdiyi daxili infrastrukturun qurulması layihələri beynəlxalq imkanlara malikdir. Bu imkan­lardan səmərəli istifadə etmək bütün region ölkələri, o cümlədən Türk Dövlətləri Təşkilatı üçün səmərəli və faydalıdır.

Sonda sualları cavablandıran səfir Rəşad Məmmədov Strateji Düşüncə İnstitutuna kitablar hədiyyə edib.

16 Yanvar 2022 00:26 -

Köhnə versiyamızdan xəbərləri izlə